16 Yanvar 2017 16:56
1 198
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Təfəkkür" Universitetinin bağlanmasını təhsil eksperti Kamran Əsədov şərh edib.

Teleqraf.com-a açıqlama verən ekspert hesab edir ki, bu universitetlərin təhsil sahəsində açdığı yaralar çətin ki uzun müddət unudulsun: “Son belə ağır zərbəni Azərbaycan Beynəlxalq Universiteti vurmuşdu. Ondan sonra insanların özəl ali təhsil müəssisələrinə inamı azalmışdı.

Daha sonra bağlanan universitetin tələbələri başqa özəl universitetlərə köçürüldü. Bu siyahıya "Təfəkkür" Universiteti də daxil olur. Bu, gözlənilən idi. 2016-ci ildə ali məktəblərə qəbul imtahanlarından sonra plan yerlərinə yetərincə abituriyent toplaya bilməyən universitetin bağlanacağı qaçılmaz idi.

Təsəvvür edin, "Odlar Yurdu" Universiteti 2016-cı ildə elan etdiyi plan yerinin cəmi 11 faizinə tələbə qəbulu apara bildi, 89 faiz yer boş qaldı”.

Kamran Əsədov deyir ki, "Təfəkkür" Universitetinin aqibətini Kooperasiya Universiteti də gözləyir: “Aparılan sorğulardan da məlum olur ki, tələbələrin böyük əksəriyyətinin "Odlar Yurdu", "Təfəkkür" və Kooperasiya universitetilərindəki smestr imtahanlarından böyük narazılığı var. Bu ali təhsil müəssisələrində tələbələrin öz savadları ilə imtahanlarda müsbət qiymətlər alması mümkün deyil. Amma xarici ölkələrdən tələbələrin böyük hissəsinin bu universitetlərə köçürmə alması onları ayaqda saxlayan amillərdən idi.

Bu ildən Azərbaycan ərazisində tələbə köçürülməsi vahid qaydada Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcəyinə görə onlar bu gəlirdən də məhrum oldular.

Dünyada ali təhsil müəssisələrinin gəlirinin böyük hissəsi onların ixtiraları, bizdə ancaq tələbənin təhsilhaqqı hesabına formalaşır”.

Ekspert qeyd edib ki, hazırda Azərbaycanda 54 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Bir neçə universitetin bağlanması ali təhsil sahəsinə o qədər də böyük təsir göstərməyəcək: “Bu, digər universitetlərin rəqabət qabiliyyətinin artırılmasına xidmət edəcək.

Özəl ali təhsil müəssisələrinin böyük əksəriyyəti ailə üzvlərinin idarə etdiyi qəbiləni xatırladır. Rektordan tutmuş qapıçıya qədər hamısı qohumdur. Əlbəttə, belə mühitdə təhsil inkişaf edə bilməz”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər