Oktyabrın 26-da Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və Bosniya və Herseqovinanın Federal Xəbər Agentliyi (FENA) arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Teleqraf.com xəbər verir ki, Memorandum VI Bakı Beynəlxalq Humanitar Forumunun “Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid” mövzusunda keçirilən işçi sessiyası çərçivəsində imzalanıb. Sənədi AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov və FENA xəbər agentliyinin baş direktoru Elmir Huremoviç imzalayıblar.
Anlaşma Memorandumu agentliklər arasında gündəlik xəbərlərin, foto və video informasiyaların, həmçinin mütəmadi olaraq kitabların, informasiya və arxiv sənədlərinin mübadiləsini nəzərdə tutur.
Qeyd edək ki, FENA agentliyi Bosniya və Herseqovina hökumətinin qərarı ilə 2000-ci ildə BH Press və Habena agentliklərinin birləşdirilməsi əsasında yaradılıb. Agentlik ölkədə əsas informasiya mənbələrindən biridir.