12.02
Milli Məclisin ermənilərin azərbaycanlılara qarşı soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclası başlayıb.
Teleqraf.com xəbər verir ki, spiker Oqtay Əsədov ölkə Prezidentinin qərarı ilə Mart soyqrımının 100 illiyinin dövlət səviyyəsində qeyd edildiyini xatırladıb. Daha sonra spiker deputatları soyqrımı qurbanlarını yad etmək üçün sayğı duruşuna dəvət edib.
Oqtay Əsədov deyib ki, Prezidentin 18 yanvar tarixli sərəncamı ilə Milli Məclisə soyqırımın 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilib:
“Erməni məsələsi Cənubi Qafqazda 1828-ci ildə Şimali Qafqazın Çar Rusiyası tərəfindən işğalı ilə başlayıb. Çar Rusiyası işğal edilən ərazilərdə öz mövqelərini möhkəmləndirmək üçün İran və Osmanlıdan ermənilərin köçürülməsini həyata keçirib. Qafqaza 1 milyon erməni köçürülüb”.
Spiker bildirib ki, erməni millətçilərinin “Böyük Ermənistan” xülyası Cənubi Qafqaza daim fəlakətlər gətirib:
“Nəticədə 2 milyona yaxın insan öldürülüb. Bakıda, İrəvanda, Dərələyəzdə, Anadoluda, Tiflisdə, Şamaxıda və digər şərəhlərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar həyata keçirilib. 18 mart bu soyqrımların ən dəhşətlisidir. Təkcə Bakıda 10 mindən çox insan öldürülüb”.
O.Əsədov əlavə edib ki, ermənilərin Qərbi Azərbaycanda və indiki Ermənistanda həyata keçirdiyi etnik siyasət nəticəsində bu ərazidə bir nəfər də azərbaycanlı qalmayıb:
“Ümummilli lider Heydər Əliyev ermənilərin azərbaycanlılara qarşı soyqırımına xüsusi diqqət verib və bununla bağlı sərəncamlar imzalayıb. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, İrəvan, Zəngəzur Azərbaycanın ərazilərdir. Bunu sübut etməyə ehtiyac yoxdur. Əminəm ki, işğal edilən ərazilər azad ediləcək. Əminəm ki, tarix hər kəsə öz layiqli qiymətini verəcək”.
***
12:28
Milli Məclisin xüsusi iclasında Azərbaycanlıların soyqrımının 100 illiyi mövzusunda müzakirələr davam edir.
Teleqraf.com xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov mart soyqrımı ilə bağlı parlamentdə məruzə ilə çıxış edib.
Akademik çıxışı zamanı qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə İrəvanın, Qarabağın və Naxçıvanın tarixi haqqında kitablar çap edilib.
***
13:05
200 ilə yaxın müddətdə ermənilərin törətdiyi soyqırımı əməlləri 1948-ci ilin dekabrında qəbul olunan "Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında" beynəlxalq konvensiya və bunun əsasında Cinayət Məcəlləsində əksini tapan maddələrlə qiymətləndirilməlidir. Bu soyqırımları qəddarlığa görə klassik soyqırımlarından fərqlənir. Hər dəfə ermənilər daha qəddar üsullardan istifadə edir, meydlərin üzərində işgəncələr həyata keçirirdi.
Teleqraf.com xəbər verir ki, bu fikirləri parlamentin xüsusi iclasında çıxışı zamanı deputat Rəfail Cəbrayılov deyib.
Deputat bildirib ki, indi əsas məqsəd 200 il ərzində törədilən soyqırımını dünyaya tanıtmaq naminə daha çox işlər görmək olmalıdır:
“Bununla bağlı əsərlər yazılıb, təhqiqatlar aparılıb. Prezidentin elə bir çıxışı yoxdur ki, erməni soyqırımının ifşası haqqında danışmasın. Siz də mənimlə razılaşarsınız ki, fəaliyyət peşəkarcasına aparılanda daha böyük uğurlara nail olmaq mümkündür.
200 ilə yaxın bir müddətdə soyqırımına məruz qalsaq da, Qubada olan abidə istisna olmaqla, nə abidə, nə də soyqırımı muzeyimiz var.
Azərbaycana gələn rəsmilər ümummilli lider Heydər Əliyev və Şəhidlər Xiyabanını ziyarət edir. Bu çox gözəl haldır. Fikrimcə, Şəhidlər Xiyabanı bazasında soyqırımı muzeyi və ya abidə kompleksi yaradıla bilər. Buna Şəhidlər Xiyabanının daha çox haqqı var. Çünki 1918 öldürülən soydaşlarımızın bəziləri orada dəfn edilib”.
***
13.21
Burada kifayət qədər fikirlər və faktlar səsləndirildi. Biz bundan sonra nələr edəcəyimiz haqda düşünməliyik.
Teleqraf.com xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa parlamentdə çıxışı zamanı səsləndirib.
O bildirib ki, bu gün vəfa borcumuzu necə yerinə yetirməyimiz haqda müzakirələr aparmalıyıq: “Məsələn, Sarbonna Universitetində oxuyan Əhməd bəy Ağayev 1905-1906-cı illər soyqrımı zamanı belinə tapança bağlayaraq qoçuları, digər gənc azərbaycanlıları birləşdirərək dİrəniş göstərdi. Bunun nəticəsində "Difai" kimi təşkilat meydana çıxdı. Biz belə məqamlara da xüsusi diqqət etməliyik”.
***
13.32
Azərbaycanda Soyqırımı Muzeyinin yaradılması ilə bağlı işlər gedir.
Teleqraf.com-un məlumatına görə, bunu Milli Məclisdə Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclasda çıxış edən deputat Rafael Hüseynov deyib.
“Hesab edirəm ki, yaxın vaxtlarda Azərbaycanda Soyqırımı Muzeyi yaradılacaq”, - deputat deyib.
***
13.58
Azərbaycanlılara qarşı törədilən soyqırımı haqqında yazılan kitablar, faktlar, sənədlər və parlamentdəki çıxışlar əsasən, beynəlxalq aditoriyaya çıxarılmalıdır.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin komitə sədri Siyavuş Novruzov parlamentin xüsusi iclasında çıxışı zamanı bildirib.
S.Novruzov deyib ki, törədilən soyqırımları haqqında və Ermənistanın işğalçı siyasəti ilə bağlı kitablar yazılıb və dərc olunub. Onun sözlərinə görə, akademik Yaqub Mahmudov tərəfindən Milli Məclisin kitabxanasına bununla bağlı çoxlu kitablar təqdim edilib:
“Bu sənədlər xarici dillərə tərcümə olunmalı, beynəlxalq arenaya çatdırılmalıdır. Həmin sənədləri tərcümə edib internetdə yerləşdirmək lazımdır ki, hər kəs oxusun.Təklif edərdim ki, Milli Məclisin bəyanatı müxtəlif dillərə tərcümə olunsun, xarici parlamentlərə göndərilsin. Bu tərcümələr internet və dostluq qrupları vasitəsiylə xarici ölkələrə çatdırılsın, dünya ölkələrinin saytlarında yerləşdirlisin”.
***
14:10
Vaxtilə uşaqlar pionerə keçəndə 26 Bakı Komissarı abidəsinin qarşısına aparır, Şaumyana baş əydirir və boyunlarına qalustuk taxırdılar. Bu gün sevinirəm ki, belə bir hal yoxdur və tarixi həqiqətlər ortaya çıxıb. Müstəqillik bu baxımdan da əhəmiyyətlidir.
Teleqraf.com xəbər verir ki, bu fikirləri parlamentdə deputat Tahir Kərimli səsləndirib. O, deyib ki, Şamaxıda ermənilər nənəsinin qohumlarının bütün nəslini qırıblar:
“Mən dediklərim tarixdə oxuduqlarım deyil, nənə və babalarımdan eşitdiklərimdir. Ağsuda insanlar erməni daşnaklarının əlindən Göyçay istiqamətinə qaçırdılar. Yolda ölənlər oldu. Göyçay məscidində insanları qırdılar. Babam 70 il yaşadı və ölənə qədər qardaşını axtarırdı. Onun qardaşı şəhid olmuşdu. Biz rus xalqını sevirik. Ancaq həqiqətlər də var. O vaxt da, indi də xalqımızın düşmənləri olub. Təəssüflər olsun ki, zamanında malakanlar da bu işdə ermənilərlə əməkdaşlıq edib”.
Deputat mart soyqrımı qurbanları ilə bağlı abidə qoyulması məsələsinin qaldırılmasını dəstəkləyib:
“Hesab edirəm ki, soyqırımı ilə bağlı muzey, abidə olmalıdır və bu möhtəşəmliyinə görə xüsusi seçilməlidir. Bu mənada aparılan müzakirələrdən razıyam. Təklif edirəm ki, bu gün qəbul edəcəyimiz bəyanat BMT-də rəsmi sənəd kimi paylanılsın. Biz bilməliyik ki, genosid cinayətinə baxılmayacaq. Artıq Beynəlxalq Cinayət Məhkəməsi neçə illərdir ki, belə cinayətlərə baxmır. Amma fəaliyyətimizi davam etdirməliyik. Ermənilər Şamaxıda 80 yaşlı ağsaqqalın gözlərini çıxardıblar. Hər yerdə bizi qırıblar. Şamaxıda, İrəvanda, Bakıda hamımızı türk olduğumuz üçün qırıblar. Biz də birləşməliyik, bir olmalıyıq”.
***
Əsrin əvvəlində Azərbaycanda, məhz Bakıda hakimiyyət uğrunda mübarizə getməsinə baxmayaraq, bu gün biz bunu ona görə soyqırımı kimi dəyərləndirə bilirik ki, Azərbaycanın müxtəlif partiyaları - istər Müsavat istərsə də bolşevik partiyalarından olan ziyalılar bu məsələyə vahid mövqedən yanaşıblar. Həm Nəriman Nərimanov, həm Məhəmməd Əmin Rəsulzadə bu hadisələri soyqırımı kimi dəyərləndirib.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin xüsusi iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
Komitə sədri təklif edib ki, tarixçilər ötən əsrin 20-30-cu illərinə aid arxiv sənədlərinə yenidən baxsın: “Çünki faktiki olaraq 30-cu illərdən sonra həmin hadisələri vətəndaş müharibəsi kimi qiymətləndiriblər. Amma 20-ci illərdə bir çox tarixçimiz 18-ci ildəki mart hadisələrinin soyqırımı olduğunu sübut edib”.
Ə.Hüseynli bildirib ki, hadisə ilə bağlı Hacı Zeynalabdin Tağıyev və bir sıra ziyalılar dünyaya müraciət etdikdən sonra hələ Qafqaz İslam Ordusu gələnə qədər ilk köməyi Dağıstan müsəlmanları, ümumilikdə Şimali Qafqaz müsəlmanları ediblər: “Şimali Qafqazın müftisi dərhal qərar qəbul edib, bir qrup müsəlman Şimali Qafqazdan Bakıya yürüş edib. Təxminən 1500 atlı Şimali Qafqazdan Bakıya yol alıb, yolboyu onlara əlavə 1000 atlı da qoşulub. Onlar aprelin 7-də indiki Xırdalan ərazisinə qədər gəlib, orada ermənilərlə gərgin döyüşlər baş verib. Bununla sonradan Qafqaz İslam Ordusunun uğurla Bakıya çatması üçün zəmin yaradıldı. O cümlədən Qarabağda, Zəngəzurda və Göyçədə gedən mübarizədə də əhalimiz yaxından iştirak edirdi. Xosrov bəy Sultanov və digərləri mühasirədə olmalarına baxmayaraq, Bakıya da kömək edirdilər”.
Ə.Hüseynli bildirib ki, bütün bunlar nəzərə alınsa, 1918-ci ildə baş verənlərlə 1988-ci ildə baş verənlər bir-birindən fərqlənir: “Çünki əsrin əvvəlində hakimiyyətlə xalq birliyi vardı, 1988-92-ci illərdə isə bu birlik mövcud deyildi. Bu da torpaqlarımızın yenidən işğalı ilə nəticələndi. 1993-cü ildən sonra ulu öndər Heydər Əliyevin verdiyi fərmanla, xüsusilə cənab prezidentin gördüyü işlər nəticəsində azərbaycanlılar, dünyadakı türklər və müsəlmanlar artıq baş verən hadisə ilə bağlı obyektiv bilgilərə malikdirlər”.