Azərbaycanda 500-dən yuxarı bal toplayan və müəllimlik peşəsini seçən abituriyentlərə təqaüd veriləcək
Teleqraf.com-un məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə cümə günü keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, həmin siyahı Təhsil Nazirliyinə təqdim ediləcək.
TQDK sədri bildirib ki, aşağı bal toplayan abituriyentlər ali məktəblərdən xaric olunmalıdırlar.
M.Abbaszadənin sözlərinə görə, elə abituriyentlər var ki, 600 baldan çox nəticə göstərib, lakin heç bir yerə ərizə verməyib: "Yəqin ki, onlar xaricə üz tutacaq".
TQDK sədri həmçinin qeyd edib ki, gələn ildən xüsusi qabiliyyət tələb edən ixtisaslar üçün orta ixtisas təhsili müəssisələrinə müsabiqə aparılacaq.
Bu sahəyə sənəd verən gənclər üçün orta məktəblərdə buraxılış imtahanları bir qədər çətinləşəcək.
Komissiya sədri bildirib ki, bu il ali məktəblərə sənəd verənlər arasında orta məktəblərdə keçirilən imtahanda "2" alanların sayı hələ tam bəlli deyil.
M.Abbaszadə deyib ki, jurnalistikaya qəbul üzrə keçirilən yazı müsabiqəsinə buraxılan 400-dən çox abituriyentin yalnız 150-si imtahana gəlib: "Çünki yüksək bal toplayan uşaqlar öz seçimlərini etdilər və fikirlərini dəyişərək daha yüksək yerlərə qəbul olmağı seçdilər".