6 Avqust 2014 14:19
1 318
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birinci Qarabağ müharibəsində Azərbaycanın igid oğulları Vətən uğrunda canlarını fəda ediblər. Elə indi də - atəşkəs adlandırdığımız, əslində isə müharibənin davam etdiyi dövrdə xalqımız şəhidlər verir, yeni qəhrəmanlar ortaya çıxır. Geriyə isə bir cümlə qalır: “Torpaq uğrunda ölən varsa, – Vətəndir”. Qarabağ müharibəsində doğmaları şəhid olan xeyli tanınmış sima var.

Teleqraf.com modern.az saytına istinadən həmin tanınmışları təqdim edir:

Xalq yazıçısı Sabir Əhmədlinin öz ad günündə şəhid olan oğlu Məhəmməd Əhmədli Bakıdakı II Fəxri xiyabanda torpağa tapşırılıb. 1970-ci il fevralın 12-də Bakı şəhərində dünyaya gələn M.Əhmədli Moskva Poliqrafiya İnstitutuna daxil olub və təhsilini Azərbaycan Dövlət Neft Akademiyasında davam etdirib.

Qarabağ döyüşlərinə könüllü gedən Məhəmməd 1994-cü ilin əvvəllərində cəbhə bölgəsindən zəng edib atasına demişdi: “Mən qürbətdə deyiləm. Ölsəm də, qalsam da, bu torpaq bizimdir. Əmim Cəmil Əhmədli Sovet İttifaqının xətrinə döyüşüb, həlak olub. Mən də Azərbaycanımız uğrunda canımı qurban verməyə hazıram. Ata, gec gəlsəm, incimə. Ömrü boyu babam əmimi axtardı, sən də məni gözləyərsən".

Amma ata ürəyi idi, dözmürdü. Bir gün qışın çovğununda Sabir Əhmədli Murovdağda səngərdə olan oğluna baş çəkmək üçün yola düşür. Məqsədi bir-iki günlüyə icazə alıb Məhəmmədi evə gətirmək idi ki, oğlunun yaxınlaşan doğum gününü onun iştirakı ilə birgə qeyd etsinlər.

Oğlunu döyüş bölgəsində xeyli axtarmalı olan Sabir Əhmədli hətta düşmən mövqeyinə yaxın səngərlərə belə, gedib çıxır. Ona deyirlər ki, oğlu Məhəmməd yaralanıb, arxaya hospitala göndərilib. Yazıçı dərhal Bakıya geri qayıdır ki, oğlunu hospitalda axtarsın. Amma yaşadıqları evin həyətinə daxil olarkən yas çadırının qurulmağını görən Sabir müəllimə hər şey əyan olur. Məhəmməd Əhmədli öz ad günündə – 1994-cü il fevral ayının 12-də Murovdağ döyüşlərində şəhid olub.

Xalq şairi Xəlil Rza Ulutürkün oğlu Təbriz Xəlilbəyli ermənilərin Qarabağda törətdikləri vəhşiliklərə dözə bilməyib, 1991-ci ilin sonunda könüllü olaraq cəbhəyə yola düşüb. Təbrizin döyüş yolu qısa olsa da, o cəbhədə tezliklə öz cəsarəti ilə ad-san qazanıb. Döyüşlərdə düşmənin onlarla canlı qüvvəsini məhv edib. 1992-ci il yanvarın 31-i Təbrizin son döyüşü olub və o qanlı savaşda qəhrəmancasına şəhidliyə yüksəlib. Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Xəlilbəyli Təbriz Xəlil Rza oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Ailəli olan Təbriz Xəlilbəylinin iki övladı yadigar qalıb. Bakı küçələrindən biri qəhrəmanın adını daşıyır.

Şair Zakir Fəxrinin qardaşı Kamil Sabitovun 1988-ci ildən başlayan döyüş yolu Umudlu, Çələkdar, Kərəmli, Şuşa, Tərtər bölgələrindən keçib. 1992-ci ilin martında ağır döyüşlərini şəhidliklə başa vurub. Tanıyanlar onu həlim, kövrək, duyğulu, həssas insan kimi xatırlayır. Zakir Fəxrinin sevimli qardaşı haqqında yazdığı «Sən kim idin, Kamil?» adlı yazıda onun xarakterində yaranmış bu dəyişikliyin səbəbi o qədər təsirlidir ki…

«Sənə sual verirlər: - Kamil, sən ki, incə, zərif qəlbliydin, amma deyirlər döyüşdə çox qəddarsan, belə niyə?

- Bir dəfə döyüşüb kəndə girmişdik, uşaq meyiti gördüm, olardı 4-5 yaşında. Gördüm yaş kağızını qoyublar sinəsinə, uşağı qucağıma götürəndə başı, ayaqları, qolları qaldı yerdə, demə ermənilər kəsiblər. Diz çöküb o uşağın kəsik bədəni önündə and içmişəm… - demisən».

Arzusu torpaqlarımızın çox tezliklə işğaldan azad olunduğu günü görmək idi. Amma nəsib olmadı…

Yenə Zakir Fəxrinin məlum yazısından: «Rəhmətlik Allahverdi Bağırov sənin meyitini gətirəndə Aqil Abbasla Rəşad Məcid sıçrayıb maşına qalxdılar və məni yaxına buraxmadılar. Demə tamam yanmış imişsən…».

Kamil Sabitov Bakıda, Şəhidlər Xiyabanında uyuyur.

Baş nazirin keçmiş müavini, Bakıd Dövlət Universitetinin professoru İzzət Rüstəmovun oğlu Məzahir Rüstəmov da könüllü olaraq Milli Orduya yazılanlardandır. Məzahir Şınıx cəbhəsində komandir müavini vəzifəsində xidmət keçib. Məzahirin kəşfiyyatçılığı nəticəsində düşmənin bir çox döyüş nöqtələri məhv edilib. 1992-ci il avqustun 6-da ermənilər Mutudərəyə güclü hücum edirlər. Döyüşçülər kəndin müdafiəsinə qalxırlar. Son nəfəsinəcən vuruşan Məzahir Rüstəmov bu döyüşdə həlak olur.

Erməni quldurlarını xeyli yaxınlığına buraxan Məzahir əl qumbarasını işə salıb, özü ilə bərabər xeyli qulduru məhv edən döyüşçünün bu əfsanəvi qəhrəmanlığı dilləri gəzdi. Məzahirin belə ölümü qığılcımı alov etdi.

M. Rüstəmov ailəli idi, Təhminə adında qızı yadigar qalıb.

Azərbaycan Dövlət Nəşriyyatının (“Azərnəşr”) direktoru, sabiq deputat Əlövsət Ağalarovun qardaşı Mahir Ağalarov 8 aprel 1993-cü ildə Kəlbəcər uğrunda gedən döyüşlərdə şəhid olub.

Deputat Səttar Mehbalıyevin qardaşı, peşəkar hərbçi olan Əhməd Mehbalıyev Laçın, Qubadlı, Kəlbəcər və Tərtər döyüşlərində iştirak edib, Ağdamda düşmən mühasirəsinə düşərək həlak olub. Hazırda Şəhidlər Xiyabanında uyuyur.

“Bülbüllər” qrupunun yaradıcısı, əməkdar artist, müğənni Aybəniz Haşımovanın həyat yoldaşı Xalid Quliyev Qarabağ uğrunda döyüşlərində şəhid olub. Aynişan adlı qızı yadigar qalıb.

Teleaparıcı Nanə Ağamalıyevanın qardaşı da vətən uğrunda şəhid olanlardan biridir. “Mənim qardaşım bir gündə 6 əsgərlə birlikdə şəhid olub”-deyə N.Ağamalıyeva müsahibələrinin birincə qeyd edib.

Müğənni Leyla Ramazanlının atası Nurəddin Ramazanlı da vətəninin başının üstünü almış qara buludları seyr etməyə biganə qala bilməyib. Ailəsini, iki qız övladını doğmalarının, ən əsası, Allahın ümidinə qoyaraq silaha sarılıb və Qarabağı işğalçı ermənilərdən azad etmək üçün könüllü döyüşə yollanıb. Ancaq əfsuslar olsun ki, o, arzularını həyata keçirə bilməyib. 706-cı hərbi hissədə qulluq edən gənc leytenant 1992-ci ilin oktyabr ayının 8-dən 9-na keçən gecə - Laçının Qızartı dağında gedən qızğın döyüşlərdə erməni gülləsinə tuş gəlib.

Akademik Opera və Balet Teatrının solisti, əməkdar artist Gülüstan Əliyevanın həyat yoldaşı Zahid Əhmədov də Qarabağ savaşında şəhid olub. BDU-nun hüquq fakültəsinin məzunu olan Z.Əhmədov Cəbrayıl rayonu Polis İdarəsində cinayət axtarış şöbəsinin rəisi işləyib. 1991-ci ildə Cəbrayıl cəbhəsində minaya düşüb. Rüfət adlı bir oğlu yadigar qalıb.

Tanınmış şair Qaçaq Köçərlinin oğlu Elcan da Qarabağ müharibəsində, Daşaltı əməliyyatında həlak olub.


Müəllif:

Oxşar xəbərlər