Türkiyənin təhsil idarələrinə, valiliklərə müraciət etmişəm. Hətta dövlət başçısı Rəcəb Tayyib Ərdoğana da məktub yazmışam. Bu problemin həlli üçün, təxminən 50-yə qədər görüş keçirmişəm.
Bu sözləri Teleqraf.com-a Filologiya üzrə fəlsəfə doktoru, yazıçı-tədqiqatçı, İstanbuldakı Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyinin sədri, “İstanbul Azərbaycan Teatrı”nın qurucularından olan Aygün Həsənoğlu deyib.
- Aygün xanım, İstanbulun Sultanqazi ilçəsində adını belə yazmağı bacarmayan 6 və 17 yaş arası mindən (1000) çox azərbaycanlı var. Oradakı soydaşlarımızın bir çoxunun (yəni yüzdə doxsanının) Türkiyədə yaşamaq icazəsi olmadığı üçün, öz övladlarını Türkiyə məktəblərində oxuda bilmirlər. Bu haqda məlumatınız varmı?
- Mən 6 ildir Türkiyədə yaşayıram. Bu problemi biləndən sonra bir müəllim və tədqiqatçı kimi böyük narahatlıq keçirdim. Məsələni araşdırmağa başladım. Əvvəlcədən deyim ki, İstanbuldakı dərnəklər də bu məsələ üçün çalışıblar. Amma hələ bir nəticə yoxdur.
- Ümumiyyətlə, bu məsələdə günahkar kimdir?
- Məsələ burasındadır ki, 90-cı illərdən başlayaraq Türkiyəyə xeyli sayda azərbaycanlı gəlib. Təbii ki, insanlar iş arxasınca gəliblər. Amma aldıqları maaş az olduğundan və yaxud qanunları bilmədiklərindən öz uşaqlarının həyatını, gələcəyini böyük riskə atıblar. Təsəvvür edin ki, o dövrdə gələnlərin çoxunun pasport vaxtı bitib, geri dönüb lazım olan sənədləşməni edə bilməyiblər. Türkiyədə oturma iznləri də bitib. Buna görə qaçaq duruma düşüblər. Buna məsuliyyətsizlik də demək olar. Valideyn özünə yeni həyat qurur, amma uşağını nəzərə almır. Nəticədə təkcə İstanbulda minlərlə olduğu deyilən məktəb görməmiş ordu var. Ordu sözü kobud çıxmasın, ancaq bu həqiqətdir.
- Deməli, bu problemin kökü daha əvvəllərə dayanır. Rəsmi nikahda olmayan insanların sayı da çoxdur.
- Bəli. 90-cı illərdən qaçaq olduğu üçün məktəbə gedə bilməyən uşaqlar böyüyüb, evlənib və evliliklərini rəsmiləşdirə bilməyiblər. Buna görə, onların uşaqları da eyni taleyi yaşayır, məktəbə gedə bilmirlər.
- Yəni oradakı azərbaycanlı uşaqların təhsil ala bilməsi üçün, heç bir şərait yoxdurmu?
- Halkali bölgəsində bir ibtidai məktəb fəaliyyət göstərir. "Zəhra ana" dərnəyinin məktəbidir. Amma çox qapalı məktəbdir və təriqət tərəfindən qurulub. Türkiyədə təriqətlər çox güclüdür və xeyli aktivdirlər. Yəni bizim uşaqları bir təriqət oxutdurur.
- Bəs orda yaşayan azərbaycanlılar bu problemin həlli üçün heç nə etmirlər?
- Keçən il Azərbaycandan bir xanım gəldi, dərnək açmaq istədiyini bildirdi. Mən də dərnək açmaq üçün səndələşmə işində bacardığım köməyi göstərdim. Baxmayaraq ki, artıq keçən ilin yanvar ayında mənim rəhbərlik etdiyim Təhsil və Mədəniyyət Dərnəyi qurulmuşdu. Sonra öyrəndim ki, həmin xanım məktəb açıb. Amma məlum məsələdir ki, dərnək səviyyəsindədir. Yəni gücü çatdığı qədər otaq kirayə edib, İstanbuldakı müəllimləri toplayaraq, uşaqlara yazmaq-oxumaq öyrədir. Əlbəttə, heç olmamaqdan bu yaxşıdır. Amma Azərbaycan Türkiyədə zəngin dövlət kimi tanınır. İstanbul kimi şəhərdə Azərbaycanın adına layiq bir məktəb olmalıdır. Bildirməliyəm ki, məsələ ilə əlaqədar 3 ildir aktiv çalışıram, görüşlər keçirirəm.
- Kimlərə müraciət etmisiz?
- Türkiyənin təhsil idarələrinə, valiliklərə müraciət etmişəm. Hətta dövlət başçısı Rəcəb Tayyib Ərdoğana da məktub yazmışam. Bu problemin həlli üçün, təxminən 50-yə qədər görüş keçirmişəm.
- Türkiyədə yaşayan ziyalılarımız nə düşünürlər?
- Bildirmək istəyirəm ki, bəzi məsələlər İstanbulda yaşayan ziyalılarımızın müdaxiləsi ilə həll olunub. Yəni Türkiyə məktəbləri uşaqları məktəbələrə götürürlər, ancaq problemin ağrılı tərəfi budur ki, qeydiyyatda olmayan uşağı məktəbə götürə bilməzlər. Məktəbə götürmək üçün, sənəd lazımdır. Hətta sənədi olsa belə, 17 yaşlı uşağı 7 yaşlı uşaqla bir partada oturda bilməzlər.
- Sizcə, çıxış yolu nədir?
- Qısası iki yol var:
1) Azərbaycan konsulluğu Türkiyə dövlətinə müraciət etməlidir və bu yolla Azərbaycan Türkiyədə rəsmi məktəb açmalıdır. Sənədsiz uşaqların və onların ailələrinin sənədləşdirilməsi işi aparılmalıdır.
2) Türkiyədə yaşayan azərbaycanlıların şəxsiyyət vəsiqəsi və xarici pasportla təmin edilməsi üçün heç olmasa, İstanbulda bir neçə şəxs məsul edilməli və onlar konsulluqda oturaraq, bu məslələri həll edə bilməlidirlər. Çünki konsulluqdakı işçilərin buna gücü çatmaz.
- Bəs özəl məktəblərin yaradılması mümkündürmü?
- İstanbulda özəl məktəb açılacaq. Mən öz gücüm yetən qədər məhz bu məsələ üzərində dayanıram. Amma burdakı ailələr az maaş aldıqları üçün, özəl məktəblərin pulunu ödəyə bilməzlər. Sadəcə, dövlətin və iş adamlarının cəlb olunması ilə belə məktəbləri açmaq mümkündür. Bunun üçün, öz təşəbbüsümlə təhsil şirkəti də qurmuşam. Artıq, özəl məktəb açmaq hüququm da var. Lakin Türkiyədə özəl məktəb açmaq üçün ciddi şərtlər qoyulur. Yəni mütləq idman meydançası, üzgüçülük hovuzu, idman zalı, iclas otağı, bufet və s. olmalıdır.
Hazırda 500 məfərlik 2 növbəli məktəb binasının tikilməsi üçün, görüşlər keçirirəm. Onu da qeyd edim ki, bunları şəxsi maddi imkanım hesabına edə bilmərəm, ancaq lazım gəlsə, fond quracağıq, hesab açacağıq. Mən buraya gələndən, heç öz yaradıcılığıma da vaxt tapa bilmirəm. Bu uşaqlar bizmdir və onlar bir gün vətənə qayıdanda gözləri kor kimi dönməməldirlər.
- Dövlətimizdən kömək istəmisizmi?
- Dövlətimdən, Cənab prezidentimiz İlham Əliyevdən, vitse-prezident Mehriban Əliyevadan kömək istəyirəm. Azərbaycan kasıb ölkə olsaydı, bunu beynəlxalq təşkilatların köməyi ilə edə bilərdik. Amma bu məktəb Azərbaycan dövlətinin adına layiq məktəb olmalıdır. Uşaqları 4-5 otağa yığıb məktəb açmaq Azərbaycanın adına yaraşmaz. Problem dövlət səviyyəsində həll edilməlidir.