Xarici işlər naziri Elmar Məmmədyarov və Belarus xarici işlər naziri Vladimir Makey iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirib.
XİN-dən Teleqarf.com-a verilən məlumata görə, E.Məmmədyarov məktubda həmkarını iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə təbrik edib.
Bu ildönümünün iki ölkə üçün əlamətdar və həm də rəmzi xarakter daşıdığını qeyd edən E.Məmmədyarov iki dövlətin liderlərinin müdrikliyi və səyləri sayəsində ölkələrimiz arasında sıx əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib.
O bildirib ki, intensiv siyasi dialoq, sosial-iqtisadi əlaqələr, beynəlxalq arenada qarşılıqlı dəstək, humanitar əməkdaşlığın davamlı şəkildə dərinləşdirilməsi ilə xarakterizə olunan ikitərəfli münasibətlər xüsusi əhəmiyyətli strateji tərəfdaşlıq səviyyəsinə çatıb.
Belarus xarici işlər naziri V.Makey Elmar Məmmədyarova ünvanladığı məktubda 25 il ərzində Belarus-Azərbacan münasibətlərinin iki xalqın dostluğu, qarşılıqlı anlaşma və etimad ənənələri üzərində qurularaq strateji xarakter aldığını və siyasi, sosial, iqisadi və humanitar sahələri əhatə etdiyini vurğulayıb.
V.Makey ali və yüksək səviyyədə dövlətlərarası təmasların dinamik şəkildə inkişaf etdiyini və bir sıra ikitərəfli iqtisadi layihələrin həyata keçirildiyini bildirib. O həmçinin, ölkələrimizin beynəlxalq arenada mövcud olan problemlər və təhdidlərə münasibətdə oxşar mövqe tutduğunu və bir-birinə qarşılıqlı dəstək göstərdiyini diqqətə çatdırıb.
Qeyd edək ki, Azərbaycan və Belarus arasında diplomatik əlaqələr 11 iyun 1993-cü ildə qurulub.