Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyadan asılı olmayan yeni sistemin qurulması istiqamətində işlər aparır. Baş nazirin Rusiyanın yaxın adamı Serj Sərkisyana yönələn təzyiqlərini və onun ətrafındakı adamları həbs etməsini anti-Rusiya siyasətinin tərkib hissəsi kimi qiymətləndirirəm.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloq Paşinyanın bu təlimatı Qərbdən və ABŞ-da fəaliyyət göstərən Amerika Erməniləri Assambleyasından aldığını bildirib.
“O, Qərbə inteqrasiya siyasətini gücləndirməklə yanaşı, Ermənistanı Rusiyanın forpostu olmaqdan çıxarmaq niyyətindədir. Lakin Paşinyanın bu addımlarına qarşı Rusiyanın adekvat cavabının olacağı gözləniləndir. Hesab edirəm ki, Ermənistanın bu siyasətinə qarşı Moskva cəza mexanizmini işə salacaq. Lakin Kremldəki erməni lobbisinin Vladimir Putinə təsir imkanları var. Hesab edirəm ki, bu lobbinin başında Xarici İşlər naziri Sergey Lavrov dayanır. Əks halda Putin Ermənistanı çoxdan cəzalandırmışdı.
Qənaətimə görə, növbəti üç ay ərzində Putin radikal addımlar atmasa, Ermənistan Rusiyanın nəzarətindən çıxa bilər”.
Məhəmməd Əsədullazadə qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevi gələn ay Moskvaya dəvət edib: “Bu görüşdə Qarabağ münaqişəsi ətraflı müzakirə olunacaq. Əgər Putin Azərbaycanla müttəfiq əlaqələri qurmaq istəyəcəksə, o zaman, Azərbaycanın Qarabağda əməliyyatlara başlamaq istəyinə qarışmayacaq. Hesab edirəm ki, proseslərin istiqaməti bu görüşdən sonra müəyyən olacaq”.