10 Yanvar 2018 09:15
3 842
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymani ilə müsahibəni təqdim edir.

- İranda qəfil aksiyaların səbəbləri barədə nə düşünürsüz?

- Məncə, bir neçə faktora diqqət etmək lazımdır. Birincisi, İranda iqtisadi problemlər var. Xüsusilə, gənclər üçün işsizlik, həyat, evlənmə, ev, iş problemləri var. Narazılığın iqtisadi tərəfini danmaq olmaz. 20-25 yaş arasında olan gənclərin təlabatları var və bunu ifadə ediblər.

İkincisi, İrana müxalifətdə olan dövlətlər, hətta keçmiş İran vətəndaşları olan şəxslər var. Sözsüz ki, bu kimi vəziyyət yarananda onlar çalışırlar ki, bu işləri öz maraqlarına yönəltsinlər, baş verənlərdən istifadə etsinlər.

Nəzərə almaq lazımdır ki, İran konstitusiyasının 27-ci maddəsində xalqa etiraz aksiyaları keçirmək və hökumətə tələblərini çatdırmaq haqqı verilib. Sonradan qanuna əlavə edilib ki, etiraz aksiyalarını təşkil etmək üçün öncədən icazə alınmalı, icazə verildikdən sonra mitinqlər keçirilməlidir.

Amma son aksiyalar icazəsiz olub. İran dövlət konstitusiyası milli birliyin və islam inqilabında şəhid olanların qanınının məhsuludur. Hakimiyyət buna hörmətlə yanaşmalı və bütün maddələri dəqiq yerinə yetirməlidir. Başqa maddələr var ki, hər bir vətəndaş sərbəst sözünü deyə, yaza və ya yaya bilər. Bunlar ibtidai hüquqdur. Dövlət bunu yerinə yetirməyə şərait yaratmalıdır. Yəni təşkilat və ya partiya aksiya keçirmək istəyirsə, dövlət buna icazə verməli və təhlükəsizliyini də təmin etməlidir. Bu halda xarici düşmən və ya qüvvələr aksiyalardan öz maraqları naminə istifadə edə bilməz. Son aksiyalarda belə vəziyyət olmayıb. Ona görə də xaricdəki qüvvələr bundan sui-istifadə etməyə çalışıb. Əlbəttə, bunu İranın müvafiq qurumları araşdırırsa, faktlar ortaya çıxarırsa və bunu sənədləşdirirsə, mən bir söz deyə bilmərəm. Bu varsa, dövlət onu sənəd və sübutla ortaya qoymalıdır. Hər kəs də bilməlidir ki, hansı ölkələr və ya şəxslər bu işə əl qoyub.

- Söhbət bu aksiyalara xarici müdaxilədən və ya onun istiqamətinin dəyişdirilməsindən gedir?

- ABŞ Prezidenti Donald Tramp bəyanatlar verib. Eləcə də Səudiyyə Ərəbistanı vəliəhdi bəzi fikirlər deyib. Əlbəttə, bəzi qüvvələr virtual aləmdə çalışırlar, nələrsə etsinlər. Məsələ ondadır ki, burada xarici qüvvələrin müdaxiləsi olmamalıdır. Bu İran xalqının məsələsidir. Əgər xalqın istəyi varsa, bunu mədəni şəkildə ifadə etməlidir. Çünki indiki iqtidarı xalqın özü hakimiyyətə gətirib.

İkincisi, ABŞ Prezidenti Donald Trampın yanaşmasını analiz edəndə başqa məqamlar görürük. Əgər Tramp doğurdan da İran xalqını istəyirsə, nədən sanksiyalar tətbiq etmək, uzatmaq istəyir? Nəzərə almaq lazımdır ki, bu sanksiyalar İran xalqının vəziyyətini çətinləşdirir. Demək, Tramp bunu edirsə, həm də İran xalqının əleyhinə edir. İqtisadi sahədəki sanksiyalar sözsüz ki, İran iqtisadiyyatına ziyan vurar, özəlliklə işsizliyə, istehsalın zəifləməsinə təsir göstərər. Digər tərəfdən, Donald Tramp bəzi ölkələrə vizaların verilməsini çətinləşdirir və bunun da adını belə qoyur ki, “mən İran xalqını istəyirəm”. Sözsüz ki, İranda hamı Amerikaya getmək istəmir. Amma gedənlər də İran vətəndaşlarıdır. Prezident Tramp bir çıxışında İranı terrorçu adlandırıb. Bü, həm də onun İran xalqına baxışdır. Sadəcə indi Trampa xalq alət kimi lazım olduğu üçün fərqli mövqe tutur, hansı ki, başqa qərarları açıq-aydın İran xalqına qarşıdır. Maraqlıdır ki, bu günə qədər ABŞ-da, Avropada və digər ölkələrdə terror aktları baş versə də, onları törədənlərdən heç biri İran vətəndaşı olmayıb. Biz bunu faktiki görürük. Yəni ABŞ, Səudiyyə və digər ölkələrdən olan şəxslər belə terror aktlarını təşkil edib. Bir iranlı barədə isə bunu demək olmaz. Amma maraqlıdır ki, həmin ölkələrə terrorçu deyilmir. İnsan haqlarının pozulması məsələsindən sui-istifadə etmək olmaz. Səudiyyədə, Bəhreyndə və Ərəb Əmirliklərində insan haqlarının pozulmasını görürük. Belə hallar xristian ölkələrində də var. Biz görürük ki, ABŞ-ın Səudiyyə ilə geniş əlaqələri var, amma Tramp bu ölkələrdə insan haqlarının əleyhinə olan məsələlərə diqqət ayırmır. Bu göstərir ki, Amerika insan haqları məsələsini ortaya atanda buna bir alət kimi baxır. Əks halda insan haqlarının pozulmasına eyni mövqe sərgilənər. Əksinə, ABŞ belə ölkələrlə 100 milyard dollarlıq kontarktlar imzalayır, onlara silah satır və diktatorların ayaqlarını möhkəmləndirir. İranın isə Amerika ilə münasibəti yoxdur, amma gəlib İran xalqının haqqını pozur.

- İranda bu aksiyalar davam edəcək?

- Mənim fikrimcə, əksər ölkələrdə problemlər var. Əgər hakimiyyət demokratik olduğunu elan edirsə, öz xalqının səsini eşitməlidir. Qənaətimcə, İran dövləti ABŞ başda olmaqla xarici ölkələrin müdaxiləsinin qarşısında durmaq istəyirsə, öz millətini eşitməli, əlində saxlamalı və xalqa söykənərək bu işləri aparmalıdır. Millət özü icazə verməməlidir ki, xarici qüvvələr onun daxili işlərinə müdaxilə etsin. Bu da tələb edir ki, xalqın etirazları üçün şərait yaradılmalıdır, xalq öz təlabatını ödəməli, onun etirazları dinlənməli və hakimiyyət də buna cavabdeh olmaldır. Söhbət ondan getmir ki, bütün istək və tələblər yerinə yetirilməlidir. Mümkün olan istəklər yerinə yetirilməli, problemlər varsa həllini tapmalıdır. Bu ölkənin güclənməsi üçün lazımdır. Bu halda hakimiyyət davam edər, inkişaf baş verər, xalq vəziyyətdən razı qalar və həm də düşmənin istəklərinin qarşısı alınar.

- Hazırda aksiyalar davam edirmi?

- Yox, aksiyalar yoxdur. Mümkündür ki, kimsə xarici qüvvələrin təsiri altında ola bilər. Mənim fikrimcə, aksiyaya çıxanlar düşünüblər ki, bu hakimiyyət onlarındır və mövcud olan problemlər deyilməlidir. Baxın, bu ərəfədə İranın keçmiş şahının oğlu da bəyanatlar verir. Beləliklə, Rıza Pəhləvi də bundan yararlanmağa çalışır. Amma şah rejimi devriləndə Rıza Pəhləvi 18 yaşında idi. O zaman Rıza Pəhləvinin yaşı az idi və bu səbəbdən də bizi deyə bilmərik ki, o, İran xalqının əleyhinə nələrsə edib. Onun atası xalqın əleyhinə addımlar atırdı və nəticədə də inqilab oldu. Amma iş ondadır ki, şahın ölkədən apardığı milyardlarla dolları ailəsi istifadə edir. Mən Rıza Pəhləvinin sözlərinin səmimiyyətinə o zaman inanardım ki, buradan apardığı pulları İran xalqının mənafeyinə uyğun istifadə etsin, atasının xalqdan oğurladığı pulu İran xalqına qaytarsın. Şahın ailəsi İran xalqından oğurlanan pulların hesabına 40 ildir ki, yaşayır. Vaxtilə buradan apardıqları pulu geri qaytarsınlar, biz də inanaq ki, şahın oğlu xalqa qarşı səmimidir. Son 40 ildə İranda nələrsə edilib. Əlbəttə, inqilabdan sonra yaxşı işlər də həyata keçirilib, pis məqamlar da olub. Ancaq bu o demək deyil ki, bu millətin hesabına 40 ildir xaricdə yeyib dolanıblar xarici qüvvələrin dəstəyi ilə nələrsə etmək istəyə və buna nail ola bilərlər. Əgər İranda problem varsa, bunu xalq öz hakimiyyəti ilə həll etməlidir. Bu zaman hakimiyyət xalqa hörmət etməli və problemləri yoluna qoymalıdır. Biz bunu gözləyirik.

- İddialar var ki, İranda baş verən aksiyalar əslində mühafizakarlarla islahatçılar arasında gedən siyasi qarşıdurma nəticəsində ortaya çıxıb...

- Mümkündür. Ümumiyyətlə, bunun baş verməsinin bir səbəbi də, islahatçılar və mühafizakarlar arasında gedən rəqabət ola bilər. Belə iddialar da səsləndirilirdi ki, aksiyaları mühafizakarlar Həsən Ruhaninin əleyhinə planlaşdırıb. Hətta söhbətlər var ki, pullar banklarda batıb, faiz ala bilməyiblər və aksiyalara da bu məqam səbəb olub. İddialar var ki, bəzi müəssisələrdə pulları yeyiblər, milləti aldadıblar. Və indi də xalqı belə aksiyaya təhrik etməklə oğurladıqları pulları xalqa dövlətin ödəməsinə nail olmaq istəyirlər. Yəni müxtəlif söz-söhbətlər var. Bunu da müvafiq qurumlar araşdırıb müəyyən edəcək.

- Nədən sabiq prezident Əhmədinejatdan başqa heç bir siyasətçi bu aksiyalara dəstək vermədi?

- Bəzən deyirlər ki, sabiq prezident həbs edilib. Ancaq mən sizə deyim ki, Əhmədinejatın artıq İran siyasətində yeri yoxdur. Əhmədinejat məsələsi bitib. Onun xalqın 90 faizinin arasında hörməti yoxdur. Ola bilsin ki, bəzi yerlərdə onun publik hərəkətləri yadda qalıb. Amma ümumilikdə Əhmədinejat reytinqini 90 faiz itirib. O, nə xalq, nə də dövlət tərəfindən qəbul olunur. Əhmədinejat 8 il ərzində İranı şumlaması, milyardlarla pulu necə xərcləməsi, bu pulların hara getməsi, inflyasiyalar, qiymət artımı haqda xalqa izahat verməlidir.

- İslahatçıların bu aksiyaya münasibəti necədir?

- İslahatçıların bu prosesə reaksiyası elə mənim fikirlərimə yaxın olub. Prezident Həsən Ruhani dedi ki, İran xalqının etiraz haqqını tanıyır, bu hüquq konstitusiyada var və hakimiyyət buna şərait yaratmalıdır. Bunun özü əhəmiyyətli məsələdir. İslahatçılar da bunu deyir. Yəni xalqın etirazı varsa, bunu deməyə şərait yaratmaq lazımdır və bu etirazları hökumət eşitməlidir. Amma düşmənlərə imkan verilməməlidir ki, bu halda suyu bulandırıb balıq tutsunlar, ölkəni problemlər girdabına salsınlar. Yəni bu iki məqamı bir-birindən ayırmaq lazımdır və islahatçılar da bunu ayırıb. Əlbəttə, mədəni aksiyanı başqa səmtə yönəldənləri tanımaq, müəyyən etmək lazımdır. Ancaq aksiyada öz sözünü deyən, etiraz edən gənclərin xaricdən asılı olduğunu demək olmaz. Mümkündür ki, təhriklər olub. Amma aksiyada iştirak edənlərin 90 faizi xaricdən asılı ola bilməz. Onlar bu millətin övladlarıdır və problemlərini səsləndiriblər. Onların səsləri eşidilməlidir ki, xaricdə İranı sevməyənlər barmaqlarını bu işlərə soxa bilməsinlər.


Müəllif: Cavad

Oxşar xəbərlər