Pentaqon rəhbəri Mettis “bütün bunlar rus xalqına baha başa gələcək” deyəndə Rusiya ilə ABŞ arasında soyuq deyil, əsl müharibənin başlayacağını nəzərdə tutmur. Tramp nə qədər çılğın olsa, Putin ABŞ-ın təzyiqlərinə nə qədər qəzəbli olsa da, müharibəyə əsla imkan verməyəcək.
Bu fikirləri Teleqraf.com-a siyasi analitik Elçin Şıxlı Pentaqon rəhbəri general Mettisin son açıqlamalarını şərh edərkən deyib.
E.Şıxlı deyib ki, əgər real müharibə baş versə, dünyada fəlakət yaşanar:
“Belə olsaydı, 1945-ci ildə Xirosimada nüvə silahı tətbiq ediləndə bunun davamı gələrdi və dünya məhv olardı. Əksinə, atom bombası Yaponiyaya atılandan sonra gördülər ki, insanın özü-özünü məhv etməyinin mənası yoxdur. General Mettis demək istəyir ki, belə silahlanmaya böyük maliyyə ayrılması Rusiyanı ciddi böhrana salacaq. SSRİ-nin çöküşü ilə bağlı Reyqan dövründə proqram hazırlandı. Guya amerikanlar fəzada xüsusi silahlar quraşdıracaq, çətir yaradacaq və beləcə silahlanma Yer kürəsindən kosmosa keçəcəkdi. Realda isə ABŞ bu proqrama bir sent də xərcləmədi. Amma Moskvadakı Siyasi Büronun üzvü olan qocaların beyni işləmədi. Nəticədə SSRİ-nin valyuta ehtiyatı silahlanmaya yönəldildi. SSRİ-nin iqtisadi vəziyyəti onsuz da çətin idi, bu addımdan sonra bir qədər də çətinləşdi. Məsələn, SSRİ taxılı ixrac edirdi, amma süquta qədər olan son 8 il ərzində Kanada və digər ölkələrdən taxıl idxal etməyə məcbur qaldı. Sonra çörəklə bağlı problemlər yarandı. O zaman neftin 1 barelinin qiyməti 18-20 dollar idi. Reyqan Körfəz ölkələrinə səfər etdi və ondan sonra neftin 1 barelinin qiyməti 8 dollara düşdü. SSRİ-nin əsas ixrac əmtəəsi olan xam neftdən əldə edəcəyi gəlir öldü. Yəni maliyyəsi kəsildi. Üstəlik, tükənməkdə olan maliyyəni də silahlanmaya yönəltdilər. Nəticədə SSRİ iqtisadi cəhətdən çökdü. Bundan sonra isə siyasi proseslər başladı. Çünki pul olmayandan sonra insan başlayır ona-buna hədə-qorxu gəlməyə. Xüsusilə, imperiya xarakterli ölkələr. İndi də Pentaqon rəhbəri “bütün bunlar rus xalqına baha başa gələcək” deyəndə bu məqamları nəzərdə tutur”.
Elçin Şıxlı hesab edir ki, general Mettisin Rusiyanın təqdim etdiyi son silahların dünyadakı hərbi balansı pozmayacağı haqda bəyanatında da həqiqət payı var:
“Təsəvvür edin ki, Rusiyanın 100 nüvə başlığı var. ABŞ-ın 50 nüvə başlığı olsa da, texnologiyaları irəli gedib. Məncə, general Mettis bunu nəzərdə tutaraq deyib ki, təqdim edilən silahlar hərbi balansı pozmayacaq. Çətin ağlım kəsir ki, yaxın illərdə Rusiya ilə ABŞ arasında hərbi balans dəyişsin. Hazırda söhbət iqtisadiyyatdan gedir. Yalnız iqtisadiyyata və yeni texnologiyalara əsasən udub və ya uduzmaq olar. Məsələn, mənim 50, sizinsə 5 beliniz var, amma mən yeri sizdən tez qazacağam söhbəti artıq yoxdur. Qarşı tərəf bel əvəzinə müasir ekskovator çıxarır və deyir ki, sən bellə qaz, mən ekskavatorla. Sonda görərik kim daha keyfiyyətli və tez qaza bilib. Texnologiya budur”.
Xatırladaq ki, ABŞ-ın müdafiə naziri Ceyms Mettis Rusiyanın son dövrlər təqdim etdiyi silahlar haqqında danışıb. General deyib ki, bu cür yeni silah nümunələrinin işlənib hazırlanması Birləşmiş Ştatların mövqeyinə təsir etməyəcək, ona görə də Moskva həmin silahlara nə qədər istəsə, pul xərcləyə bilər: “Lakin bütün bunlar rus xalqına baha başa gələcək. Rusiyanın silahlanma yarışına nə qədər pul yatırmasından asılı olmayaraq, bu bizim çəkindirmə mövqeyimizə təsir etməyəcək. Əgər onlar istəyirlərsə, qoy bütün pullarını ora töksünlər. Bu, mənim strateji düşüncəmə heç cür təsir göstərməyəcək. Mən təkcə onu təxmin edə bilərəm ki, bütün bunlar sadə rus insanlarına çox baha başa gələcək”.
Mettis əlavə edib ki, Prezident Putinin təqdim etdiyi silahlar Rusiyanın hərbi potensialını heç cür dəyişdirməyib. Onun danışdığı həmin sistemlərin hər biri haqda ABŞ-a çoxdan məlum imiş: “Mən bu silahların hərbi tarazlığı dəyişə biləcəyini hesab etmirəm”.