“Azərbaycanda “Kütləvi informasiya vasitələri haqqında” qanuna internet media ilə bağlı bir sıra əlavələr edilməsi vacibdir”.
Teleqraf.com xəbər verir ki, bu fikirləri “Gündəlik Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı bu gün Milli Məclisdə aparıcı KİV-lərin rəhbərlərilə parlament rəhbərliyi arasında keçirilən görüşdə çıxışı zamanı bildirib.
Görüş zamanı A.Camalqızı konkret təkliflərlə çıxış edib: "Bilirsiz ki, Azərbaycanda “Kütləvi İnformasiya Vasitələri haqqında” qanun mövcuddur. Bu qanun kifayət qədər peşəkar hazırlansa da, yaşadığımız dövr dəyişməkdə, inkişaf etməkdə davam edir. Çox təəssüf ki, yazılı media artıq öz aktuallığını itirməkdədir və indiki çağırışlara cavab verə bilmir. Çox yaxşı olar ki, “Kütləvi İnformasiya Vasitələri haqqında” qanuna bəzi əlavə və dəyişikliklər edilsin. Konkret olaraq, internet media ilə bağlı əlavələr edilərsə, bu daha faydalı olar”.
A.Camalqızı qeyd edib ki, internet media yeni yarandığı üçün özü ilə müəyyən problemlər gətirib: “Bəzən biz həmin problemlərin qarşısında doğrudan da çarəsiz qalırıq. Nəticədə Azərbaycanda əksər media orqanları bir-birini təkrarlayır, eyni məzmunlu materiallar yayırlar. Bir çox jurnalistlərin zəhmət çəkib hazırladığı materialları icazəsiz istifadə edən bəzi media orqanları var. Həmin media orqanları digər xəbər saytlarının zəhmət çəkib hazırladığı xəbərləri öz məhsulu kimi istifadə edirlər. Hesab edirəm ki, qanunda bu sərhədləri konkret olaraq göstərmək və müəyyən etmək çox vacibdir. Bu gün mən internet media ilə bağlı xeyli sayda nöqsanları sadalaya bilərəm. Bu məsələ aktuallaşarsa, biz bunu yazılı şəkildə də təqdim edə bilərik”.
O bildirib ki, Milli Məclis Azərbaycanın kifayət qədər nüfuzlu və mötəbər təsisatıdır: “Media-parlament münasibətləri hər zaman aktual olub. Ona görə də bu gün keçirilən görüş çox böyük əhəmiyyət kəsb edir. Digər tərəfdən də təqribən bir ildən sonra Azərbaycan parlamentinin 100 yaşı tamam olacaq”.
A.Camalqızı Azərbaycanda xarici dillərdə fəaliyyət göstərən media orqanlarının sayının artırılmasına böyük ehtiyac olduğunu söyləyib: “Burada xarici dildə yayımlanan media orqanları ilə bağlı da çıxışlar oldu. Təbii ki, Azərbaycanın ümumi problemləri, o cümlədən Dağlıq Qarabağ problemi və Xocalı soyqırımı ilə bağlı məsələlərin dünyaya çıxarılması çox vacibdir. Bu istiqamətdə dövlət, Milli Məclis, media və QHT-lər tərəfindən çox böyük işlər görülür. Azərbaycanda xarici dillərdə fəaliyyət göstərən media orqanlarının sayı nə qədər çox olarsa, bundan ilk növbədə dövlətimiz qazana bilər. Ona görə də mən burada fürsətdən istifadə edib, Bahar xanım, sizdən xahiş edirəm ki, Azərbaycanda xarici dillərdə fəaliyyət göstərən media orqanlarına böyük ehtiyac olduğunu nəzərə alıb, onların sayının artırılması ilə bağlı məsələ qaldırasınız”.
A.Camalqızı həmçinin təklif edib ki, Azərbaycanda Xocalı adı ilə bağlı olan və bir neçə xarici dildə fəaliyyət göstərən saytlar yaradılsın: “Bu yaxınlarda təsadüfən internetdə Xocalı ilə bağlı bir sayta rast gəldim. Araşdırma aparıb maraqlandım, həmin sayt erməni QHT-si tərəfindən yaradılıb və 6 dildə fəaliyyət göstərir. Həmin saytda Azərbaycan əleyhinə, yalan təbliğat materialları yerləşdirilib. Azərbaycan dilində də yazılar yerləşdirilir. Ermənilərin bu cür təbliğatları və Azərbaycana qarşı informasiya müharibəsi intensiv xarakterlidir. Həmin saytla tanış olandan sonra çox narahat oldum. Hesab edirəm ki, Azərbaycanda da Xocalı ilə bağlı çoxdilli sayt yaradılmalı və erməni təbliğatını vaxtında ifşa etməlidir. Bu işi biz də öz üzərimizə götürə bilərik. Bunun üçün bizim kifayət qədər peşəkar kollektivimiz var. Bunun üçün dövlət tərəfindən bizə kiçik dəstək verilərsə, həmin işi yüksək səviyyədə görə bilərik. Bu, dövlətimiz üçün də aktual məsələdir. Bu gün ermənilər Azərbaycana qarşı çox ciddi informasiya müharibəsi aparırlar. Biz də ermənilərin öz üsulundan istifadə edərək, onlara qarşı daha tutarlı addımlar ata bilərik”.
Görüş zamanı çıxış edən “Strateq.az” saytının baş redaktoru Elxan Şükürlü və digər media rəhbərləri Aynur Camalqızının internet media ilə bağlı təkliflərinə dəstək verdiklərini bildiriblər.