17 Avqust 2017 16:02
1 491
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Karen Karapetyanın işğal altındakı Kəlbəcər rayonu ərazisində mineral su istehsal edən zavodun açılışında iştirakı xəbərini erməni saytları yazıb, həmişəki kimi bizim saytlar da olduğu kimi yayınlayıb.

Teleqraf.com xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

O, sözügedən zavodun açılışını göstərən 3 dəqiqəlik videonu izlədiyini bildirib: “Uşaqlıqda bir neçə dəfə Kəlbəcərdə olmuşam və bu xatirələrdən çıxış edərək erməni nazirin məhz Kəlbəcərdə zavod açdığını söyləmək mənim üçün çətindir. Həmin videoya əslən Kəlbəcərdən olanlar baxıb həmin yerin dəqiq hara olduğunu müəyyənləşdirə bilərlər.

Ancaq Karen Karapetyan qeyri-qanuni olaraq Dağlıq Qarabağa gəlmədən də bilirik ki, ermənilərin gözü hər zaman Kəlbəcərin isti suyunda olub. Uşaqlıqda atamla dağ yolları ilə Kəlbəcərdən Ermənistanın Cermuk rayonuna getmişdik. Orada da mineral su vardı, ancaq ermənilər özləri etiraf edirdilər ki, Kəlbəcərin isti suyu daha keyfiyyətlidir”.

Elxan Şahinoğlu bildirib ki, əgər Karen Karapetyanın Kəlbəcərdə mineral su zavodu açdığı təsdiqlənərsə, buna veriləcək iki reaksiya var: “Birincisi, Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama yayaraq bəyan etməlidir ki, Şuşa, Kəlbəcər, Laçın və ermənilərin heç zaman yaşamadıqları digər işğal altındakı ərazilərdə istənilən məskunlaşma və tikinti işləri təxribat kimi qiymətləndiriləcək, bu halların təsdiqlənməsi danışıqların dayandırılmasını və Azərbaycan ordusunun müvafiq tədbirlər görməsini şərtləndirəcək.

İkincisi, ATƏT-in Minsk Qrupunu bir daha oyatmaq lazımdır. “Üç meymun”u oynayan (görmürəm, eşitmirəm, danışmıram) həmsədrlərə də anlatmaq lazımdır ki, Kəlbəcərdə nəyin tikildiyini araşdırsınlar və əgər tikilən obyekt işğal ərazisinə aiddirsə, bu barədə qarşı tərəfi xəbərdarlıq etsinlər. Etmirlərsə, bizdən atəşkəsə riayət edəcəyimizi gözləməsinlər”.


Müəllif: Səxavət HƏMİD

Oxşar xəbərlər