Erməni separatçılarının girovluğunda olan 2 azərbaycanlı britaniyalı millət vəkilinin narahatlığına səbəb olub
Azərbaycan-Böyük Britaniya parlamentlərarası dostluq qrupunun sədri Kristofer Pinçer Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri, millət vəkili Devid Liddinqtona məktubla müraciət edib.
Avropa Azərbaycan Cəmiyyətindən verilən məlumata görə, məktubda deyilir: “15 iyul tarixində Şahbaz Quliyev və Dilqəm Əsgərov mübahisəli Dağlıq Qarabağ ərazisində yerləşən Kəlbəcər rayonunun Şaplar kəndində ermənilər tərəfindən saxlanılıblar. Hər iki şəxs nə Ermənistan, nə də BMT tərəfindən tanınan, lakin ermənilər tərəfindən “sərhəd” kimi iddia edilən Dağlıq Qarabağ ərazisinə ailələrinin məzarını ziyarət etmək məqsədilə daxil olublar. Lakin onlar hüquqi müdafiə ilə təmin edilmədən saxlanılıb, daha sonra erməni telekanallarında “təxribatçı” kimi təqdim ediliblər.
Onlara bir mülki şəxsin və bir hərbiçinin ölümündə ittiham irəli sürülüb. Ailə üzvlərinin məzarını ziyarət etmək üçün Dağlıq Qarabağa daxil olmuş digər azərbaycanlı, Həsən Həsənovun Şaplar kəndindəki əməliyyat zamanı öldürüldüyü Ermənistan qüvvələri tərəfindən bəyan edilib.
Əminəm, Siz də razılaşarsınız ki, heç bir mülki şəxs öz evini ziyarət etmək istəyində olduğu üçün bu şəkildə rəftar görməməlidir. Yəni saxlanılmamalı, yaxud öldürülməməlidir. Bu şəxslərə Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən zəruri yardımın və konsulluq xidmətinin göstərilməsi zəruridir. Başa düşürəm ki, hazırda regionda həllini gözləyən daha böyük problemlər var. Lakin mən ümidvaram ki, Siz Böyük Britaniyaya dost ölkə olan və bu yaxınlarda münaqişənin yenidən alovlandığı Azərbaycan üçün bu məsələnin həllinin və iki şəxsin doğma evinə qaytarılmasının nə qədər mühüm olduğunu anlayışla qarşılayacaqsınız. Öldürüldüyü bildirilən Həsən Həsənovun məsələsi ilə bağlı ümid edirəm ki, Siz Dağlıq Qarabağda əsas söz sahibi olan Ermənistan hakimiyyətini onun ölüm faktını təsdiq etməyə, nəşinin ailəsinə qaytarılması və ölüm səbəbini araşdırmaq üçün bütün zəruri addımların atılmasına çağırasınız.
Sizin cavabınızı gözləyir və ümid edirəm ki, Böyük Britaniya hökuməti məsələnin tezliklə həllinə səy göstərəcək”.
/APA/