Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yanvarın 22-26-da Fransanın Strasburq şəhərində keçirilən qış sessiyasında Azərbaycan nümayəndə heyətinin və AŞ PA-nın hüquq məsələləri və insan hüquqları komitəsinin sədr müavini Vüsal Hüseynovun məruzəçi olduğu “Ölüm hökmü və işgəncələr zamanı istifadə olunan alətlərin (ləvazimatların) ticarətinə qarşı beynəlxalq qaydaların təkmilləşdirilməsi” ilə bağlı məruzə müzakirə edilib və yekdilliklə qəbul olunub.
Teleqraf.com xəbər verir ki, məruzənin mahiyyəti və əhəmiyyəti barədə fikirlərini bölüşən V.Hüseynov bildirib ki, işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza insan hüquqları sahəsində bütün mühüm beynəlxalq sənədlərdə – Avropa İnsan Hüquqları Konvensiyası (AİHK), Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt, BMT-nin İşgəncələrə və digər qəddar, qeyri-insani yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyası və digər sənədlərlə qadağan edilib. Onun sözlərinə görə, bu qadağa beynəlxalq hüquqda qətidir və AİHK-a əsasən fövqəladə hallar zamanı da dövlətlər bu qadağaya tabe olmalıdır. Bu qadağalara əsasən Avropa Şurasına (AŞ) üzv dövlətlərin, həmçinin digər – üçüncü dövlətlərdə də işgəncə hallarının qarşısının alınması üçün tədbirlər görmə öhdəlikləri var:
“Bu öhdəlikdən irəli gələrək ölüm hökmünün icrası və işgəncə hallarının qarşını almaq üçün AŞ ölkələri bu hallar zamanı istifadə edilən alətlərin istehsalı, satışı və ticarəti ilə bağlı hər hansı digər tədbirləri qadağan edə, məhdudlaşdıra və ya nəzarəti təmin edə bilər. Başqa sözlə bu məhsulların istehsalını, ticarətini məhdudlaşdırmaqla, qadağan etməklə və ya tənzimləməklə digər ölkələrdə bu halların qarşısının alınmasına töhfə vermək olar. Məsələn, Avropa İttifaqı tərəfindən ölüm hökmünün icrası zamanı istifadə edilən dərman vasitələrinin satışının qadağan edilməsi ABŞ-nın bir neçə ştatında ölüm hökmlərinin icrasına ciddi təsir edib”.
V.Hüseynov qeyd edib ki, ümumən bu sahədə ən təkmil yanaşma Avropa İttifaqı (Aİ) tərəfindən qəbul edilmiş qaydalardır:
“Belə ki, bu qaydalara əsasən ölüm hökmü və işgəncələr zamanı istifadə olunan ləvazimatlar iki kateqoriyaya ayrılır:
1. xüsusi olaraq, yalnız ölüm hökümünün icrası və işgəncə üçün istifadə edilən, hazırlanmış alətlər, yəni bu alətlərin başqa praktik xüsusiyyəti yoxdur;
2. hüquq-mühafizə orqanları tərəfindən müəyyən hallarda qanunla istifadəsinə icazə verilən, ancaq sui-istifadə edildikdə işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın tətbiqi məqsədilə istifadə edilə bilən alətlər.
Hər 2 kateqoriya üzrə alətlərin (ləvazimatların, dərmanların) siyahısı əlavələr formasında təsdiq edilir. 1-ci kateqoriya alətlər tamam qadağan edilir, 2-ci kateqoriya üzrə isə tənzimləmə və nəzarət tətbiq edilir”.
Deputat əlavə edib ki, məruzənin məqsədi AŞ-nın Avropa İttifaqına daxil olmayan dövlətlərini də Aİ-nin 2005-ci ildə qəbul etdiyi qaydalara oxşar qanunvericilik aktlarını qəbul etməyə təşviq etmək və bu sahədə ticarət qaydalarını gücləndirməkdir:
“Məruzədə ticarət dedikdə bu məhsulların idxalı, ixracı, brokerlik xidmətləri, texniki və ya məsləhət xidmətlərinin göstərilməsi, üçüncü tərəflərə satılması və ya verilməsi müəyyən edilir. Sənəddə bu cür alətlərin satışı, ticarətinin həyata keçirildiyi ölkələr, ticarət sərgiləri və digər bu sahədə olan xidmətlər barədə məlumatlar yer alır. Məruzənin hazırlanması prosesində AŞ-a üzv olan dövlətlərə müvafiq sorğular göndərilib və nəticələr təhlil edilib.
Məruzə Avropa İttifaqı, AŞ-na üzvü dövlətlər və eyni zamanda AŞ-nin Nazirlər Komitəsi üçün tövsiyələr müəyyən edir. Tövsiyələr əsasən milli səviyyədə müvafiq qanunvericiliyin qəbul edilməsi, digər ölkələrin qanunvericiliyi ilə uyğunlaşdırmanın (harmonizasiya) həyata keçirilməsi, bu sahədə şəffaflığın təmin edilməsi, müvafiq sanksiyaların müəyyən edilməsi və digər tədbirləri müəyyən edir”.
V.Hüseynov daha sonra deyib:
“Təbii ki, məsələ qanunvericilik aktlarının qəbul edilməsi ilə həll olunmur. Az öncə qeyd etdiyimiz kimi Avropa İttifaqı ərazisində müvafiq ləvazimatların (məhsulların) ticarətinin qadağan olunmasına baxmayaraq, faktiki olaraq Aİ ərazisində yerləşən və ya fəaliyyət göstərən bəzi şirkətlər hələ də həmin ləvazimatların ticarəti ilə məşğul olurlar. Məruzədə mövcud vəziyyət təhlil edilərək, narahatlıq və problemlərə uyğun həll təklifləri müəyyən edilib.
Məruzədə, həmçinin, bu sahədə son zamanlar atılmış beynəlxalq təşəbbüs barədə də danışılır. Belə ki, keçən il Avropa İttifaqı bir sıra digər dövlətlərin təşəbbüsü ilə “İşgəncəni İstisna edən Ticarət Naminə Beynəlxalq Alyans” yaradılıb. Məruzə, həmçinin dövlətləri bu təşəbbüsün fəaliyyətinə dəstək olmağa çağırır”.
Qeyd edək ki, “Ölüm hökmü və işgəncələr zamanı istifadə olunan alətlərin (ləvazimatların) ticarətinə qarşı beynəlxalq qaydaların təkmilləşdirilməsi” məruzəsi ilə bağlı məlumat və məruzənin tam mətni AŞ PA-nın internet səhifəsində də yerləşdirilib.