11 Avqust 2014 13:32
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən (EİS) istifadə qaydaları barədə işəgötürənlərin məlumatlandırılması məqsədilə Lənkəran şəhərində “Açıq qapı” günü-vətəndaş forumu keçirilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, nazirliyin Lənkəran rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi tədbirdə Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad, Biləsuvar, Yardımlı, Salyan, Neftçala, Hacıqabul rayonlarında və Şirvan şəhərində fəaliyyət göstərən işəgötürənlər iştirak edib.


Forumda əmək müqaviləsi bildirişi üzrə EİS-in tətbiqinin əmək hüquqlarının təminatına dövlət nəzarətinin səmərəli təşkilinə, işçilərin əmək və gələcək sosial təminat hüquqlarının müdafiəsinə, qeyri-leqal əməyin qarşısının alınmasına, sosial sığorta haqları və vergi daxilolmalarının artırılmasına xidmət etdiyi vurğulanıb.


Bildirilib ki, bu islahat tədbiri hər bir əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi üçün onun qanunvericilikdə nəzərdə tutulmuş əmək müqaviləsi bildirişi formasında “Elektron hökumət” portalı üzərindən (https://www.e-gov.az) EİS-ə daxil edilərək qeydiyyatdan keçirilməsi tələbini irəli sürür. Əmək müqaviləsində dəyişiklik edildiyi və ya ona xitam verildiyi halda da bu barədə müvafiq bildirişlər EİS-də qeydiyyatdan keçirilməlidir.


Yeni sistemin proqram təminatının da mükəmməl şəkildə hazırlandığı, məlumatların təhlükəsizliyinin təmin olunduğu və daxil edilən hər bir bildirişin bir iş günü ərzində qeydiyyatdan keçirildiyi diqqətə çatdırılıb. Tədbir zamanı ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları əmək müqaviləsi bildirişi üzrə EİS-dən istifadə qaydaları barədə geniş məlumatlar və praktik bilgilər veriblər. İşəgötürənlərin ayrı-ayrı sualları da savablandırılaraq, bu islahat prosesinin daim nəzarətdə saxlanacağı, əmək müqaviləsi bildirişlərinin daxil edilməsinə səhlənkar yanaşan işəgötürənlərlə bağlı ciddi inzibati tədbirlər görüləcəyi bildirilib.


Müəllif:

Oxşar xəbərlər