Türkiyə-Rusiya yaxınlaşmasının ədalətli, dəqiq və obyektiv mənzərəsini görmək üçüm qlobal və regional proseslərə qiymət vermək vacibdir. Mənzərə budur ki, ABŞ və Qərb ölkələri birlikdə Rusiya və Çin arasında geoplotik qarşıdurma içindədir, dünya yeni düzən istiqamətində ciddi mərhələyə daxil olub.
Bu fikirləri Teleqraf.com-a Ankara-Moskva yaxınlaşmasını şərh edən politoloq Sülhəddin Əkbər deyib.
Onun fikrincə, Amerika və Qərb bu prosesdə Türkiyənin artan maraqlarını nəzərə almaq niyyətində deyil:
“Bu da çox ciddi problemlərə gətirib çıxarır və nəticə etibarı ilə Türkiyəni avtoritar Rusiyaya yaxınlaşmaq məcburiyyətində qoyur. Mən düşünürəm ki, ABŞ, Avropa Birliyi və NATO bu problem üzərində ciddi düşünməlidir. Əks halda bunun ciddi və ağır nəticələri olacaq”.
Polioloq deyib ki, indiki halda Türkiyənin davranışlarını adekvat hesab edir:
“Yəni, Türkiyə öz maraqlarını qorumaq, yeni dünya düzənində iştirak etmək, regionda daha aktiv rol almaq üçün Rusiya ilə yaxınlaşmaq məcburiyyətindədir. Türkiyə bu istiqamətdə davamlı addımlar atır. Rusiya prezidenti bəyan etdi ki, Türkiyə-Rusiya münasibətləri tam bərpa edilib. Vəziyyəti bu konteksdə dəyərləndirmək daha obyektiv olardı”.
S. Əkbər hesab edir ki, Türkiyə-Rusiya yaxınlaşması bütövlükdə Qarabağ probleminin həllində açar rolunu oynaya bilməz:
“Bununla bağlı bizim cəmiyyətimizdə şişirdilmiş gözlənti var. Qarabağ məsələsinin kökü Rusiya imperiyasının yarandığı tarixə qədər gedən və tarixi dərinliyi olan strateji məsələdir. İlk öncə bu torpaqlara ermənilərin yerləşdirilməsi, daha sonra erməni dövlətinin yaradılması və bu dövlətin ərazilərinin genişləndirilməsinə başlanılması Rusiyanın cənub strategiyasının tərkib hissəsidir. Düşünmürəm ki, Rusiya XVIII əsrdən bu yana bu qədər əmək, vaxt sərf etdiyi, yolunda qurbanlar verdiyi strategiyadan asanlıqla vaz keçsin. Ona görə də hesab edirəm ki, cəmiyyətimizdə bununla bağlı mövcud olan ab-hava əsassızdır.
Azərbaycan cəmiyyətinin bu istiqamətdə böyük gözləntiləri olmamalıdır. Əksinə, deyim ki, mən özüm bu yaxınlaşmadan bir qədər narahatam. Çünki Rusiya-Türkiyə yaxınlaşması həm də o deməkdir ki, Ankara Moskvanın geopolitik təsir dairəsinə müdaxilə etməyəcək, özünü qorumaq üçün bundan çəkinəcək. Bunun da qarşılığında özünün geopolitik təsir sferasında Rusiyadan müəyyən güzəştlər qoparmağa çalışacaq”.