19 Oktyabr 2018 23:15
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əslində bugünkü Azərbaycan Türkiyə Respublikasının - bizim son dövlətimizin yaranması kimi qardaşlarımızın da ən gənc dövlətidir. Təxminən bir ay bundan əvvəl Bakının Qafqaz İslam Ordusu tərəfindən azad edilməsinin 100 illiyi tədbirləri ilə əlaqədar azərbaycanlı qardaşlarımızla bir yerdə idik. Bakıda şanlı Türkiyə və Azərbaycan ordularının hərbi paradını qardaşlarımızla birlikdə həyəcan və qürurla izlədik. Türkiyə hərbi birlikləri azərbaycanlı qardaşları ilə keçmişdə necə çiyin-çiyinə vuruşmuşdularsa, həmin gün də eləcə çiyin-çiyinə addımladılar. Bu parad iki ölkə arasında əməkdaşlığın, iki dövlət, bir millət olmağımızın göstəricisi idi.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimində çıxışı zamanı deyib.

"Bu gün “Star” neft emalı zavodunun açılışı ilə dünyaya örnək olan əlaqələrimizi bir addım da inkişaf etdiririk. Azərbaycan ilə əlaqələrimizi təkcə cəsarət, təkcə siyasət miqyasında deyil, güclü iqtisadi çərçivədə davam etdiririk. Bu müəssisə enerji sahəsində həmrəyliyimizi gücləndirmək üçün uzun müddət gördüyümüz işlərin ən mühüm və konkret örnəklərindən biridir. Daha əvvəl Bakı-Tiflis-Ceyhan neft boru kəməri və Bakı-Tiflis-Ərzurum təbii qaz boru kəməri layihələrini həyata keçirmişdik. Bu ilin iyununda hər biri xüsusi əhəmiyyətə malik bu strateji layihələrə regional və qlobal miqyasda nüfuza sahib olacaq TANAP-ı da əlavə etdik.

İndi açılışını etdiyimiz “Star” neft emalı zavodu ilə Azərbaycanla qardaşlıq əlaqələrimizin strateji miqyasını daha da gücləndirmiş oluruq. Türkiyə və Azərbaycanın liderliyi ilə həyata keçirdiyimiz hər bir layihə ölkələrimizin regional gücə çevrilmək qabiliyyətini qüvvətləndirməkdədir. Dünyanın ticarət müharibələri və böhranlarla sarsıldığı bir dövrdə bir-bir açılışını etdiyimiz bu layihələrin ölkələrimizi həm ayrılıqda öz qayələrinə, həm də ortaq hədəflərinə yaxınlaşdırdığına inanıram. Hər şeydən əvvəl 6,3 milyard dollarlıq bir sərmayə - “Star” neft emalı zavodu. Amma bundan başqa konteyner limanı, digər tərəfdən isə ilk açılışı ilə addımını atdığımız neft-kimya müəssisələri - bütün bunları ümumilikdə hesabladıqda söhbət təxminən 10 milyard dollarlıq sərmayədən gedir", - Ərdoğan söyləyib.

Türkiyə prezidenti vurğulayıb ki, Azərbaycanla Türkiyə bölgədəki bütün xalqların təhlükəsizliyi, sabitliyi, rifahı və zənginliyi üçün çalışır: "Ürəkdən istərdik ki, bölgədəki hər bir ölkə bu səmimiyyəti görə bilsin. Aralıq dənizinin şərq hissəsindəki karbohidrogen ehtiyatları ilə bağlı birtərəfli qaydada baş verən uğursuzluğa məhkum müxtəlif təşəbbüslərdən təəssüf edirik. Bu vəziyyət bölgəmizdə hələ də qeyri-sabitlikdən və gərginlikdən istifadə etmək siyasətindən əl çəkmək istəməyənlərin olduğunu göstərir. Türkiyə olaraq belə cəhdlərə qarşı cavabımızı həm bu yerdən, həm də diplomatik sahədə ən sərt şəkildə verməyi davam etdirəcəyik. Ölkəmizi və qardaşlarımızı nəzərə almayan heç bir təşəbbüsün uğur qazanmaq şansı olmadığını bütün tərəflər görəcəklər. Dostluğa, həmrəyliyə, birlikdə qazanmağa istiqamətlənmiş hər bir təklifə açıq olduğumuzu buradan bir daha bildirmək istəyirəm. Hazırda açılışını etdiyimiz müəssisə məhz bu faydalı əməkdaşlığın ən gözəl nümunəsidir. Hamını belə əməkdaşlığa dəvət edirik. “Star” neft emalı zavodu ölkələrimizə, xalqlarımıza və bölgəmizə “Xeyirli olsun!” deyirəm. Bu layihənin ölkəmizdə həyata keçirilməsində başda əziz qardaşım İlham Əliyevə və əməyi olan hər kəsə xüsusi təşəkkür edirəm, sizlərə sevgi və ehtiramımı çatdırıram. Sağ olun".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər