Niderland Fransadan sonra qondarma erməni soyqırımının Avropada tanıdılmasının ən qızğın tərəfdarı və bu yolla Türkiyəyə təzyiq göstərilməsi istiqamətində aktiv çalışan ölkələrdən biridir.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.
O qeyd edib ki, bu məsələlərin öyrənilməsinin tarixçilərin işi, tarixi tədqiqatların vəzifəsi olduğu, bunları siyasiləşdirməyə, qanunverici orqanlarda qəbul edib millətlərarası düşmənçiliyi dərinləşdirməyə ehtiyac olmadığı dəfələrlə deyilib:
“Üstəlik, siyasətçilərin çoxu kor-koranə şəkildə, bu məsələnin kökünü bilmədən və Osmanlı dövründə kürdlərin və ermənilərin Şərqi Anadoludan imperiyanın daha uzaq guşələrinə köçürülməsindən ibarət prosesi ermənilərin soyqırımı kimi qələmə verilməsi tamamilə ədalətsizdir. Çünki bu zaman Osmanlı təbəəsi olan ermənilər Anadoluya daxil olan rus əsgərlərinin xeyrinə casusluq, satqınlıq edir və hətta, rusların təlimatı əsasında ermənilərdən ibarət cəza dəstələri düzəldilərək özləri türkləri soyqırıma məruz qoyurdular. Ən aşağı səviyyəli tədqiqatlar göstərir ki, həmin dövrdə əsas soyqırıma məruz qalan Türkiyə və Azərbaycan türkləri olub. İndi isə Avropa ermənilərin törətdiyi hərəkətləri qiymətləndirir, onlara tərəfdar çıxır. Bunu xristian təəssübkeşliyindən irəli gələn yarımçıq və problemli bir hərəkət kimi qiymətləndirmək olar”.
Q.Hüseynli qeyd edib ki, görünür, hollandların yaddaşı çox dayazdır:
“Çünki Osmanlı dövləti bu ölkəyə iki dəfə böyük köməklik edib. Birinci dəfə 1500-cü illərdə Hollandiya kralı ispaniyalı dənizçilərin qorxusundan dənizlərə çıxa bilməyən holland xalqını bu bəladan qurtarmaq üçün Osmanlı dövlətindən imdad diləmişdi. Hollandiya həmin dövrdə dəniz ticarəti və dəniz məhsullarının satışı ilə iqtisadiyyatını ayaq üstə saxlaya bilirdi. Ancaq dənizlərdə mövcud olan anarxiya, talan və soyğunçuluq üzündən Hollandiya çətin bir dönəm yaşayırdı. İspaniyalı piratların yaratdıqları mafiya gəmilərə aman vermirdi. Bu səbəbdən çarəsiz qalan Hollandiya rəhbərliyi Osmanlı sultanı Yavuz Səlimə bir çözüm tapa bilməsi üçün müraciət edirlər. Yavuz onları dinlədikdən sonra Hollandiya gəmilərində Osmanlı bayrağı qaldırılmasına göstəriş verir. Bildirir ki, bu bayraq altında rahat səyahət edə, güvən və rahatlıqla ticarətinizi edə bilərsiz. Sultan dərhal Barbaros Xeyrəddin Paşanı görəvləndirir. Ancaq paşanın ən kiçik hərəkətinə belə ehtiyac qalmır, İspaniya təcavüzkar niyyətindən əl çəkərək bir daha Hollandiya gəmilərinə basqın etməyəcəyini bildirir.
Türklərin hollandlara digər bir yaxşılığı 1916-cı ilin yanvarında baş tutub. Osmanlı padşahı V Məhmət Rəşad Xan həmin il böyük sel fəlakəti yaşayan Hollandiya xalqına maddi yardım – 25 min quruş pul göndərib. Baxmayaraq ki, həmin dövrdə Osmanlı dövləti I Dünya müharibəsində iştirak edirdi. Bu addım da Osmanlı dövlətinin humanitar yardım məsələsində etinasız olmadığını göstərir”.
Q.Hüseynli qeyd edib ki, bu gün Niderland parlamentinin üzvləri – heç bir fakta söykənməyən, hətta tarixi bilgilərə malik olmayan insanlar ermənilərin ötürdüyü pasla tarixçi funksiyasını yerinə yetirir və olmayan bir hadisəyə siyasi rəng verərək onu parlamentin iki palatasında qəbul etdirirlər:
“Üstəlik, qəbul edilən digər qərara görə, dövlət katibi və ya nazir bu ilin aprelində Ermənistanda keçiriləcək anım mərasimlərinə qatılmalıdır. Zənnimcə, bu biabırçılıq və multikulturalizm və tolerantlığa zidd olan köhnə təsəvvürün qalıqlarıdır”.
Qeyd edək ki, Niderland parlamentinin Nümayəndələr Palatası fevralın 22-də uydurma “erməni soyqırımı”nın tanınmasına dair qətnamə qəbul edib. Bundan bir neçə gün öncə – fevralın 15-də parlamentin aşağı palatası da oxşar sənəd qəbul etmişdi.