Bu gün Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycanın yük aviaşirkəti "Silk Way Airlines"-a məxsus yeni "Boeing 747-8F" təyyarəsinin gətirilməsi ilə əlaqədar rəsmi mərasim keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirdə "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov, "Silk Way Holding"in Prezidenti Zaur Axundov, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta, ABŞ-ın Azərbaycandakı səfirliyinin iqtisadi şöbəsinin rəhbəri Karter Uilbur və digərləri iştirak edib.
Yeni gətirilən təyyarə "Silk Way Airlines" üçün aviaşirkət tərəfindən istismar olunacaq artıq onuncu "Boeing" tipli və beşinci "Boeing 747-8F" tipli təyyarədir.
Beləliklə, təyyarənin gətirilməsi "Silk Way Airlines" şirkətinin "Boeing" korporasiyası ilə genişmiqyaslı əməkdaşlıq proqramının birinci mərhələsinin uğurla başa çatması deməkdir. Proqram çərçivəsində alınan hava gəmilərinin ümumi dəyəri təxminən 1 milyard ABŞ dolları təşkil edir ki, bu da Azərbaycanın özəl müəssisələrinin fəaliyyəti və inkişafı tarixində ən böyük layihədir.
İlhamə ƏBÜLFƏT