19 Sentyabr 2018 17:07
1 080
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev cənub bölgəsinə səfəri çərçivəsində Biləsuvar rayonunda ictimaiyyət nümayəndləri ilə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsini də diqqət mərkəzində saxladı. Dövlət başçısı təəssüf hissi ilə qeyd etdi ki, Ermənistanın yeni rəhbərliyi də çox məsuliyyətsiz, sərsəm bəyanatlar verir, eyni zamanda atdıqları addımlar qoşunların təmas xəttində, cəbhə bölgəsində vəziyyətin daha da gərginləşməsinə xidmət edir.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov deyib.

O qeyd edib ki, eyni zamanda dövlət başçısı Ermənistanda qaniçən, despotik bir rejimin mövcud olması ilə bağlı bizim vaxtilə söylədiklərimizi bu gün erməni xalqının dediyini vurğulayıb:

“Bu xalq 20 il diktatura rejimindən əziyyət çəkib və bu il həmin rejimə son qoydu. Bunlardan indiki Paşinyan rejimi də dərs çıxarmalıdır. Azərbaycan Ordusu 2016-cı ilin aprel döyüşlərində, bu ilin may ayında Naxçıvanın işğal altındakı müəyyən ərazisinin azad edilməsi zamanı öz gücünü, qüdrəti nümayiş etdirdi. Elə bir neçə gün bundan əvvəl onların silahlı təxribatı nəticəsində Ermənistan-Azərbaycan sərhədində atışma oldu və əsgərlərimiz onları yerində oturtdular. Təcavüzkar tərəf itki verərək geri çəkilməli oldu. Onlar yəqin ki, hələ bir müddət özlərinə gələ bilməyəcəklər. Cənab prezident vurğuladı ki, Azərbaycan güclənməkdədir. Bu gün Ermənistan ordusu bizimlə rəqabət apara bilməz. Hazırda Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır. Azərbaycan dövləti ordusunun güclənməsi üçün bütün imkanlardan istifadə edəcək. Eyni zamanda dövlət başçısı diqqəti iyun ayında Azərbaycan Milli Ordusunun 100 illiyinə və bir neçə gün bundan əvvəl Bakının işğalçılardan azad olunmasına həsr edilmiş hərbi paradlara yönəltdi. Bildirdi ki, bu paradlar bizim gücümüzü, qüdrətimizi göstərdi. Bizim ordumuz istənilən an onun qarşısına qoyulan vəzifəni yerinə yetirmək potensialına malikdir”.

E.Nəsirov əlavə edib ki, bu gün Azərbaycanın həm iqtisadi gücü artır, həm də beynəlxalq mövqeləri güclənir:

“Biz o qələbəni, torpaqlarımızın işğaldan azad edilməsini təmin etmək üçün hər birimiz çalışmalı və həmin günü yaxınlaşdırmalıyıq. Cənab prezidentin ictimaiyyət qarşısındakı bu sözləri bir daha təsdiqləyir ki, Azərbaycanın iqtisadi gücü artdıqca, təhlükəsizlik və sabitlik mühiti möhkəmləndikcə, ordusu daha da gücləndikcə, torpaqların azad olunacağı günü də yaxşınlaşdırmış oluruq. Bütün nailiyyətlərimizin kökündə isə ölkədəki bu sabitlik, təhlükəsizlik, inkişaf, əmin-amanlıq, ilk növbədə isə xalq-hakimiyyət birliyi dayanır”.


Müəllif: Səxavət Həmid