4 Aprel 2018 13:28
1 094
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com siyasi şərhçi Elçin Şıxlı ilə müsahibəni təqdim edir.

- Elçin müəllim, ABŞ Prezidenti Donald Tramp dünən bir daha bəyan etdi ki, ABŞ ordusunu Suriyadan çıxarmağın zamanı yetişib və Suriyada olan hərbçiləri vətənə göndərmək niyyətindədir. Sizcə, ABŞ-ın Suriya siyasətindəki bu dəyişiklik nə ilə bağlıdır?

- Açığını deyim ki, cənab Trampın hərəkətlərində məntiq tapmaq çətindir. Çünki o ilk dəfə bəyanat verdi ki, Suriyadan çıxacağıq, dünən axşam isə bu bəyanatı təkrar etməzdən əvvəl Pentaqon bəyan etdi ki, Suriyaya yeni hərbi qüvvələr göndərmək planları var. Bu mənada anlaşılmazlıq var. Suriyadakı müharibə və oyunların mərkəzində Qətərdə olan qaz yataqları durur. Qətər dünyada ən zəngin qaz yataqlarına malik ölkədir. Avropanın həm sıxılmış qaz, həm də borularla gedən qazla təminatı üçün Qətər qazının Suriya ərazisindən keçməklə borular vasitəsilə Avropaya çıxarılması məsələsi var. Rusiya bunu əsla istəmirdi. Çünki bu qaz kəməri işə düşsəydi, Rusiya öz qazı hesabına Avropaya iradəsini diktə edə bilməzdi. Əslində, Suriya müharibəsinin bir səbəbi də bununla əlaqəlidir.

İndi ABŞ-ın Suriyadan geri çəkilməsi geostrateji baxımdan məntiqə sığmır. Ola bilsin ki, Trampın nədənsə xəbəri var və bu səbəbdən də belə hərəkət etmək istəyir. Nəzərə alın ki, Tramp Rusiya Prezidenti Putinlə də görüşmək istəyindədir. Bəlkə də Trampın Suriya ilə bağlı dedikləri sadəcə oyundur.

- Qəribədir, Tramp həm də bəyan edib ki, əgər Səudiyyə Ərəbistanı ABŞ ordusunun Suriyada qalmağını istəyirsə, pul ödəsin...

- Bu, artıq biznesmen yanaşmasıdır, əsla dövlət başçısı yanaşması deyil. Bu adam biznes vasitəsilə 30 milyarda qədər pul qazanıb. Görünür, nəsə bilir. Bildiyiniz kimi, Səudiyyənin Qətər və İranla ciddi problemləri var. ABŞ-ın dəstəyi olmasa, Səudiyyə indiki kimi orada söz sahibi ola bilməz.

- Sizcə, Tramp Səudiyyədən pul qoparmaq istəyir?

- Bu, mümkün variantdır. Strateji cəhətdən ABŞ qoşunlarının Suriyadan çıxarılması ölkəyə heç bir xeyir verə bilməz. Əksinə bu, ABŞ-a zərərli addımdır. Ancaq aydındır ki, Suriyada ABŞ qoşunlarının saxlanılmasına xeyli maliyyə sərf edilir. Ola bilsin ki, indi ABŞ-ın Suriyada olan hərbçilərinin xərclərini Tramp Səudiyyə Ərəbistanının üzərinə qoymaq istəyir. Əslində, bu, qəribə prosesdir. Sonunu maraqla izləmək lazımdır.

- Suriyada ABŞ-ın hərbi iştirakçılığının olmamasını necə təsəvvür edirsiniz?

- ABŞ ordusunun Suriyadan çıxması ehtimalı çox azdır. Bu, mümkün də deyil. Çünki Suriyada ABŞ ordusunun qalması bu ölkənin strateji maraqlarından irəli gəlir. Əgər ordu Suriyadan çıxırsa, bu o deməkdir ki, ABŞ Yaxın Şərqdə öz mövqelərini itirir. Düşünmürəm ki, ABŞ buna gedə bilər.

- ABŞ-ın Suriyadan çəkilməsi İranın Yaxın Şərqdə nüfuzuna hansı təsir göstərə bilər?

- Təbii ki, bu halda İranın yaxın Şərqdə nüfuzu artacaq. O cümlədən də Rusiyanın. Hazırda Ankarada böyük görüş və müzakirələr aparılır. Dünən Vladimir Putin Ankaraya gedib, axşam saatlarında isə İran prezidentinin təyyarəsi Ankaraya eniş edib. Hazırda üç ölkə lideri Ankarada müzakirələr aparır. Ancaq bu danışıqların nəticəsində ciddi alyansın yaranacağını gözləmirəm. Lakin bütün hallarda taktiki istiqamətdə birgə addımlar ata bilərlər. Amma ABŞ-ın Suriyadan çıxması o deməkdir ki, Vaşinqton Yaxın Şərq və bütövlükdə ərəb coğrafiyasında uduzur. Buna imkan veriləcəyinə isə inanmıram.

- Prezident Tramp iki dəfə rəsmən ABŞ ordusunu Suriyadan çıxaracağını desə də, Pentaqon Menbicdə hərbi personalın sayını artırıb. Əgər ABŞ ordusu Suriyadan çıxmasa, necə olacaq? Təsəvvür edin ki, prezident ordunu Suriyadan çıxarmaq istəyir, amma son nəticədə bu baş vermir...

- Ola bilsin ki, bu durum kimlərdəsə Trampın qeyri-ciddi imicini yarada bilər. Ancaq bəzi mühüm məqamları unutmayaq.

Birincisi, unutmayaq ki, Tramp oyunçu olmaqla yanaşı, həm də şoumendir. Ola bilsin ki, bu hərəkətləri ilə bir növ poker oyununda blef edir.

İkincisi, məşhur deyim var: yaxşı polis, pis polis. Ola bilsin ki, hazırda ABŞ-da iki fərqli fikir var. Tramp yaxşı polis, digərləri isə pis polis obrazında oynayır, amma məqsəd birdir. Bu oyunun nəticəsində hansısa bir məqsədə nail olmaq istəyirlər. Bu da real gediş ola bilər.


Müəllif: Cavad

Oxşar xəbərlər