26 İyun 2018 08:44
1 181
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com media eksperti, Türkiyənin siyasi və hüquq sisteminə dərindən bələd olan Ələsgər Məmmədli ilə müsahibəni təqdim edir.

- Ələsgər bəy, Türkiyədə keçirilən prezident və parlament seçkilərinin nəticələri haqqında nə deyə bilərsiniz?
- Türkiyədəki seçkiləri ümumi və bir də detallı qiymətləndirmək olar. Ümumi qiymətləndirəndə bu seçkilər göstərdi ki, türk cəmiyyəti aktiv şəkildə seçki prosesinə əhəmiyyət verir. Ölkənin 87 faiz seçicisi, daha doğrusu, 59 milyon seçicinin 87 faizi səsverməyə getdi. Bu özü ciddi şəkildə demokratiyaya olan inamın göstəricisidir.

İkinci məqam odur ki, çoxlu spekulyativ ifadələr olsa da, seçkilərin nəticəsinin Məhərrəm İncə tərəfindən tanınması, qalib tərəfin təbrik edilməsi onu göstərir ki, 190 mindən çox seçki məntəqəsində proses tərəflərin nümayəndələrinin iştirakı ilə şəffaf keçirilib. Yəni seçkinin ümumi nəticələrinə təsir edəcək qədər neqativ hallar olmayıb.

Əlbəttə, seçki mühitini qiymətləndirərkən, seçkilərin fövqəladə vəziyyət rejimində keçirildiyi qeyd edilməlidir. Təbii ki, fövqəladə vəziyyət demokratik hüquqları məhdudlaşdıracaq rejimdir. Mediada bu və ya digər formada xeyli sahədə monopoliyalaşma, hakimiyyətin basqı ağırlığı var. Amma buna rəğmən, alternativ media, tribunalar var və müxalifətə geniş imkan tanınmışdı ki, öz fikirlərini ifadə etsin.

Yəni seçki tamamilə bir tərəfin mütləq üstünlüyü ilə keçmədi. Ayrıca seçkilərə dövlətin ayırdığı vəsait partiyalara normal seçki kampaniyası aparmağa imkan verirdi. Namizədlərin və ümumu seçkilərdə alınan faizlər nisbətinə gəldikdə, məncə, seçicilər çox diqqətli davrandı və əslində bütün siyasi tərəflərin hamısı deyə bilər ki, seçkini qazanmışıq, həm də deyə bilər ki, bizə ciddi seçki xəbərdarlığı edilir. Məsələnin mahiyyəti budur ki, Ərdoğan 42 faiz səsi öz partiyasından, 10 faizini isə MHP-dən alaraq prezident seçilə bilib. Amma eyni zamanda bu, Ərdoğana mesajdır ki, sən başqanlıq sistemini gətirsən də, hər şeyi təkbaşına həll edəcək qədər sərbəst deyilsən. Sənin orada olmağının səbəbi sənə başqa bir partiyanın dəstəyidir.

- Sosial şəbəkələrdə bir çoxları yazırlar ki, seçkilər saxtalaşdırılıb. Siz, uzun illər Türkiyədə yaşamısınız, bu ölkənin siyasi və hüquq sisteminə dərindən bələdsiniz. Bu ölkədə saxtakarlıqlar mümkündürmü. Mümkündürsə, bu hansı səviyyədə ola bilər?
- Mənim fikrimcə, “seçkilər saxtalaşdırılmasaydı Ərdoğan birinci turda qalib ola bilməzdi” yanaşması ədalətli və obyektiv qiymətləndirmə deyil. Məhərrəm İncə də son çıxışINda dedi ki, Ərdoğanın onlardan artıq topladığı 10 milyon səs saxta deyil. Türkiyədə seçkilər zamanı cənub- qərbdə seçki problemləri olur. Xüsusilə, kürdlər PKK ilə bağlardan istifadə edərək, seçki prosesinə müdaxilə etməyə cəhd göstərirlər.

Məsələn, dünən Şanlıurfada torbalarla dolu bülletenlərin polis tərəfindən tutulması aydın şəkildə göstərir ki, bu faktiki Şanlıurfa, Şırnakda qutudan birinci çıxan partiyanın problemidir. Yəni onlar bu işi təşkil edir. Sözsüz ki, belə hallarda saxlanılan şəxslər məsuliyyətə cəlb olunur. 190 min seçki məntəqəsinin bir neçəsində texniki səhvlər və ya müdaxilələr ola bilər. Amma bu, Türkiyədəki seçkilərin ümumi nəticələrinə təsir edəcək, onu şübhə altına salacaq, habelə siyasi partiyaların nümayəndələrindən formalaşan komissiyanın fəaliyyətinə kölgə salacaq həddə deyil. Mən Türkiyədə yaşadığım zamanlar belə iddialar olmayıb. Əgər Ərdoğan seçilibsə və digəri məğlub olubsa, bu o demək deyil ki, seçkilərdə saxtakarlıq olub. Seçkidən əvvəl təəssüflər olsun ki, belə narahatlıqlar mövcud idi. Amma seçkilərdən sonra müxalifət çox net şəkildə protokolların sürətini əldə etdi və sonra cəmiyyətin qarşısına çıxıb nəticələri tanıdıqlarını elan etdilər.

- Bundan sonra üfüqdə necə bir Türkiyə görəcəyik?
- Əgər MHP həddi keçməsəydi və Ərdoğan seçilsəydi, bu zaman “MHP-ni parlamentə biz gətirdik” deyərək bu partiyanın üzərində bir təzyiq yaratmaq şansı olacaqdı. Ancaq indiki halda MHP özü 11 faizdən çox səs aldı, eyni zamanda MHP olmadan Ərdoğanın toplayacağı səslərin 50 faizi keçməyəcəyini nümayiş etdirdi. Beləcə MHP kilid partiya roluna gəldi. Baxçalı dünən açıq şəkildə dedi ki, xalq MHP-yə önəmli bir funksiya verib, söhbət nəzarət funksiyasından gedir. Əlbəttə, Baxçalının özü liberal düşüncə sahibi deyil, millətçi baxışlara malikdir və s.

Amma düşünürəm ki, o, avtoritarizmə meyllərin qarşısında dura biləcək tarazlıq yaradacaq. Üstəlik AKP-nin birinci çıxması, MHP-siz böyük gücə malik olmaması, eyni zamanda Ərdoğanın təkbaşına 50 faiz səs toplaya bilməməsi faktiki yaxın 5 ildə hökumət və parlamentin kifayət qədər uzlaşma üslubu sərgiləyəcəyini deməyə əsas verir. Əks halda erkən seçkilər qaçılmaz olar.


Müəllif: Cavad

Oxşar xəbərlər