20 Aprel 2018 17:01
1 757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov aprelin 10-da doğum gününü qeyd edib. Onun 70 yaşı tamam olub.

Teleqraf.com xatırladır ki, Əli Şamil oğlu Həsənov 10 aprel 1948-ci ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. 1964-cü ildə Böyük Mərcanlı kənd orta məktəbini bitirib.

1964-1969-cu illərdə Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun mexanika fakültəsində təhsil alıb. 1981-1985-ci illərdə Bakı Ali Partiya məktəbində oxuyub. İxtisasca mühəndis-mexanik, politoloqdur.

Əmək fəaliyyətinə 1969-cu ildə “Azərneftkimyaquraşdırma” Trestinin Birinci Sumqayıt Quraşdırma idarəsində usta kimi başlayıb. Sonralar həmin idarədə iş icraçısı, baş iş icraçısı, şöbə müdiri, baş mühəndis vəzifələrində çalışıb. 1978-ci ildən “Kimyasənaye” İstehsalat Birliyində baş direktorun əsaslı tikinti üzrə müavini, “Sumqayıt Kimyasənaye” Birliyində baş direktorun tikinti üzrə müavini, 1979-cu ildən “Üzvi Sintez” İstehsalat Birliyində direktorun tikinti üzrə müavini, 1980-ci ildən Sumqayıt Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin müavini, Sumqayıt Şəhər Partiya Komitəsinin ikinci katibi, 1983-cü ildən Sumqayıt Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin birinci müavini, 1991-ci ildən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, 1993-cü ildən “Azərkimya” Dövlət Şirkəti prezidentinin müavini, birinci müavini, 1997-ci ilin oktyabr ayından 2001-ci ilin 23 may tarixinədək Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin sədri vəzifələrində işləyib.

1998-ci il 18 noyabr tarixindən Baş nazirin müavini – Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədridir. Eyni zamanda Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədridir.

1990-1995-ci illərdə respublika Ali Sovetinin deputatı, 1996-2000-ci illərdə Azərbaycan Milli Məclisinin üzvü olub.

Prezidentin 2008-ci il 9 aprel tarixli sərəncamı ilə dövlət qulluğunda göstərdiyi səmərəli fəaliyyətiə görə “Şöhrət” ordeni ilə təltif edilib.

2013-cü il 7 iyun tarixdə keçirilən Yeni Azərbaycan Partiyasının V qurultayında Yeni Azərbaycan Partiyasının sədr müavini seçilib.

Ailəlidir, 2 övladı var.

Prezident İlham Əliyevin aprelin 20-də imzaladığı sərəncamla Azərbaycan Respublikasında qaçqınların və məcburi köçkünlərin sosial məsələlərinin həllində səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.


Müəllif: Səxavət

Oxşar xəbərlər