29 Dekabr 2017 13:29
968
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin bu gün keçirilən plenar iclasında Gömrük Məcəlləsində dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb.

Teleqraf.com xəbər verir ki, qanun layihəsinə əsasən, Azərbaycanda gömrük orqanlarında şəxsi yoxlanışdan keçmə qaydaları dəyişdirilir. Bununla bağlı Gömrük Məcəlləsinin 64-cü (Şəxsi yoxlama) maddəsinə dəyişiklik edilir.

Layihəyə görə, maddənin ikinci bəndi dəyişdirilərək belə verilir: “Gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən həyata keçirilən şəxsi yoxlama sanitar-gigiyenik tələblərə cavab verən təcrid olunmuş yerdə aparılır. Şəxsi yoxlama zamanı videoçəkilişdən istifadə edilmədikdə azı 2 (iki) hal şahidinin iştirakı məcburidir. Şəxsi yoxlama zamanı şəxsin soyundurulması zərurəti yarandığı halda videoçəkilişdən istifadəyə yol verilmir".

Bəndin hazırda qüvvədə olan variantı isə belədir: “Gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən həyata keçirilən şəxsi yoxlama sanitar-gigiyenik tələblərə cavab verən təcrid olunmuş yerdə, iki hal şahidinin iştirakı ilə aparılır. Yoxlama aparılan yerə başqa fiziki şəxslərin daxil olmasına və yoxlamanı müşahidə etməsinə yol verilmir”.

Bundan başqa, Gömrük Məcəlləsinin 99-cu maddəsinə bu məzmunda yeni bənd əlavə edilir: “Şəxsi yoxlama həyata keçirilərkən, həmçinin mallar və ya sənədlər götürülərkən işin nəticəsində maraqlı olmayan və yetkinlik yaşına çatmış iki hal şahidlərinin iştirakı məcburidir".

Bundan başqa, şəxsi yoxlama və götürmə zamanı şəxsin soyundurulması zərurəti yarandığı halda videoçəkilişdən istifadəyə yol verilmir. Bu halda şəxsi yoxlama və götürmə barəsində müvafiq hərəkət aparılan şəxslə eyni cinsdən olan şəxslərin iştirakı ilə aparılır.

Layihə I oxunuşda səsə qoyularaq qəbul edilib.


Müəllif: Cavad

Oxşar xəbərlər