17 Sentyabr 2018 20:00
1 118
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Millətçi Türkmən Xalq Partiyasının sədri, İraqın Regionl İnkişaf naziri Turhan Müftioğlu ilə müsahibəni təqdim edir.

- Turhan bəy, İraqda keçirilən son parlament seçkilərindən sonra türkmanların mövqeyini necə qiymətləndirirsiniz?

- Son parlament seçkilərində türkmanların 12 nümayəndəsi İraq məclisinə daxil olub. Hesab edirəm ki, bu, müsbət haldır. Bundan əvvəl bizim 14 deputatımız olub. Nəzərə alın ki, indi deputat seçilən türkman nümayəndələrinin hamısı eyni partiyadan deyil. Əksinə, bu nümayəndələrimiz müxtəlif siyasi təşkilatların xətti ilə seçiliblər. Mən ümid edirəm ki, yeni İraq hökumətinin formalaşması zamanı bizim millət vəkilləri eyni mövqedən çıxış edəcək. Bu Türkman Eli üçün xüsusi əhəmiyyət daşıyır. Hökumətin təşkilində türkman deputatların eyni mövqedən çıxış etməsi millətimizin qazancına səbəb ola bilər.

- Turxan bəy, hazırda Mosulda, Kərkükdə, Diyalədə və digər tarixi ərazilərimizdə yaşayan türkman qardaşlarımızın durumu, yaşamı, çətinlikləri nədən ibarətdir?

- Bildiyiniz kimi, Türkman Eli bir müddət İŞİD-in nəzarəti altında olub. Bu ərazilərimiz azad edildikdən sonra yaşayış normal qaydasına düşüb. Amma şübhəsiz ki, müəyyən çətinliklər də mövcuddur. Məsələn, Telafər, Duzxurmatın, habelə Əmirli və digər ərazilər İŞİD-in nəzarəti altında olduğu zaman dağıdılıb. Bu ərazilərdə yenidənqurma işlərinin həyata keçirilməsi lazımdır. İraq hökuməti bu istiqamətdə yavaş-yavaş işlər həyata keçirir, bu əraziləri normal vəziyyətinə qaytarır. Ancaq sözsüz ki, bundan sonra görüləcək daha böyük işlər var.

- Kürd-türkman münasibətləri nə yerdədir?

- Kürdlərin Türkman Elidəki fəaliyyəti dayandırıldı. Bildiyiniz kimi, İraq hökuməti ölkə ordusunu hərəkətə keçirdi, bunun nəticəsində müəyyən ərazilərə nəzarəti bərpa etdi, peşmərgə Ərbil istiqamətində geri çəkilməyə məcbur oldu. Hazırda türkman-kürd problemi yoxdur. İndi daha çox kürdlərin İraq mərkəzi hökuməti ilə problemləri var.

- Ancaq iddialar var ki, baş nazir İbadi ilə Bərzaninin görüşü zamanı türkman torpaqlarının kürdlərin nəzarətinə verilməsi məsələsi qaldırılıb...

- Türkman bölgəsi danışıqlar mövzusu deyil. Problem İraq Kürd Muxtariyyəti ilə İraq hökuməti arasındadır. Bunun da səbəbkarı Ərbildir. Tarixi problemə gəldikdə deyim ki, bu gün kürdlərin olduğu ərazilər zatən türkman torpaqlarıdır.

- Türkmanların İran və Türkiyə ilə münasibətləri hansı səviyyədədir?

- İlk olaraq İraq türkmanları mərkəzi İraq dövlətinə ciddi bağlansa, əldə olunan uğurlarımız daha çox olar. Türkmanlar üçün vacibi İraqla bağlılıqlarını görməsidir. Bundan sonra hər şeyə imkan çatar. Ancaq İraq torpaqları bütöv olmasa, bu zaman əldən gedənlər çox olar. Bu isə türkmanlara lazım deyil.

- Deyirsiniz, İraq parlamentində ondan çox türkman deputat var. Bəs İraq hökumətində türkmanların təmsilçiliyi hansı səviyyədədir?

- Parlamentdə təmsilçilik var. Bu təmsilçilər müxtəlif qurumlardan parlamentə seçiliblər. Əgər onlar vahid mövqedən çıxış edərlərsə, bu zaman hökumətdə yer almaq olar. Yox, əgər eyni mövqedən çıxış edilməsə, hökumətdə türkmanların təmsilçiliyi məsələsi çətin olacaq.

- Siz, uzun illər İraq hökumətində, prezident ofisində yüksək vəzifələr tutmusunuz. Son seçkilərdən sonra sizin vəziyyətiniz necədir?

- İnşallah ki, yaxşı olacaq, türkmanlar hökumətdə təmsilçilik əldə edəcək. Yeni hökumət qurulmayıb. Mən hazırda İraqın Regional Əlaqələr naziri vəzifəsini tuturam, eyni zamanda İraq mərkəzi hökumətini parlamentdə təmsil edirəm.

- Yeni hökumətin qurulması ilə bağlı vəziyyət necədir?

- Sözsüz ki, parlament seçkilərindən sonra İraqın yeni hökuməti qurulacaq. Əvvəl parlamentin sədri, daha sonra 10 gün içində İraq prezidenti seçiləcək. Bundan sonra baş nazirin kimliyi prinsipcə bəlli olacaq.

- İbadinin yenidən baş nazir olma ehtimalı varmı, yoxsa onu başqası əvəzləyəcək?

-Hər şey ola bilər. Bunu qarşıdakı günlərdə görəcəyik.

CAVAD


Müəllif: Cavad

Oxşar xəbərlər