Aprelin 6-da Dövlət Miqrasiya Xidməti (DMX) və Avropa İttifaqının (Aİ) birgə təşkil etdiyi “Avropa İttifaqı üzv dövlətlərində məqsədli nikahların aşkar edilməsi prosedurları və bu halların aradan qaldırılması ilə bağlı tətbiq edilən qanunvericilik” mövzusunda seminar işə başlayıb.
DMX-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, seminarda Xidmətin miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi Vahid Qəhrəmanov miqrasiya idarəetmə mexanizminin təkmilləşdirilməsi, miqrasiya proseslərinin idarəolunması və tənzimlənməsi məqsədilə həm qanunvericilik, həm də onun tətbiqi ilə bağlı dövlət tərəfindən həyata keçirilmiş əsaslı tədbirlər barədə məlumat verib.
Tədbirdə Azərbaycanın miqrasiya qanunvericiliyinə əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, ölkə ərazisində yaşamalarının əsasları və müddətləri, eləcə də nəzərdə tutulmuş digər müvafiq normaların tətbiqində sadələşdirilmələr diqqətə çatdırılıb.
Misal olaraq göstərilib ki, Azərbaycan vətəndaşı ilə nikahda olan, qaçqın statusunun verilməsi üçün vəsatət verən, qaçqın statusu almış və ya siyasi sığınacaq verilmiş şəxslərə, eləcə də himayəsində 18 yaşına çatmamış və ya birinci qrup əlil Azərbaycan Respublikasının vətəndaşı olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin alınması tələb olunmur.
Seminarda Xidmət tərəfindən miqrasiya proseslərinin tənzimlənməsi, qanunsuz miqrasiyaya qarşı mübarizə və əldə edilən nəticələrdən də söhbət açılıb.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi adından proqram meneceri Alessandro Budai çıxış edib və seminarın işinə uğurlar arzulayıb.
Seminarda Belçika, Niderland, Slovakiya, Litva və Böyük Britaniyadan ekspertlər, həmçinin ölkəmizin bir sıra dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.
“Avropa İttifaqında mövcud vəziyyət: Aİ vətəndaşlarının azad hərəkətinə dair Aİ Qanununun kontekstində Aİ vətəndaşları ilə digər ölkələrin vətəndaşları arasında məqsədli nikahların aşkarlanmasına dair təlimat”, “Ailələrin vəhdəti hüququndan sui-istifadə: Aİ üzv dövlətlərində məqsədli nikahlar” barədə məruzələr təqdim olunub. Mövzuya Avropa və beynəlxalq hüquq kontekstindən yanaşmalar, məqsədli nikahlara dair Belçika, Slovakiya və Litvanın milli qanunvericiliklərinə dair çıxışlar iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Seminarın işi aprelin 7-də yekunlaşacaq.