17 Mart 2018 10:41
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər il Bakıda yüzlərlə məşhur insan toplaşaraq regionun, dünyanın problemlərini müzakirə edir, fikir mübadiləsi aparır. Ancaq bu dəfə forum daha maraqlı keçir. Foruma fəaliyyətdə olan dövlət və hökumət başçıları da qatılıb. Məncə, bu, Bakı forumunun əhəmiyyətinin göstəricisidir.

Bu fikirləri Teleqraf.com-a politoloq Fikrət Sadıxov VI Qlobal Bakı Forumunun əhəmiyyətindən danışarkən deyib.

O xatırladıb ki, forumda dünyanın məşhur şəxsləri iştirak edir:

“Tədbir çərçivəsində müxtəlif mövzularla bağlı panellərdə keçmiş prezidentlər, baş nazirlər, məşhur siyasətçilər, ictimai xadimlər çıxış edir, fikirlərini bildirirlər. Bu, öz-özlüyündə dünya praktikasıdır. Bir çox ölkələr çalışır ki, belə tərkibdə məşhur siyasətçiləri, dövlət xadimlərini toplayıb hansısa mövzu ətrafında müzakirələr aparılsın. Vaxtı ilə belə formatlar mövcud olub, amma onlar keçmişdə qalıb. Bu işin təşkili asan deyil. Biz isə bunu bacararaq belə bir forumu ortaya qoyduq. Mühüm hadisədir”.

Fikrət Sadıxov deyir ki, VI Qlobal Bakı Forumunun Azərbaycan paytaxtında keçirilməsi faktı ölkəyə müsbət dividentlər gətirəcək:
“Bu forumlar müsbət nəticə verməlidir. İlk növbədə Bakıya gələn 500-dən çox qonağa, tanınmış ictimai-siyasi xadimə Azərbaycanı təqdim edirik, həqiqətləri onlara çatdırırıq. Azərbaycan iqtisadiyyatı, indiki vəziyyəti, işğalçı dövlət olan Ermənistanın bizə qarşı aqressiv işğalçı siyasəti haqqında onlar dəqiq məlumat alırlar.

İkincisi, müxtəlif mövqelər səslənir, fikir mübadiləsi aparılır. Bu da mühümdür. Bu prosesin iştirakçıları nüfuzlu şəxslərdir. Nəzərə almaq lazımdır ki, onların hər birinin auditoriyası var. Bakıda aldıqları informasiya və təəssüratları öz auditoriyalarında bölüşəcəklər. Bu isə dünya ictimai rəyinin Azərbaycana yönəlməsinə səbəb olacaq.

Əlbəttə, bu şəxslər Dağlıq Qarabağ münaqişəsinin həllində birbaşa iştirak etmirlər, amma siyasətdə nüfuzlu insanların rəyi mühümdür. Biz bu ictimai diplomatiyanı təkzib edə bilmərik.

Mən hesab edirəm ki, sözügedən forum ictimai diplomatiya baxımından mühüm platformadır və o, öz nəticələrini verəcək”.


Müəllif: Cavad