Məni işdən çıxarmayıblar, işdəyəm və öz işlərimlə məşğulam.
Teleqraf.com bildirir ki, bunu Laçın Rayon İcra Hakimiyyətinin (RİH) Hüquq şöbəsinin müdiri Füzuli Tanrıverdiyev deyib.
Şöbə müdiri bildirib ki, işdən çıxarılması ilə bağlı yayılan məlumat yanlışdır: "Qaçqın rayonuq, hər kəsin öz işi var. Məsələn, bir yanlışlıq olub. Məgər bu yanlışlığa görə cavabdeh ümumi rayon və ya ümumi ölkədi? Adam heç öz doğma balasına cavabdeh ola bilmir. Mənim işdən çıxarılmağımla bağlı məlumatlar da yanlışdı. Nə çıxartmaq? Mən adam öldürüb cinayət törətməmişəm, rüşvət alıb korrupsiyaya bulaşmamışam ki, işdən çıxarsınlar. Əgər yenə də çıxaracaqlarsa dövlətimiz sağ olsun. Mən hər zaman demişəm, əgər etimadı doğrultmamışamsa bu mənim səhvimdi. O sözü ki, Füzuli deyir, o sözü ki, Füzuli danışır, gerisi yoxdur. Füzuli nə deyibsə odur. Bu gün də mən burdayam, bu gün də mən işdəyəm və öz işlərimlə məşğulam".
Laçın RİH başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynurə Həsənova Report-a deyib ki, Hüquq şöbəsinin müdiri ilə bağlı hər hansı cəza tədbiri görülməyib:
“İcra hakimiyyətinin başçısı Aqil Nəzərli də açıqlamasında deyib ki, məsələ ilə bağlı lazımi ölçü götürüləcək. Hələlik belə bir şey yoxdur”.
Qeyd edək ki, F.Tanrıverdiyev özünün Feysbuk profilində İraqın şimalında yerli hökumətin keçirdiyi "referendum"u dəstəkləyən fotolar yayıb. Onun hərəkəti Feysbukda və mətbuatda ciddi tənqid olunub.