12:50
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Albaniya Respublikasının Prezidenti İlir Meta ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, iki il əvvəl Albaniyanın spikeri kimi Azərbaycana səfər etdiyini xatırladan İlir Meta prezident vəzifəsində ilk dəfədir ölkəmizə gəldiyini bildirib.
Bu səfərdən məmnunluğunu ifadə edən Albaniya Prezidenti VI Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunub. Bakının beynəlxalq əməkdaşlığa böyük töhfə verdiyini bildirən Prezident İlir Meta ikitərəfli münasibətlərin və əməkdaşlığın möhkəmləndirilməsi üçün dövlət başçısı tərəfindən həyata keçirilən işlərə görə minnətdarlığını ifadə edib.
İlir Meta Albaniyada TAP-n icrası ilə bağlı işlərin uğurla getdiyini deyib. O qeyd edib ki, Albaniyanın qazlaşdırılması üçün bu layihə çox önəmlidir.
Prezident İlham Əliyev Azərbaycan ilə Albaniyanın birgə həyata keçirdiyi layihələrin əməkdaşlığımızı daha da möhkəmləndirdiyini vurğulayıb. TAP-ın icrası ilə bağlı işlərin Albaniyada qrafik üzrə getdiyindən məmnunluğunu ifadə edən dövlət başçısı bu layihənin əhəmiyyətinə toxunub. Enerji sahəsində əməkdaşlığın yaxşı perspektivlərinin olduğunu bildirən Prezident İlham Əliyev bir ay əvvəl Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısında Albaniya nümayəndə heyətinin iştirakını xatırladıb.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu gün Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç ilə görüşü olub.
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniçi salamlayan Prezident İlham Əliyev onunla ötən görüşünü məmnunluqla xatırladıb. Söhbət zamanı VI Qlobal Bakı Forumunun mədəniyyətlərarası dialoqa və əməkdaşlığa verdiyi töhfə vurğulanıb. Bildirilib ki, dünyada Forumun nüfuzu getdikcə daha da artır.
Görüşdə iki ölkə arasında əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə olundu. Qeyd edildi ki, müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində əlaqələrin yaxşı perspektivləri var.
Söhbət zamanı ötən əsrin 70-ci illərindən Bakı ilə Sarayevonun qardaşlaşması məmnunluqla xatırlanıb.
***
Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Prezident Həsən Ruhaninin salamlarını dövlətimizin başçısına çatdırıb. O, Azərbaycan, İran, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin Bakıda keçirilən dördtərəfli görüşündən məmnunluğunu bildirib.
Azərbaycan-İran Hökumətlərarası Birgə Komissiyasının işinə toxunan Məhəmməd Cavad Zərif bu komissiyanın fəaliyyətinin çox yaxşı nəticələr verdiyini dedi və yaxın vaxtlarda iqtisadi sahədə əməkdaşlığa dair mühüm sənədlərin imzalanacağını qeyd edib.
Prezident İlham Əliyev Azərbaycan, İran, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin Bakıda keçirilən görüşünün regional əməkdaşlıq baxımından əhəmiyyətini qeyd edib. Dövlətimizin başçısı Azərbaycan-İran Hökumətlərarası Birgə Komissiyasının işinin uğurlu nəticələrini də məmnunluqla vurğulayıb.
Görüşdə İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin yaxın zamanlarda Azərbaycana nəzərdə tutulan səfərinin əməkdaşlığımızın daha da möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.
Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş edib.
***
Azərbaycan Prezidenti İlham Əliyev Makedoniya Prezidenti George İvanov ilə görüşüb.
Qlobal Bakı Forumunun beynəlxalq əhəmiyyətinin artdığını qeyd edən dövlətimizin başçısı Makedoniya Respublikasının Prezidenti George İvanovun bu tədbirdə iştirakının önəmini vurğulayıb. Prezident İlham Əliyev Makedoniya Respublikasının Prezidenti ilə Bakıda və müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində görüşlərini məmnunluqla xatırlayıb.
Makedoniya Respublikasının Prezidenti George İvanov VI Qlobal Bakı Forumunun yüksək səviyyədə təşkil olunduğunu və uğurla keçirildiyini qeyd edib. O bildirib ki, bu tədbir əməkdaşlığın genişləndirilməsi, beynəlxalq aləmdə sabitliyin, təhlükəsizliyin və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi işinə böyük töhfə verir.
Görüşdə iki ölkə arasında energetika, əczaçılıq və digər sahələrdə əməkdaşlıq əlaqələrinin vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Makedoniya Respublikasının Prezidenti George İvanov Prezident İlham Əliyevi ölkəsinə rəsmi səfərə dəvət edib.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moldova Respublikasının Prezidenti İqor Dodon ilə görüşü olub.
Dövlət başçısı Moldova Prezidenti İqor Dodonun VI Qlobal Bakı Forumunda iştirakının önəmini qeyd edib. Prezident İlham Əliyev Moldova Prezidentinin ötən il Bakıya səfərini və onunla beynəlxalq tədbirlərdə görüşlərini məmnunluqla xatırlayıb. Dövlətimizin başçısı İlham Əliyev İqor Dodonun Azərbaycana səfəri zamanı əldə olunmuş razılaşmaların artıq həyata keçirildiyini məmnunluqla vurğulayıb. Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün yaxşı potensialın mövcud olduğunu dedi və gələcəkdə siyasi, iqtisadi, humanitar, investisiya və digər sahələrdə birgə qarşılıqlı fəaliyyətin müəyyənləşdirilməsinin önəmini qeyd edib. Prezident İlham Əliyev ölkələrimizin bir-birinə daha da yaxınlaşması ilə bağlı mühüm məsələlərin həll olunması istiqamətində gələcəkdə də mütəmadi təmasların davam etdiriləcəyinə əminliyini vurğuladı və ölkəmizin bu işdə maraqlı olduğunu deyib.
Moldova Respublikasının Prezidenti İqor Dodon VI Qlobal Bakı Forumuna dəvətə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Tədbirin önəmini qeyd edən Moldova Prezidenti Forumda ölkəsinin ilk dəfə təmsil olunmasını məmnunluqla vurğulayıb. Ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərinin mövcud olduğunu deyən Moldova Prezidenti yaxın zamanlarda hökumətlərarası komissiyanın fəaliyyətə başlayacağına ümidvar olduğunu deyib. Ötən il Azərbaycana səfərini məmnunluqla xatırlayan İqor Dodon bu səfər zamanı keçirilən görüşlərin artıq nəticələr verdiyini vurğulayıb. O, bir neçə gün bundan əvvəl Qaqauziyada Heydər Əliyev Fondunun nümayəndələri ilə birlikdə mühüm sosial layihənin təməl daşının qoyulması mərasimində özünün şəxsən iştirak etdiyini deyib.
Prezident İqor Dodon əlaqələrimizin möhkəmlənməsi işində Moldovada fəaliyyət göstərən Azərbaycan diasporunun rolunu xüsusi qeyd edib.