“Müddəaları pozanlar cəzalanacaq”
Suallarımıza Müsavat partiyası başqanının müavini Gülağa Aslanlı cavab verib. Başqan müavini müxalif düşərgədə son zamanlar baş verən ittihamlar, Milli Şuranın Müsavatın təşəbbüsü ilə keçirilən tədbiri boykot etməsi, bu tədbirdə iştirak edən partiyaların müxalifət düşərgəsinə aidiyyətinin olmaması haqda iddialara cavab verib. Müsahibimiz eyni zamanda Müsavatın gözlənilən qurultayı, qurultay öncəsi müşahidə olunan çalxalanma, qurultaydan sonra narazılıqların hansı həddə olması və Hüseyn Məlikin partiyadan kənarlaşdırılması mövzusunda fikirlərini açıqlayıb.
- Gülağa bəy, AXCP iddia edir ki, Müsavat onların yaratdığı müdafiə komitəsinə alternativ yaratmaq istəyir. Bu məsələyə aydınlıq gətirə bilərsinizmi?
- Bir qrup QHT və partiyaların keçirdiyi tədbirdə iştirak etmişəm. Orada görünürdü ki, müdafiə komitəsi yaratmaq məqsədilə toplaşıblar. Ancaq Pənah Hüseynə qədər kimsə bu haqda danışmayıb. Orada qeyd etdim ki, yaranacaq müdafiə komitəsinin toplaşması üçün yerə ehtiyac olsa, Müsavatın qərargahından istifadə oluna bilər. Həmin toplantıda komitənin yaradılması haqda qərar olmayıb. Sadəcə deyilib ki, sonrakı toplantıda qərar veriləcək. Ancaq sonradan şəxsən mənə heç bir məlumat daxil olmayıb. Beləcə bizdə müdafiə komitəsinin yaradılıb-yaradılmayacağı haqda məlumat yoxdur. İnformasiya olmadığı üçün haqlı olaraq müəyyən suallar yaranır. Həm də bu tədbirin Milli Şura tərəfindən təşkil olunması haqda bizdə məlumat yoxdur. Sadəcə sosial şəbəkədə bu haqda məlumat yayılmışdı, təşkilatçı isə göstərilmirdi. Əslində, təşkilatçının kim olmasının əhəmiyyəti də yoxdur.
- Ancaq indi problem yaranıb. Milli Şura iddia edir ki, onların yaratdığı komitəyə qarşı alternativ yaradırlar və bu sifarişlə edilir...
- KXCP-də toplaşan partiyalar ümumi bir müdafiə komitəsi yaratmaq haqda müzakirə aparıblar. Daha Leyla Yunusla bağlı müzakirə olmayıb. Əgər AXCP və ya Milli Şura komitə yaratdığını deyirsə, onun sədrinin gördüyü işləri, keçirdiyi tədbirləri ortaya qoysun. Bu haqda jurnalistlərdə də, bizdə də informasiya yoxdur. Əgər informasiya olsaydı, tədbirləri haqda məlumatlar olsaydı, çox gözəl olardı. Amma yoxdur.
- Ancaq KXCP-də keçirilən tədbirə Milli Şura qatılmır, AXCP isə bu tədbiri tənqid edir...
- Hər bir partiya bu məsələdə sərbəstdir, öz qərarına uyğun olaraq hərəkət edir. Hesab edirik ki, bu tədbirdə iştirak etmək, ortaya bir komitə qoymaq məqsədəuyğundur. Kim məqsədəuyğun hesab etmirsə, bu da onların öz işləridir.
- Ancaq Müsavata ironiya edirlər ki, bu cür partiya Ümid, ADP, Azadlıq və ALP kimi partiyalarla bir masa arxasında oturmağa məcbur olub...
- Kim bu məsələdə ironiya və ya başqa cür danışmaq istəyirsə, bu həmin şəxsin öz işidir. Belə hüquqları var, istədikləri qədər danışa bilərlər. Ancaq burada söhbət funksional əməkdaşlıqdan gedir. Biz o partiyalarla birlikdə ola bilirik ki, onlar Müsavatın irəli sürdüyü təşəbbüsü dəstəkləyir, konkret məsələ ilə bağlı mövqelərini ifadə edirlər. Əgər sabah söhbət seçkidə iştirak etməkdən gedəcəksə, təbii ki, bu məsələdə Müsavatın qərarı başqa cür olacaq.
- Hazırda Müsavat da daxil olmaqla 9 partiya toparlanır, müzakirələr aparır, aktivləşmək istəyir. Demək olarmı ki, partiyalar arasında inciklik, soyuqluq və ittihamlar tədricən aradan qalxır?
- Partiyaların müəyyən məsələlərdə eyni mövqedən çıxış etməsi yaxşı haldır. Ancaq onu da qeyd edim ki, burada söhbət funksional əməkdaşlıqdan gedir. Yəni siyasi birlik haqda danışmaq üçün əsas yoxdur. Sadəcə olaraq partiyalar toplaşaraq bir məsələ ətrafında eyni mövqedən çıxış etdiklərini ifadə edirlər. Biz yalnız bir məsələdə bir yerdə olmağı məqsədəuyğun hesab etmişik.
- Demək, siz müdafiə komitəsinin yaradılmasında Ümid partiyası ilə əməkdaşlığa normal baxırsınız?
- Biz müdafiə komitəsinin yaradılması işində əməkdaşlığa normal baxırıq. Bu məsələdə bizimlə bir düşüncədə olan partiyalarla və şəxslərlə əlaqələrə qeyri-adi baxmırıq.
- Ancaq sizi həm də ona görə ittiham edirlər ki, bu partiyalarla bir masada oturmaqla İqbal Ağazadə, Əhməd Oruc, Sərdar Cəlaloğlu və digər bu kimi siyasətçiləri reklam edir, siyasi meydanda yenidən dirildirsiniz...
- Müsavat partiyası hər zaman düzgün bildiyini həyata keçirib. Kim necə düşünür, özü bilər. Onlar ola bilsin ki, yanlışlıq edir. Əlbəttə, doğru da, yalan da fikirlər ola bilər. Hesab edirik ki, bu məsələdə kimin əlindən nə gəlirsə onu etməlidir.
- Maraqlıdır, həbs edilən şəxsləri müxalifət düşərgəsində monopoliyaya alan, bu işlə ancaq biz məşğul olacağıq iddiasında olan partiyalar varmı?
- Əslində, İsa Qəmbər bu məsələyə açıq cavab verdi. Vaxtilə bunu bir hüquq müdafiəçisinin monopoliyasında olan iş kimi təqdim etmək istəyirdilər. İndi yaxşıdır ki, həmin hüquq müdafiə təşkilatları bir araya gəlməyə çalışır. Ancaq biz onların işinə qarışmırıq. Həm də hesab edirik ki, istənilən partiya tədbir keçirmək hüququna malikdir, bu hüquqa hörmətlə yanaşmaq lazımdır. Eyni zamanda biz iddia etmirik ki, keçirdiyimiz tədbiri başqa partiyalar keçirə bilməz.
- AXCP ilə Müsavat bir araya gəlsəydi, bu problemlər, ittihamlar ortaya çıxmazdı. Artıq bir araya gəlməyiniz mümkün deyil?
- Məndə olan informasiyaya görə, Milli Şura rəhbərliyi KXCP qərargahında keçirilən tədbirə dəvət olunub. Onlar da tədbirdə iştiraka razılıq veriblər. Sonradan tədbirə gəlməmələrinin səbəbləri bizə aydın deyil. Ancaq gəlsəydilər, məsələləri müzakirə edə bilərdilər.
- Bu təşəbbüsün İsa Qəmbərdən gəldiyini nəzərə alsaq, onların qısqanclıq səbəbindən tədbirə gəlmədiyini demək olarmı?
- Mən bilmirəm onlar niyə gəlməyib. Özləri də gəlməmələrinin səbəblərini açıqlamayıb. Odur ki, bir söz deyə bilmərəm.
- Hazırda AXCP ilə Müsavatın münasibətləri varmı?
- Hər iki partiya müxalifətdədir.
- Partiyalararası münasibətlər nədən ibarətdir?
- AXCP ilə Müsavatın arasında olan münasibətlər rəsmi münasibətlər deyil. Qeyri-rəsmi səviyyədə münasibət var. Onların bizə nə cür münasibət göstərməsindən asılı olmayaraq, biz aparılan işə qiymət veririk.
- Ancaq onlar həm də Müsavatı liberal xətt yürütməkdə ittiham edirlər...
- Tənqid etmək olar. Ancaq bizi liberal xətt yürütməkdə tənqid edənlərin özləri başqa xətt yürütsünlər, radikal yanaşmaya üstünlük versinlər. Biz hər zaman düz bildiyimizi edəcəyik.
- Arada ciddi ittihamlar da irəli sürülür...
- Əslində çox şey olur. Hər şeyə fikir vermirik. Dalaşanda barışmağa və ya dostlaşmağa üz saxlamaq lazımdır. Fərdlər və partiyalar bir-birinin ünvanına söz deyəndə bir qədər ehtiyatlı olmalıdırlar. Çünki istənilən mübahisənin və narazılığın sonunda barışmaq, bir yerdə olmaq anlayışı da ola bilər. Bax, bu məqamda bir-birinin üzünə baxanda insanlar əvvəl işlətdiyi sözlərin peşmançılığını çəkməməlidir. Biz körpüləri birdəfəlik yandırmırıq. Kim yandırırsa, öz işini davam etsin. Bizim düz bildiyimiz bu olduğundan onu həyata keçiririk. Digərlərini də düz yolda olmağa dəvət edirik. Tənqidlə iş həll olunmur. İş işi görməklə həll edilir. Kim nə iş görürsə, onu ortaya qoysun. Biz də bu işə baxıb nümunə götürə bilək...
- Maraqlıdır, Hüseyn Məliki müşavir vəzifəsindən İsa Qəmbər azad edib, ancaq o sizi ittiham edir. Niyə?
- Müsavat partiyasında müşaviri təyin etmək və ya vəzifəsindən azad etmək İsa Qəmbərin səlahiyyətinə daxil olan məsələdir. Məndə olan məlumata görə, ötən həftə İsa Qəmbər Hüseyn Məliklə görüşüb, onunla bir çox məsələləri müzakirə edib. Bu həftənin ikinci günü İsa Qəmbər məni otağına dəvət edərək Hüseyn Məlikin müşavirlikdən azad edilməsi haqqında qərar hazırlanması göstərişini verib. Mən də bunu hazırlamışam. Daha İsa Qəmbərlə Hüseyn Məlik nə haqda müzakirələr aparıb, səbəb nə olub kimi məsələlərdən xəbərim yoxdur. Fakt odur ki, belə bir sərəncam var. Onun müşavirlikdən azad edilməsi haqda qərar var, partiyadan çıxarılması haqda qərar yoxdur. Bəziləri deyir ki, Hüseyn Məlik istefa verib, özü isə fəaliyyətini dayandırdığını söyləyib. Hazırda bir-birindən fərqli fikirlər səsləndirilir. Mən bu fikirlərə münasibət bildirmək niyyətində deyiləm. Faktiki Hüseyn Məlik müşavir deyil.
- Hazırda Hüseyn Məlik qərargaha gəlirmi?
- Mən onu son günlər qərargahda görməmişəm. Amma mümkündür ki, gəlib-getsin və mən də onu görməyim.
- Qurultayınız keçiriləcək, yoxsa bu dəfə də təxirə salacaqsınız?
- Sentyabrın 27-də keçiriləcək. Bizdən asılı olan hər şeyi edəcəyik ki, keçirilsin.
- Hüseyn Məlikin istefası qurultay qabağı Müsavatdaxili qruplaşmaların ziddiyyətə girməsinin nəticəsidir?
- Mən bu adamın addımının səbəblərini bilmirəm. Bunun da qurultaya hər hansı bir zərər verəcəyi düşüncəsindən uzağam.
- Qurultay öncəsi bu cür proseslər davam edəcəkmi?
- Bunun qurultaya heç bir aidiyyəti yoxdur. Müsavatın nizamnaməsi, proqram sənədləri var. Əgər kimsə nizamnaməni və proqramın müddəalarını pozacaqsa, təbii ki, onun haqqında tədbirlər görüləcək. Bu qurultay öncəsi də, qurultaydan sonra da ola bilər. Partiyanın nizamnaməsi var, partiya qarşısındakı xidmətindən asılı olmayaraq hər kəs buna əməl etməlidir. Bu birmənalıdır. Kim bunun əksinə edəcəksə, onun cəzalanması ola bilər.
- Qurultaya gedən Müsavatda çalxalanma gözlənilirmi?
- Ciddi çalxalanma ola biləcəyinə inanmıram. Müsavatda insanlar öz fikirlərini söyləyiblər. Qurultayda qalib gələn namizəddən asılı olaraq, təbii ki, narazı adamlar ola bilər. Amma bu Müsavatda çalxalanma yaradacağı həddə olmayacaq. Kimin başqan seçilməsindən asılı olmayaraq hər kəs birgə fəaliyyət göstərəcək.
Nemət