5 Sentyabr 2017 10:11
2 237
12 Punto 14 Punto 16 Punto 18 Punto

Myanma uzun illər Çinin nəzarətində olan hərbi xunta vasitəsi ilə idarə olunurdu, bu gün də Çinin həmin ölkəyə ciddi təsirləri var. 1990-cı illərin əvvəlində məlum oldu ki, Myanma dünyanın ən çox neft-qaz, uran olan 20 ölkəsindən biridir. Bir neçə il öncə Beynəlxalq Enerji Agentliyi elan etdi ki, Myanma yaxın 30 ildə ən çox yeni neft-qaz yatağı kəşf ediləcək 5 ölkədən biri olacaq. Artıq 2000-2010-cu illərdə Çin Myanmaya 14 mlrd. dollar sərmayə qoymuşdu.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Respublikaçı Alternativ Hərəkatının (REAL) icraçı katibi Natiq Cəfərli deyib.

Cəfərli Myanmada baş verən müsəlman qırğınında böyük dövlətlərin əlinin olduğunu, əsas səbəbin isə iqtisadiyyatla bağlılığını iddia edib.

Natiq Cəfərli fikirlərini davam etdirərək deyib ki, Qərb şirkətləri Çinin Myanmaya 14 milyard dollar sərmayə qoyması mənzərəsinə seyriçi qala bilməzdi:

“Bu səbəbdən də Myanmada yeni bir lider, xanım Aung San Suu Kyi ortaya çıxdı. Bu xanım Nobel mükafatı aldı, formal olaraq hakimiyyətə gəldi. Baxmayaraq ki, Myanmada hələ də ordu, polis, məhkəmə, dövlət orqanları, faktiki olaraq Çinin oyuncağı olan xuntanın əlindədir. Xanım San Suu Kyi keçən il neft-qaz yataqları ilə bağlı 25 yeni tender elan etdi və hamısını Avropa, ABŞ, Cənubi Koreya, Hindistan, Malaziya və İndoneziya şirkətləri qazandılar. Myanmanın qaz ehtiyatları 3-5 trilyon civarındadır, illik neft hasilatı 1 milyon tondur, amma 3 milyon tona qədər çıxa bilər.

Çin görəndə ki Myanmada yatırımları əldən çıxır, Qərb üstələməyə başlayır, dərhal öz xunta və buddist şəbəkəsi ilə dini qırğın saldı, Qərb şirkətlərini oradan uzaqlaşdırmaq üçün “qeyri-sabit” ölkə imici yaratmağa başladı. Daha bir böyük siyasi hədəf isə odur ki, Çin öz xalqına və ətraf xalqları demokratiyanın pis bir şey olduğunu, seçkinin xaosa apardığını, demokrat xanım San Suunun isə əslində qaniçən cani olduğunu sübüt etməyə çalışır. Bu işdə Rusiya da ona yardım edir. Məsələn, Myanmayla bağlı Britaniyanın təklif etdiyi paketə BMT-də məhz Rusiya veto qoydu. Paketdə Myanmaya BMT qoşunlarının getməsi də yer alırdı, Çin anlayır ki, ora Qərb ordusu BMT mandatı ilə gəlsə, bütün ölkə əlindən çıxacaq”.

Cəfərli qeyd edib ki, Myanmada baş verənlərlə bağlı bizdə də emosional şərhlər öndədir, məzlum əhalinin, insanların niyə qətl edildiyi, bunun arxasında nə dayandığı araşdırılmır:

“Təbii ki, nədəni nə olursa-olsun, günahsız insanların qətl edilməsi bir faciədir, insanlıq dramıdır. Amma dünya buna susmur, Qərb mediası hər gün bundan yazır, sadəcə, Çin bilərəkdən Şimali Koreyadakı “dəli oğlanı” oynadaraq dünyanın diqqətini məhz bu problemdən - Myanmada müsəlmanların qətlindən yayındırmağa çalışır. Myanmada baş verənlər Çin, Rusiya kimi dövlətlərin, Qərbin böyük şirkətlərinin nə qədər acımasız, qansız, insanlıq düşməni olduğunu bir daha üzə çıxardı”.


Müəllif: Cavad

Oxşar xəbərlər