20 Sentyabr 2018 18:20
1 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sentyabrın 20-də NATO baş katibinin müavini xanım Rouz Qotemöllerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, Azərbaycanın NATO ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini vurğulayan Birinci vitse-prezident Mehriban Əliyeva ölkəmizin Alyansın müxtəlif tədbirlərində iştirak etdiyini bildirib. Qeyd edib ki, 2002-ci ildən başlayaraq Azərbaycan sülhməramlıları NATO hərbçiləri ilə Əfqanıstanda çiyin-çiyinə xidmət edir, 2018-ci ilin yanvar ayından Qətiyyətli Dəstək Missiyasında Azərbaycan hərbçilərinin sayını 30 faiz artıraraq 120 nəfərə çatdırıb. Ölkəmiz həmçinin Əfqanıstanın milli ordusuna maliyyə yardımı göstərir, logistika və nəqliyyat problemlərinin həllinə kömək edir, Əfqanıstan ordusunun şəxsi heyəti üçün təlimlər təşkil edir.

NATO ilə Azərbaycan arasında yüksək səviyyəli dialoqun uğurla inkişaf etdiyindən məmnunluğunu ifadə edən Mehriban Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin iyulunda Brüsseldə NATO Zirvə toplantısında iştirakının və Alyansın baş katibi Yens Stoltenberqlə keçirilən görüşünün ölkəmizlə təşkilat arasında ikitərəfli əlaqələrin inkişafına xidmət etdiyini vurğulayıb. Birinci vitse-prezident bildirib ki, NATO-ya üzv dövlətlər tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün birmənalı dəstəklənməsi ölkəmizdə yüksək dəyərləndirilir. Mehriban Əliyeva onu da vurğulayıb ki, Azərbaycan NATO-nun gender məsələlərinə, qadınlar, sülh və təhlükəsizlik mövzusuna böyük diqqətini alqışlayır. “Çox xoşdur ki, bu mövzuya həsr olunan konfrans bu günlərdə Azərbaycanda keçirilib”, - deyən Birinci vitse-prezident ölkəmizdə gender bərabərliyinin dövlət siyasətinin prioritetlərindən biri olduğunu qeyd edib. Bildirib ki, hələ 100 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin atdığı addımlardan biri də qadınlara seçki hüququnu verilməsi idi. “Fəxr edirik ki, hələ XX əsrin əvvəllərində Azərbaycan qadınları bir sıra inkişaf etmiş ölkələrdən əvvəl bu bərabərliyə nail olublar”, - deyən Mehriban Əliyeva müstəqilliyimizi bərpa etdikdən sonra qadınların ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etdiklərini, parlamentdəki deputatların 17 faizini qadınların təşkil etdiyini diqqətə çatdırıb, bu göstəricinin gələcəkdə daha da artacağına ümidvar olduğunu bildirib. Birinci vitse-prezident ordumuzda kişilərlə yanaşı, 1600 qadının xidmət göstərdiyini, Azərbaycanda əsrlərboyu qadınlara böyük hörmətlə yanaşıldığını və bu gün də bu ənənənin davam etdiyini vurğulayıb.

Azərbaycanın sülhsevər ölkə olduğunu, qonşuları və digər ölkələrlə qarşılıqlı hörmət əsasında əlaqələr qurduğunu xüsusi vurğulayan Mehriban Əliyeva buna baxmayaraq artıq 25 ildir ki, Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkdiyimizi, beynəlxalq səviyyədə ölkəmizin ərazisi kimi tanınan Dağlıq Qarabağın və onun ətrafındakı 7 rayonun bu siyasət nəticəsində işğal altında qaldığını, 1 milyondan çox insanın qaçqın və məcburi köçkün həyatı yaşadığını, münaqişə zamanı yüzlərlə azərbaycanlı qadının öldürüldüyünü, girov götürüldüyünü, Xocalı faciəsi zamanı 600-dən çox insanın, o cümlədən qadın və uşaqların vəhşicəsinə qətlə yetirildiyini diqqətə çatdırın. Bildirib ki, BMT Təhlükəsizlik Şurası 25 il əvvəl işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması ilə bağlı 4 qətnamə qəbul etsə də, bu işğalçılıq siyasəti hələ də davam edir. Münaqişənin ədalətli şəkildə, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinin tərəfdarı olduğumuzu qeyd edən Mehriban Əliyeva vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, qaçqınlar öz doğma yurdlarına qayıtmalıdırlar və bundan sonra regionda sülh bərqərar olacaq. “Sülh, təhlükəsizlik xalqlar arasında qarşılıqlı anlaşmanı təmin edən amillərdir”, - deyən Birinci vitse-prezident NATO-nun humanitar fəaliyyətinin Azərbaycanda yüksək qiymətləndirildiyini, bu sahədə təşkilatla sıx əməkdaşlığa hazır olduğumuzu diqqətə çatdırıb.

“Əmin ola bilərsiniz ki, Sizin söylədiyiniz fikirləri biz özümüz üçün qeyd etdik”, - deyən NATO baş katibinin müavini Rouz Qotemöller Azərbaycana səfərlərindən məmnunluğunu ifadə edib, Bakıda “Qadınlar, sülh və təhlükəsizlik” mövzusunda konfransın ölkəmiz üçün əlamətdar günlərdə - Azərbaycan parlamentinin 100 illiyi ərəfəsində keçirildiyini söyləyib. Bakının gözəlliyindən danışan qonaq ölkəmizin əldə etdiyi nailiyyətlərdən məmnunluğunu bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər