ABŞ-ın Yuta ştatının Provo şəhərində yerləşən nüfuzlu Briqam Yanq Universitetində keçirilən beynəlxalq hüquq və din simpoziumunda Azərbaycan multikulturalizmi əsas müzakirə mövzularından olub.
Bu barədə Teleqraf.com-a Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.
Simpoziumda bir sıra tanınmış xadimlər, o cümlədən ABŞ Dövlət Departamentinin dini azadlıqlar üzrə səfiri Səm Braunbək, Avropa İttifaqının dini azadlıqlar üzrə xüsusi elçisi Yan Fiqel və Avropa İnsan Hüquqları Məhkəməsinin sabiq hakimi Ann Pauer-Ford iştirak edib.
Universitetin dəvəti ilə simpoziumda çıxış edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev ölkəmizdə mövcud olan dinlərarası harmoniya, qədim tolerantlıq və multikulturalizm ənənələri haqda ətraflı məlumat verərək, əhalisinin əksəriyyəti müsəlman olan ölkədə islam dini ilə yanaşı, digər dinlərə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb.
Baş konsul Azərbaycanda tarixdən mövcud olan bu ənənələrinin qorunması və inkişafının, eləcə də multikultural dəyərlərin təbliğinin ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğunu vurğulayıb. Ölkəmizin dinlərarası harmoniyaya verdiyi töhfələrdən bəhs edən baş konsul Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun Vatikanda tarixi katakombaların, eləcə də Fransa, Rusiya və Bolqarıstanda tarixi-dini abidələrin bərpası üçün gördüyü işlərdən söhbət açıb.
Çıxışdan sonra N.Ağayev iştirakçıların çoxsaylı suallarını cavablandırıb.
Qeyd edək ki, 50 ölkədən 150-dək ictimai-siyasi və din xadimlərinin, elm, QHT və media nümayəndələrinin qatıldığı simpoziumda insan hüquqları, beynəlxalq dini azadlıqların qorunması və digər mövzular üzrə müzakirələr aparılıb.