Təhsil Nazirliyi xarici ölkələrdə təhsil almaq istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib.
Teleqraf.com-un məlumatına görə, nazirlikdən bildirilib ki, Azərbaycanın təhsil qanunvericiliyində fərdi (individual) qrafik üzrə, sərbəst, əyani-qiyabi və ya qiyabi-əyani təhsilalma formaları nəzərdə tutulmayıb.
Qeyd olunub ki, ölkə ərazisində distant və eksternat təhsilalma formaları üzrə tədrisin təşkili və qiymətləndirilməsi mexanizmi mövcud deyil: "Bu səbəbdən, Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilən “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə uyğun olaraq, həmin təhsilalma formaları üzrə xaricdə ali təhsil almış şəxslərin aldıqları təhsil sənədlərinin (diplomların) ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) mümkün deyildir. Xaricdə ali təhsil almaq istəyən vətəndaşların hər birindən təhsil formasını seçən zaman göstərilənləri nəzərə almağa çağırırıq".