11 Avqust 2014 12:39
978
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il ölkə ərzisinə düşən yağıntıların miqdarı az olduğundan su anbarlarına toplanılan su ehtiyatlarından qənaətlə istifadə etmək lazımdır

Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə bildirib ki, bu il Böyük Qafqazın cənub yamacındakı Ağsuçay, Girdimançay, Göyçay, Türyançay ya tam quruyub, ya da onların su sərfi ən minimum həddə düşüb: "Bu il ölkə ərazisinə yağıntılar çox az düşdüyündən çaylarda azsululuq var. Hətta su anbarlarımızın da su ehtiyatları çox çətinliklə toplanılır".

Azərbaycanın əksər hissəsinin quraq, yəni quru subtropik ərazi olduğunu xatırladan E.Əlizadə qeyd edib ki, bu səbəbdən ölkədə suvarma əkinçiliyi tətbiq edilir. Azərbaycanda suvarma üçün çox böyük əhəmiyyəti olan 140-dən artıq su anbarı var ki, onlardan da suvarma üçün daha əhəmiyyətli və böyük olanı Şəmkir, Yenikənd, Mingəçevir, Bəhramtəpə, Mil-Muğan və s.-dir. Bunlar əsasən, Kür, Araz çayının suyu ilə işləyir: "Ancaq bu il həm Kürdə, həm də Arazda su sərfi keçən ilə nisbətən xeyli aşağıdır. Düzdür, su anbarlarında qışdan xeyli su ehtiyatı toplanılıb. Ancaq o ehtiyatlardan qənaətlə istifadə etmək lazımdır. Çünki bu il doğrudan da, yağıntıların miqdarı azdır. Ola bilsin ki, payızda yağıntıların miqdarı orta illik göstəriciyə çatacaq".

Azərbaycanda bəzi illərdə sel hadisələrinin çox olduğunu xatırladan E.Əlizadənin sözlərinə görə, 1960-cı ilə qədər Azərbaycanın təbiətini öyrənən xarici alimlər ölkədə sel hadisələrinin tədricən səngiməsi fikrinə gəliblər. Amma sonradan öz tanınmış alimlərimizin apardıqları tədqiqatlar göstərdi ki, bu proses əksinə sürətlənməkdədir.
İnstitutun direktor müavininin sözlərinə görə, 1960-cı illərdə, xüsusilə 1962, 1963, 1975, 1979-cu illərdə təhlükəli sellər baş verib. 2009, 2010, 2011-ci illərdə də Azərbaycanda sel hadisələri çox olub: "Bu il hələ ki, artıq bir neçə sel hadisəsi olub. Baş verən sellərə görə bu il vəziyyətin çox fərqləndiyini deyə bilmərik. Bunun yekununu oktyabr-noyabr aylarında deyə bilərik. May, iyun, iyul, avqust, sentyabr - quraq keçən dövrlər sellərin baş verməsi baxımından ən təhlükəli dörvlərdir".


Müəllif:

Oxşar xəbərlər