17 İyun 2018 10:03
1 569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda soydaşlarımızla bağlı başladılan cinayət işinin təfsilatından geniş məlumatım yoxdur. Bununla belə anlaşılan odur ki, Marneuli meri Temur Abazov, eləcə də azərbaycanlı deputatlar öz səlahiyyətlərini itirmək təhlükəsi ilə qarşı-qarşıyadır. Bunun sui-qəsd olmaq ehtimalı həmişə var, bununla belə, videoya çəkilmiş dəlil-sübut olmasaydı, bu səviyyədə mövqeyə sahib şəxslər barədə həbs qətimkan tədbirinin seçilməsi mümkün olmazdı.

Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa deyib.

Millət vəkili hesab edir ki, Marneuli kimi strateji əhəmiyyəti böyük olan bir bölgədə soydaşımızın siyasi postunu itirməsi üzücü hadisədir:

“Ümid edək ki, sonluğu yaxşı olar. Burada başqa bir məqama toxunmağı hədəfləyirəm. Baxın, hansısa bir futbolçumuz Avropa klublarının birinə gedir, elementar davranış qaydalarına əməl edə bilmədiyinə görə iki ay sonra ölkəmizi Avropada yaxşı mənada tanıtım imkanını itirir və geri qaytarılır. Əvəzində isə erməni Mxitaryan Avropanın bir aparıcı klubundan digərlərinə transfer olunub, həm özünə, həm də Ermənistana pul və şöhrət qazandırır. Davranışı ilə də başqalarına rahatsızlıq yaratmır.

İndi də bu qədər strateji əhəmiyyətli post tutan azərbaycanlının məsuluyyət duyğusu o qədər yüksək həddə olmalı idi ki, bu səviyyədə primitiv davranışın güdazına getməsinlər. Axı Gürcüstanda önə çıxa bilən hər bir kadr bizim üçün əlahiddə bir dəyərə malikdir.

Bu cür kadrların sayı da çox deyil və soydaşlarımızın təmsilçilik imkanları bu cür hərəkətlərlə xeyli məhdudlaşır. Hüquq çərçivəsində çözülməli məsələləri kobud formada həll etməyə cəhd etsən, həm özünü, həm də başqa vacib milli personaları zərbə altına qoyarsan. Bu məsələdən xeyli üzgünəm və bundan sonrakılara görk olmalıdır ki, qonşu ölkədə kiçik bir mövqenin itirilməsinin ən böyük zərbəsi orada dədə-baba yurdumuzda əsrlərdir yaşayan qardaş-bacılarımıza dəyir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər