Bu yaxınlarda Azərbaycan Milli Elmlər Akademiyasının “Xəbərlər”inin İctimai Elmlər Seriyasından xüsusi buraxılışı çap olundu. Azərbaycan Cümhuriyyətinin yüz illiyinə həsr olunmuş buraxılışda yerli və xarici tədqiqatçıların nadir sənədlər, materiallar əsasında hazırladıqları məqalələr yer alıb. Biz də bu məqsədlə Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru, adıçəkilən buraxılışın məsul katibi Fərhad Cabbarovla görüşdük. Fərhad bəy həm yeni nəşrlə bağlı, həm də Tarix Muzeyinin Azərbaycan Cümhuriyyətinin elan edilməsinin yüzüncü ildönümü ilə bağlı görəcəyi işlərdən danışdı.
Teleqraf.com Fərhad Cabbarovla müsahibəni təqdim edir:
- Fərhad bəy, xüsusi buraxılışda kimlərin məqalələri yer alıb, mövzu seçiminizdə hansı amillər rol oynayıb?
- Bu işə ötən ilin ikinci yarısı başladıq, Azərbaycanda bir neçə müəllifdən yazı istədik. Şərtimiz belə oldu ki, əvvəllər heç bir yerdə çap edilməyən, geniş oxucu kütləsinə bəlli olmayan faktlardan ibarət yazı təqdim edilsin. Müəlliflərə təşəkkür edirəm ki, təklifimizi müsbət dəyərləndirdilər və belə nəşr ortaya çıxdı. Bu jurnal ötən əsrin 50-60-cı illərindən çap edilir, xüsusi buraxılış ənənəsi isə ilk dəfə 1989-cu ildə olub. O zaman jurnalın baş redaktoru mərhum Ziya Bünyadov və məsul katibi Nailə Vəlixanlı ermənilərin Azərbaycan ərazilərinə iddiaları ilə bağlı xüsusi buraxılış hazırlamışlar, mühüm sənədlər çap etmişlər. Daha sonra bu ənənə davam etdirilmədi. Biz həm bu ənənəni bərpa etmək, həm də Azərbaycan Cümhuriyyətinin elan edilməsinin yüz illiyinə töhfə vermək üçün bu qərara gəldik. Xüsusi buraxılışda Azərbaycan, Fransa, Türkiyə, Rusiya alimlərinin məqalələri yer alıb. Nəşrdə həm mövzu, həm də xronoloji ardıcıllığı gözləmişik. Nəzəri məsələlər də var, məsələn, dövlətin adı ilə bağlı. Dövlətin Azərbaycan Xalq Cümhuriyyəti, yoxsa Azərbaycan Cümhuriyyəti olması ilə bağlı müzakirələr aktualdır, bu mövzuda professor Ədalət Tahirzadənin yazısı yer alıb. Fransada yaşayan gürcü tarixçisi Giorgi Mamulia ilə, hörmətli Ramiz Abutalıbovun birgə məqaləsi var. Biçeraxovun Bakıda cəbhəni yarımçıq qoyub qaçması məsələsi bizdə indiyədək fərqli izah edilirdi. Bu iki dəyərli alim əldə etdikləri yeni sənəd əsasında bu məsələyə aydınlıq gətiriblər. Bizi xaricdə təmsil edən iki səfirimizin məqaləsi yer alıb. Həsən Həsənov Azərbaycan Cümhuriyyətinin yaranması ərəfəsindəki vəziyyətlə bağlı, Vilayət Quliyev isə Parisə gedən nümayəndə heyəti ilə bağlı məqalə təqdim edib. Musa Qasımlı Azərbaycan Cümhuriyyəti tarixinin öyrənilməsi ilə bağlı, Nəsiman Yaqublu bayrağımız, Mehman Süleymanov Müsəlman atlı diviziyası, Vasif Qafarov Batum konfransı haqqında yazıb. Tarix İnstitutunun Cümhuriyyət şöbəsinin müdiri Nigar Maksvell Britaniya arxivlərinə əsasən Cümhuriyyətin bizə məlum olmayan bəzi tərəflərinə işıq salıb. Muzeyin əməkdaşı Səbuhi Əhmədov “eşalon müharibəsi” haqqında yazıb. Bu müharibə Qafqaz İslam Ordusu ilə bağlıdır. Əməkdaşımız Emin Dadaşov 1918-ci il hadisələrinin fotoşəkillərdə təsviri ilə bağlı, türkiyəli tədqiqatçı Ömər Özcan Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvü Miryaqub Mirmehdiyev haqqında yazıb. Eləcə də, İradə Bağırova, Aygün Əzimova, Nurulla Əliyev, Sevinc Əliyeva, İlahə Xantəmirova, Ruslan Rəhimov, Dilqəm Əhmədin yazıları çap olunub. Çalışdıq ki, buraxılışda sənədlər, fotoşəkillər mütləq yer alsın, çünki bütün məqalələrdə istifadə edilən qaynaqlar, sənədlər ilk dəfədir ki dövriyyəyə çıxır.
- Vətəndaşların yüz illiklə bağlı Tarix muzeyindən gözləntiləri çoxdur. Muzeyin Cümhuriyyətlə bağlı arxivi var. Sərgilər təşkil ediləcəkmi?
- Yüz illiklə bağlı üç böyük sərgimiz olacaq. Bizim iki sərgi planımız vardı, amma bu il həm də Bakının azad edilməsinin yüz illiyidir, ona görə də bu mövzu ətrafında Türkiyə səfirliyi ilə də sentyabr ayında birgə sərgi keçirəcəyik. Muzey olaraq Bakının azad olunmasının 90 və 95 illiklərini də qeyd etmişik. Sözsüz ki, yüz illiyi də çox gözəl təşkil edəcəyik. Tədbirlərimiz may ayından başlayacaq, “Cümhuriyyət simalarda” adlı sərgi keçirəcəyik. Sərgi ilə yanaşı sərginin kataloqunu da hazırlayacağıq. Təəssüf ki, sovet dönəmində Cümhuriyyətə aid materialları toplamaq qeyri-mümkün olub. Arxivlər şəxslərin evlərində gizlədilib, muzeydə olanlar isə mövcud səbəblərdən sərgilənməyib. 1920-ci ildə Tarix muzeyi yaradılanda İstiqlal muzeyinin arxivi buraya verilib. Amma erməni direktor Manutsyanın vaxtında Azərbaycan Cümhuriyyətinin bayrağı, İstiqlal Bəyannaməsinin əsli, parlamentin sənədləri Moskvada İnqilab muzeyinə təhvil verilib. Təhvil verilmə sənədi qalıb. Biz Moskvaya müraciət etdik, amma cavab yazdılar ki, bizə elə materiallar təqdim olunmayıb. Bizim muzeydə İstiqlal Bəyannaməsinin surəti var, eləcə də rəssam Əzim Əzimzadə tərəfindən çəkilmiş Bəyannamənin bədii təsviri mövcuddur. İkinci sərgimiz Azərbaycan Milli Ordusunun yaranmasının yüz illiyinə həsr ediləcək. İyun ayında keçirəcəyik. Bizim böyük silah fondumuz olduğu üçün sərgimiz təkcə ordunun yaranmasının yüz illiyi ilə bağlı deyil, həm də ümumi hərb tariximizi ehtiva edəcək. Üçüncü sərgimiz də qeyd etdiyimiz kimi, Qafqaz İslam Ordusu ilə bağlı olacaq.
- Kataloq məsələsi çox önəmlidir. Çünki muzeydə nələrin saxlandığını bilmək bu tarixlə məşğul olan hər kəs üçün maraqlıdır. Bu baxımdan muzeydə hazırda Cümhuriyyətlə bağlı nələr var?
- Əlimərdan bəy Topçubaşovun parlament nişanı, İbrahim bəy Heydərovun xəncəri var. Xəncəri 2011-ci ildə onun nəvəsi Türkiyədən gələrkən hədiyyə etmişdi. Bakı Dövlət Universitetinin möhürü bizdədir. Üzeyir Hacıbəylinin Bakı teatrında qoyulan tamaşalarının afişaları var. Xeyli fotoşəkillər var. 90-cı illərin əvvəllərində muzeyin əməkdaşları Cümhuriyyət xadimlərinin ailələri ilə görüşərək min bir əziyyətlə bu materialları toplayıblar. SSRİ-nin dağılma ərəfəsi olsa da, yenə də o insanların bəziləri qorxurdular, “bizdə material yoxdur” deyirdilər. O zaman Ayaz Mütəllibovun bir fərmanı yayımlandı. Maraqlı fakt deyim ki, həmin fərmandan sonra Kommunist Partiyasının bürosu qərar verdi ki, 28 Mayla bağlı Tarix muzeyi sərgi keçirsin. Özü də qısa vaxt veriblər. İşçilər də təcili axtarışa başlayıb toplayıblar. Məsələn, Ağa Axundovun diplomu, Əhməd Rəcəbliyə aid materiallar, sənədlər ilk dəfə o vaxt toplanıb. İlk dəfə 1990-cı ildə bu muzeydə Cümhuriyyətlə bağlı sərgi təşkil olunub. 70 ildən sonra insanlar Rəsulzadənin portretini gördülər. Yeri gəlmişkən bizdə Azərbaycan bayrağı da var. Rəsulzadənin xanımının toxuduğu bayraq muzeyimizdədir. O bayraq Müsavat Partiyasına verilmişdi, onlar da bizə təhvil verdilər. Bir neçə il bundan əvvəl isə cənab Prezident tərəfindən bizə İstiqlal Bəyannaməsinin iki nüsxəsi hədiyyə edildi. Parisdən tapılan bu nüsxələri çox güman ki, Əlimərdan bəy Topçubaşov özü ilə Parisə aparıbmış. Bu Bəyannamənin kənarında mismar izləri var. Görünür, təbliğat məqsədilə aparıb, divara vurublar. Həm fransız, həm də Azərbaycan dilindədir. Bizdə həmçinin Qafqaz İslam Ordusunun əsgərləri ilə bağlı şəxsi əşyalar, silahlar da var.
- İndi də Cümhuriyyətdə yer almış məşhur şəxslərə aid materiallar onların ailələri tərəfindən qorunur. Onlara müraciət etmisinizmi? Muzeyə münasibətləri necədir?
- Muzeyə münasibətləri çox müsbətdir. Bayaq qeyd etdiyim dövrdə bizim əməkdaşlardan biri Cavad bəy Məlikyeqanovun sağ olan qohumlarıgilə gedib. Həmin şəxs evdə olan bütün sənədləri muzeyə verib. İllərdir gizlədilən arxivi rahatlıqla təqdim edib. Sərgi təşkil edilərkən bu qadın iki gül dəstəsi ilə gəlib. Gülün birini Cavad bəyin portretinin yanına, digərini isə bizim həmin əməkdaşın ayağının altına qoyub. Deyib ki, illərdir bu günü gözləyirdik ki, bunlar tarixi dəyərini qazansınlar. İndi də bu işi də davam etdiririk. Təbii ki, təkcə Cümhuriyyətlə bağlı deyil, digər sahələr üzrə materialların muzeyə təhvil verilməsinə çalışırıq.
- Sizin özünüzün bu yaxınlarda Teas Press Nəşriyyat Evindən kitabınız çap olunacaq. Mövzu nə ilə bağlıdır?
- Kitab “Cənubi Qafqazda erməni ekstremizmi: XIX əsrin iknci yarısı-XX əsrin əvvəlləri” adlanır. Rus dilində çıxacaq bu kitab Azərbaycan, Gürcüstan, Rusiya, Türkiyə arxivlərinin materialları, geniş ədəbiyyat, dövri mətbuat materialları əsasında yazılıb və yeni, Azərbaycan oxucularına məlum olmayan faktlarla zəngindir. Kitabda bir çox maraqlı məsələlərə toxunulur. Məsələn, Rusiya imperiyasının ermənilərə himayə siyasəti niyə sonradan hökumətlə qriqorian kilsəsi arasında münaqişə ilə nəticələndi? Erməni ekstremizminin öz fəaliyyətini Osmanlı ərazisindən Rusiya ərazisinə keçirməsi Cənubi Qafqazda millətlərarası münasibətlərə necə təsir etdi? Britaniya və Yaponiya xüsusi xidmət orqanlarının XX əsrin əvvəllərində Cənubi Qafqazda sabitliyin pozulmasında rolu nədən ibarət olub? Kitabın əsas məziyyətlərindən biri 1905-1906-cı il erməni-müsəlman münaqişəsinin yeni yanaşmalara əsasən tədqiq edilməsi, 1905-ci il qırğınlarının 1918-ci il soyqırımı ilə tarixi paralellərinin araşdırılmasıdır. Ümid edirəm ki, kitab oxucuların marağına səbəb olacaq.