Rusiya Federasiyasının Şimali Qafqazdakı subyektləri – Çeçenistan və İnquşetiya rəhbərliyi uzun müddətdir iki dövlət arasında narazılığa səbəb olan sərhəd məsələsini həll etdilər. Bir neçə gün bundan öncə Çeçenistan başçısı Ramzan Kadırov və İnquşetiya rəhbəri Yunusbek Yevkurov tərəfindən sərhəd müqaviləsinə imza atıldı.
Bunu Teleqraf.com-a açıqlamasında Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti, siyasi şərhçi Zeynal Əmrəliyev deyib.
O qeyd edib ki, müqaviləyə əsasən tərəflər mübahisəli rayonları bir-birinə qaytarmalıdırlar:
“Müqavilənin ən narazılıq yaradan tərəfi isə İnquşetiya torpaqlarının bir hissəsinin Çeçenistana verilməsidir. İnquşlar bu müqavilənin maddələrinin məlum olduğu andan bəri ona etiraz edirlər. Müqavilə İnquşetiya parlamentində təsdiq edildikdən sonra 10 minə yaxın insan parlamentin binası qarşısına toplaşaraq bu müqavilənin ləğvini tələb ediblər. Öncə Milli Qvardiya əsgərlərinin müşayəti altında bir neçə deputat etirazçıların qarşısına çıxsa da, daha sonra atəş səsi eşidilib və əsgərlər deputatları binaya götürüblər”.
Onun sözlərinə görə, müqavilə heç şübhəsiz, Kremlin razılığı ilə imzalanıb:
“Bəs Putin admistirasiyası nəyə görə mübahisəni çeçenlərin xeyrinə həll etdi? Zənnimcə, burada bir neçə amil var. İlk növbədə dövlət başçısı Ramzan Kadırovun xüsusi xidmətləri qeyd olunmalıdır. Kadırov çeçenlər arasında nüfuzunu xeyli gücləndirmək və ölkə rəhbəri postundan getdikdən sonra belə təsir gücünü saxlamaq istəyirdi. Buna görə də adını tarixə salacaq mühüm bir işə imza atmalıydı. Putin də göstərdiyi fədakarlıqları qarşısında onu mükafatsız qoymadı. İkinci məsələ Moskvanın narazı çeçenləri razı salmaq üçün bu işi həyata keçirməsidir. Aydın məsələdir ki, müharibə bitsə də Çeçenistanda hələ də Rusiyadan narazı olan insanlar var. Bu insanlar əsasən yeniyetmə və gənclərdən ibarətdir. Kreml onların problemə çevrilməsini arzulamır. Buna görə də millətçi çeçen gənclərinin istəyi yerinə yetirildi. Onların “dədə-baba torpağımız” dediyi yerlər yenidən özlərinə qaytarıldı. Üçüncü məsələ isə Moskvanın bölgə xalqları arasında ənənəvi ədavəti gücləndirmək istəməsidir. Tarixdən bilindiyi kimi “parçala və hökm et” siyasəti nəticəsində bölgə daha yaxşı idarə edilir”.
Bununla belə Z.Əmrəliyev hesab edir ki, bu məsələ həll olunmayıb böyük problemə çevrilsə onun Rusiya və Qafqaz regionu üçün nəticələri çox ağır ola bilər:
“Birincisi, bu narazılıq xaricdən dəstək sayəsində dini amillər də işin içinə qatılaraq xaosa çevrilə bilər. İkincisi, bununla gələcəkdə baş verə biləcək bir qarşudurmanın əsası qoyular. Üçüncüsü, inquşlar arasında Moskvaya qarşı küskünlük yarada bilər. Onsuz da əhalinin sosial vəziyyəti burada elə də ürəkaçan deyil. Ümumiyyətlə, Şimali Qafqaz regionunda dövlət hakimiyyətinin zəifləməsi, bilavastə Putinin nüfüzunun azalması Kremlin heç istəmədiyi və arzulamadığı bir haldır. Müqavilə artıq təsdiq edilib və inquşlar bundan narazıdır. Bu artıq bir faktdır. Ancaq Putin hakimiyyətinin bu narazılığı necə həll edəcəyindən və bunda hansı siyasəti güddüyündən hələlik kremldəkilərdən başqa heç kimin xəbəri yoxdur”.