24 Yanvar 2017 15:35
979
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İnsanlar arasında qrip epidemiyası ilə bağlı ajiotaj yaranıb”.

Bunu Teleqraf.com-a açıqlamasında ölkə üzrə baş infeksionist Cəlal İsayev deyib.

Onun sözlərinə görə, Azərbaycanda həmişə olduğu kimi indi də mövsümi qrip yayılıb: “İnsanlar özlərini yoluxmadan və qrip epidemiyasının ağırlaşmasından qorumalıdırlar. Əhali düşünür ki, qrip zamanı peyvəndlərdən istifadə etmək yaxşıdır. Amma hər hansı bir qripdən qorunmaq üçün vurulan peyvəndlər o qədər mühüm rol oynamır.

Çünki peyvənddən sonra bir virusa qarşı yaranan immunitet digər virusdan qorumur. Biz bilməliyik ki, əvvəldən hansı virus yayılacaq və o peyvəndi tətbiq etməliyik. Peyvəndin profilaktika məqsədilə istifadə olunması əhəmiyyət kəsb etmir.

Orqanizmin möhkəmləndirilməsi qripə yoluxan zaman xəstəliyin yüngül keçməsinə kömək edə bilər”.

Baş infeksionist deyir ki, yayılan qrip infeksiyanın “Honkonq qripi” olduğunu demək düzgün deyil: “Respublika Taun Əleyhinə Stansiyanın verdiyi məlumata görə, “Adena” virusu və digər viruslar da tapılıb. “Honkonq” virusu da tapıla bilər. Bunların elə bir əhəmiyyəti yoxdur.

Qripdə ölüm faizinin detallıq dərəcəsi 4-10 faiz arasında dəyişir. O gün xəbər yayıldı ki, Rusiyada qripdən ölüm hadisəsi baş verib. Təbii ki, vaxtında insan özünə baxmasa, ağırlaşma olacaq və ölüm hadisəsi də baş verəcək. Qripin uşaqlarda, yaşlı insanlarda ağır keçmə ehtimalı daha yüksəkdir. Çünki onların orqanizmlərinin immuniteti son dərəcə zəifdir. Qripə yoluxan şəxs hərarət dövründə yataq şəraitinə riayət olmalıdır. Buna əməl edilməsə fəsadların baş verməsi qaçılmaz olacaq”.

Cəlal İsayev qrip infeksiyalarından qorunmağın yolları haqda da danışıb, məsləhətlərini verib: “İnsanlar sağlam həyat tərzi keçirməli, açıq havada gəzməlidirlər. Qripdən qorunmaq üçün meyvə-tərəvəzdən gen-bol istifadə etməlidirlər. Yaxşı olar ki, gündə bir dəfə bir baş soğan və bir dilim sarımsaq yesinlər. Cökə yarpağı dəmləməsi, zəncəfil çayı içsinlər. Bunlar qripin yüngül keçməsini kömək edər”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər