20 Avqust 2014 18:26
1 116
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fərhad Mehdiyev: “Papanı Buenos-Ayresə Erməni Katolik Kilsəsi dəvət edib”

“Vestnik Kavkaz” nəşrinin iddiasına görə, İsrail və Ermənistan prezident administrasiyalarının əməkdaşları rəsmi Tel-Əvivin 1915-ci il hadisələrini “soyqırımı” kimi tanıması istiqamətində intensiv danışıq aparırlar. Nəşrin israilli müxbirinin yazdığına görə, erməni tərəfinin tərtib etdiyi plana görə, İsrailin yeni prezidenti Reuven Rivlin qondarma “soyqırımı”n 100 illiyi ilə bağlı 2015-ci ildə keçiriləcək tədbirlərdə iştirak etmək məqsədilə digər dünya liderləri ilə birgə İrəvana gəlməli, çıxışı zamanı bəyan etməlidir ki, İsrail 1915-ci ildə Türkiyənin o vaxtkı hakimiyyətinin erməni xalqına qarşı soyqırımı aktı törətdiyini rəsmi olaraq soyqırımı kimi tanıyır. İsrail prezidenti dəftərxanasının adı çəkilməyən yüksək çinli əməkdaşı bu ideyanın hazırda İsraildəki erməni lobbisinin liderləri ilə müzakirə olunur.

Bu arada Roma Papası Fransiskin 2015-ci il aprelin 12-də qondarma erməni “soyqırımı”nın 100-cü ildönümü ilə əlaqədar ayin keçirəcəyi məlum olub. Bunu Buenos-Ayresin baş yepiskopu Mario Poli bəyan edib. “Roma Papası soyqırımın tanınması üçün messiya icra etmək barədə patriarx 19-cu Nerses Bedros vasitəsilə Erməni Katolik Kilsəsinin bir il əvvəl etdiyi müraciətə cavab verib”, - deyə pastor Pablo Hakimyan bildirib.

Bəs, İsrail erməni “soyqırımı”nı tanıya bilərmi? Başqa hansı ölkələr Türkiyəyə qarşı bu addımı ata bilər. Qondarma “soyqırımı”n tanınmasının Dağlıq Qarabağ münaqişəsinə hansısa təsiri olacaqmı?
“Qafqaz” Universitetinin müəllimi, politoloq Fərhad Mehdiyev bildirib ki, İsraillə Türkiyənin münasibətlərinin çox da yaxşı olmadığı hazırda heç kim üçün sirr deyil. O, 2010-cu ilin mayın 31-də baş verən “Mavi Mərmərə” olayının hələ tam çözülmədiyini qeyd edib, bundan sonra Qəzza məsələsi ilə bağlı iki ölkə arasında gərginlik olduğunu vurğulayıb: “Ermənilər hər halda bunu fürsət bilib İsrailin qondarma “soyqırımı” tanımasına necə nail olmağın yollarını axtarırlar. Əslində, “erməni soyqırımı”nın İsrail tərəfindən tanınmamasının ermənilərə vurduğu ən böyük ziyan sadəcə bir dövlətin bu hadisələri tanımamasından ibarət deyil. Bilirsiniz ki, yəhudilərin soyqırıma məruz qaldığı bütün dünya tərəfindən qəbul edilir. Düzdür, bəzi müsəlman dövlətləri yəhudi soyqırımını inkar edir. Amma ölkələrin çoxu bununla razılaşır. Çünki ortada Nürnberq məhkəməsinin qərarı var. İndi belə bir dövlətin “erməni soyqırımı”nı qəbul etməsi, “erməni soyqırımı” ideyasını çox gücləndirən bir effektə sahib olar. Ona görə də İsrailin bu hadisələri soyqırımı kimi qəbul etməsi ermənilər üçün çox vacibdir. Ermənilər Ərdoğan hökuməti ilə Netenyahu hökuməti arasında münasibətin yaxşı olmadığını bilib bu hadisələri necə tanıtdıra biləcəklərini fikirləşirlər”.

Bəs, İsrailin qondarma soyqırımı tanıma ehtimalı nə qədərdir?

F.Mehdiyev deyib ki, mövcud konyunkturadan çıxış etsək, əlbəttə ehtimal var: “Amma məncə bu, çox da güclü ehtimal deyil. Birincisi, Türkiyə “soyqırım”ın tanınmaması üçün İsraillə birbaşa əlaqəsi olan ABŞ-dakı yəhudi lobbisindən istifadə edir. Türkiyə bunu hər zaman edir və yəqin ki, yenə də edəcək. Düzdür, İsrailin yeni prezidenti Reuven Rivlin əvvəllər də qondarma soyqırımın tanınmasına dəstək verib, ola bilsin gələn il “soyqırımı” abidəsini ziyarət etmək üçün Ermənistana getmək istəyir. Bunlar ola bilər. Amma bu Knessetin qondarma soyqırımı qəbul edəcəyinə dair çox güclü bir arqument deyil. Əgər Türkiyə ilə İsrail arasındakı münasibətlər bundan daha artıq pisləşsə, bu ehtimal daha da artır. Amma məncə mövcud konyunkturada bu, hələ ki həyata keçirilməyəcək”.

F.Mehdiyev qeyd edib ki, Ərdoğan hökuməti ilə İsrailin söz davası aparması əslində iki dövlət arasındakı münasibətlərin çox pis olduğu mənasına gəlmir: “Baxın, Şimali İraqda yerləşən Kürd Muxtariyyətinin satdığı neftin hazırda yeganə alıcısı İsraildir. Bunu da satan Türkiyədir. Yəni, bu neft Türkiyə üzərindən satılır. İsrailin aldığı avtomobillərin 70 faizi Türkiyədə istehsal olunur. Yəni, Ərdoğanın bu cür siyasət aparması seçiciyə, daxildən səs almağa yönəlik bir propoqandadır. Türkiyə ilə İsrailin münasibətləri o qədər də pis deyil. Düzdür, indi bəzi silah alqı-satqı müqavilələri və sair ləğv olundu. Amma bu, münasibətlərin sıfır nöqtəyə çatması mənasına gəlmir”.

Roma Papasının “erməni soyqırımı” məsələsinə münasibətinə gəldikdə isə müsahibimiz bildirib ki, ümumiyyətlə 2015-ci ildə ermənilər “hücumda oynayacaqlar”. O qeyd edib ki, həmin ildə ermənilər yeni-yeni ölkələrin və müxtəlif qurumların “soyqırımı” tanımasına çalışacaqlar:

“Bu, erməni diplomatiyasının aktivliyindən asılıdır. Hər halda onlar işləyirlər. Bizim səfirliklərimiz də bunun qarşısını almaq üçün iş görürlər. Bir tərəfdən Xocalı soyqırımının tanıdılması, digər tərəfdən də “erməni soyqırımı”nın yalan olması ilə bağlı fəaliyyət göstərirlər. Ehtimal var ki, müəyyən dövlətlər qondarma soyqırımı qəbul etsinlər. Ermənilər daha çox çalışırlar ki, 2015-ci ildə ABŞ Konqresində bunu qəbul etdirsinlər. Bu istiqamətdə Azərbaycan və Türkiyə tərəfi də birgə fəaliyyət göstərməlidir”.

Bundan əlavə F.Mehdiyev düşünür ki, yeni-yeni dövlətlərin qondarma soyqırımı tanımasının indiki Ermənistan dövlətinə çox böyük praktiki faydası olmayacaq: “Düzdür, deyirlər ki, bundan sonra Ermənistan Türkiyədən torpaq və təzminat tələb edəcək, amma bunlar işləyən variant deyil. Bu variantı ortaya qoyub milli sərhədləri dəyişdirmək indi heç cür mümkün olmayacaq. Vatikanın dəstəyinə gəldikdə isə, papa “soyqırım”ın tanınması üçün messiyanı Romada deyil, Buenos-Ayresdə keçirəcək. Papa ora öz təşəbbüsü ilə getmir, onu Buenos-Ayresə Erməni Katolik Kilsəsi dəvət edir. I Fransisk də sadəcə onlara “yox” deməyib. Özü də bir il əvvəldən müraciət ediblər, o da onları incitmək istəməyib və deyib ki, yaxşı gəlib sizin tədbirinizə qatılacağam. Ermənilər də bunu başqa cür qələmə vermək və dünyaya bu cür sırımaq istəyirlər”.

F.Mehdiyev qondarma erməni soyqırımının daha çox ölkə tərəfindən tanınmasının Dağlıq Qarabağ münaqişəsinə nə cür təsir göstərəcəyi məsələsinə də münasibət bildirib. Politoloq qeyd edib ki, İsrailin, yaxud başqa hansısa dövlətlərin qondarma erməni soyqırımını tanımasının Dağlıq Qarabağ məsələsinə heç bir təsiri olmayacaq: “İsrail bizə silah satan dövlətdir, yenə də satmağa davam edəcək. Yəni, bizim silah almağımız münaqişənin həlli üçün əhəmiyyətli faktordur. Digər tərəfdən münaqişənin həllində əsas rol alan dövlət Rusiyadır. Rusiya Dövlət Duması 1995-cı ildə “erməni soyqırımını” qəbul edib. O cümlədən Minsk Qrupunun digər üzvü Fransa parlamenti 4 dəfə, ABŞ-ın 50 ştatından 43-ü bu hadisələri soyqırımı kimi tanıyıb. Digər tərəfdən ermənilər soyqırıma hətta məruz qalmış olsalar belə, o coğrafiya Dağlıq Qarabağ coğrafiyası deyil. Bu, Şərqi Anadolu coğrafiyasıdır. Yəni, bunun Dağlıq Qarabağda yaşayan ermənilərin öz müqəddəratını təyinetmə hüququna heç bir aidiyyatı və təsiri yoxdur. Hansısa dövlətin qondarma soyqırımı tanıması Ermənistanın lehinə və Azərbaycanın əleyhinə heç bir nəticə yaratmayacaq”.

Səxavət HƏMİD


Müəllif: