Birləşmiş Ştatlar Cənubi Qafqazı özü üçün strateji baxımdan son dərəcə mühüm region hesab edir.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu çərşənbə günü Azərbaycanda səfərdə olan ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton "Amerikanın səsi" teleradio şirkətinə müsahibəsində deyib:
"Biz Cənubi Qafqazı Birləşmiş Ştatlar üçün strateji baxımdan son dərəcə mühüm region hesab edirik. Söhbət, xüsusilə, Rusiya və İranla eyni zamanda həmsərhəd olan yeganə ölkədən – Azərbaycandan gedir".
O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, regionun strateji əhəmiyyəti baxımından, xüsusilə vacib olduğunu nəzərə çarpdırıb: "Biz hesab edirik ki, hər iki tərəfi (Azərbaycan və Ermənistanı) razı salacaq nəticənin əldə olunması, regionun strateji əhəmiyyəti baxımından, xüsusilə vacibdir".
Con Bolton ABŞ-ın Azərbaycanı regionda özü üçün strateji baxımdan son dərəcə vacib ölkə hesab etdiyini bildirib.
Con Bolton deyib ki, Tramp Amerikanın Azərbaycana birbaşa dövlət yardımını yasaqlayan "Azadlığa dəstək" aktına 907-ci düzəlişin fəaliyyətinin dayandırılması üçün sələfləri kimi öz səlahiyyətlərindən istifadə edə bilər:
"Bu müddəa Konqres tərəfindən təsdiq edilib. Hakimiyyətin icra qolunun eyni siyasi xəttə riayət etməsi mütləq deyil və bizim konstitusiyaya əsasən, əslində xarici siyasəti müəyyən edən məhz prezidentdir. Bir çox hallarda, müxtəlif prezidentlər satınalma aparmaq üçün bu müddəanın fəaliyyətini dayandırıblar və biz bunun zəruri olub-olmadığını müəyyən etmək üçün daim bu fürsəti nəzərdən keçiririk".
907-ci düzəliş — 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəlişdir.
Con Bolton müsahibə zamanı ABŞ-ın Azərbaycanı regionda özü üçün strateji baxımdan son dərəcə vacib ölkə hesab etdiyini bildirib.