Bu gün Azərbaycanda ilaxır çərşənbə qeyd olunur. Hər il olduğu kimi bu il də axırıncı çərşənbə münasibəti ilə Bakıda Novruz şənliyi təşkil edilib.
Səhər saatlarında metronun “İçərişəhər” stansiyası və Bakı Şəhər İcra Hakimiyyəti binasının qarşısından Novruz personajları – Bahar qızı, Kosa, Keçəl, Dədə Qorqud və musiqi qruplarının iştirakı ilə dəvələr, atlar, faytonlar Suraxanı “Atəşgahı”na yola düşüb.
Bayram karvanı Bakı Şəhər İcra Hakimiyyətindən hərəkətə başlayaraq İstiqlaliyyət küçəsi, “Beşmərtəbə dairəsi”, Heydər Əliyev Sarayının yanından keçməklə metronun “Sahil” stansiyası, Hökumət evi, Ali Məhkəmənin qarşısından hərəkət edib Heydər Əliyev prospektinə çıxacaq və metronun “Koroğlu” stansiyasından Hava limanı avtomagistralı ilə hərəkət edib.
Karvan yol boyunca paytaxt sakinlərinin marağına səbəb olub. Onlar Novruz personajları ilə fotolar çəkdiriblər.
Qeyd edək ki, “Atəşgah”dan od götürən bayram karvanı geriyə qayıdaraq hava limanı avtomagistralı, Heydər Əliyev prospekti, 28 May küçəsini keçərək Heydər Əliyev Sarayının arxasından keçməklə “Fəvvarələr meydanı”ndan “Gənclər meydanı”na gələrək bayram tonqalı alovlandırılacaq. Dədə Qorqudun Novruz xeyir-duası ilə saat 19.00-da paytaxtın mərkəzində incəsənət ustalarının iştirakı ilə bayram konserti və atəşfəşanlıq olacaq.
Elçin MURAD