31 Dekabr 2017 01:55
2 796
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda keçirilən etiraz aksiyaları gözlənilən və başadüşüləndir. Öncə bu mitinqlərdə səsləndirilən şüarlara diqqət etmək lazımdır. Mitinqçilər “Rədd olsun Ruhani” şüarı da səsləndirir. Deməli, bu aksiyaları təşkil edənlər həm də Ruhaniyə müxalifətdə olanlardır.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı, ASDP sədri Araz Əlizadə İranda bahalaşma əleyhinə başlayan mitinqləri şərh edərkən deyib.

Araz Əlizadə hesab edir ki, aksiyaları İranın radikal dini qüvvələri təşkil edib:

“Nəzərə almaq lazımdır ki, Həsən Ruhani dünya və Avropa ilə əməkdaşlıq siyasəti yürüdür. Seçkilərdə məğlub olan radikal qüvvələr isə İranı geriyə çəkmək istəyir. Bu mitinqlərin arxasında onlar durur. Üstəlik, aksiyaya qarşı sərt güc tətbiq edilmir. Bu onu göstərir ki, mitinqlər müəyyən mərkəzdən idarə olunur”.

Deputat qeyd edib ki, Həsən Ruhani prezident kimi öz müddətini başa vuracaq:

“Bu aksiyalar onun prezidentliyini yarıda qoya bilməz. Sadəcə, indidən zəmin yaratmaq istəyirlər ki, gələcək seçkilərdə radikal dindarlar qalib gəlsin.

Digər məqam odur ki, bu aksiyalar ABŞ-ın dəyirmanına su tökür. Nümayiş etdirirlər ki, Ruhaninin mötədil siyasəti onları qane etmir. Çünki ABŞ bilərəkdən İrana qarşı öz siyasətini kəskinləşdirir, hər yerdə qeyri-stabillik yaratmaq niyyətindədir. Nə qədər ki, Trampa işləməyə imkan verməyəcəklər, ABŞ-ın digər ölkələrə təzyiqləri o qədər artacaq.

İranda isə bu aksiyalar onu yaradan və idarə edənlərin maraqlarına uyğun gəldiyi nöqtəyə qədər inkişaf edə bilər. Amma nə kimisə hakimiyyətdən devirəcəklər, nə də ciddi qarşıdurma baş verəcək”.

Xatırladaq ki, İranın Məşhəd, Girmanşah və Kəşmir şəhərlərində kütləvi mitinqlər keçirilib. Aksiyalarda İranın indiki hakimiyyəti ciddi tənqid edilib.


Müəllif: Cavad

Oxşar xəbərlər