Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə respublikanın aparıcı KİV təmsilçilərindən ibarət 15 nəfərlik nümayəndə heyətinin Türkiyənin paytaxtı Ankara şəhərinə səfəri başlayıb. Nümayəndə heyətinin səfər çərçivəsində Türkiyənin rəsmi dövlət qurumlarında, informasiya məsələlərinə məsul olan təşkilatlarda, həmçinin aparıcı KİV-lərin redaksiyalarında görüşləri nəzərdə tutulub.
Teleqraf.com xəbər verir ki, səfər proqramı noyabrın 27-də ümummilli lider Heydər Əliyevin Ankara şəhərindəki abidəsinin ziyarət edilməsi ilə başlayıb. Ankarada Heydər Əliyev adına parka gələn KİV təmsilçiləri burada Ümumilli liderin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Daha sonra nümayəndə heyətinin Türkiyə Cümhuriyyəti Cumhurbaşkanlığının İletişim Başkanlığında başqan yardımçısı Mehmet Zahid Sobacı ilə görüşü keçirilib. Mehmet Zahid Sobacı Türkiyə Cümhuriyyəti Cumhurbaşkanlığının İletişim Başkanlığı barədə məlumat verib. O, başqan yardımçısı olduğu qurumun yeni bir təsisat olduğunu, Cumhurbaşkanının media siyasətini, həmçinin, Türkiyədə KİV və KİV-ə bağlı təsisatların tənzimləyici koordinasiyası funksiyasını yerinə yetirdiyini qeyd edib. Mehmet Zahid Sobacı Türkiyənin, eyni zamanda, təmsil etdiyi qurumun Azərbaycana böyük önəm verdiyini də diqqətə çatdırıb. İki ölkənin media təsisatlarının əlaqələrinin inkişaf etdirilməsində maraqlı olduqlarını qeyd edib.
Fondun icraçı direktoru, səfər qrupunun rəhbəri Vüqar Səfərli KİV təmsilçilərinin Ankaraya səfərinin məqsədi, həmçinin, Azərbaycanda KİV-in durumu və fondun fəaliyyəti barədə məlumat verib. Vüqar Səfərli Türkiyə-Azərbaycan media təsisatlarının, ümumilikdə türkdilli ölkələrin media təmsilçilərinin sıx təmaslarına imkan verən yeni platformanın yaradılması təklifini səsləndirib, bu platformanın qurulması üçün həm Türkiyə, həm də Azərbaycan dövlətinin dəstəyinin zəruri olduğunu qeyd edib. İcraçı direktor Azərbaycan dövlətinin belə bir dəstəyi verməyə hazır olduğunu diqqətə çatdırıb. Qarşılıqlı olaraq Mehmet Zahid Sobacı təklifin əhəmiyyətli olduğunu vurğulayıb, təmsil etdiyi qurumun bu yöndə fəaliyyətə başlaması üçün uyğun fəaliyyət quracağını bildirib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin informasiya və mətbuat orqanları ilə iş sektorunun müdiri Cəmaləddin Quliyev, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Xalq” qəzetinin baş redaktoru Həsən Həsənov, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Azərbaycan-Türkiyə KİV-ləri arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları barədə fikirlərini bölüşüblər.
Nümayəndə heyətinin növbəti görüşü Azərbaycanın Türkiyədəki səfirliyində olub. Səfir Xəzər İbrahim Azərbaycan və Türkiyənin müştərək maraqlarına xidmət edən proqramlar barədə məlumat verib. Bu proqramların reallaşması üçün medianın dəstəyinin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdıran səfir Azərbaycan media təmsilçilərinin Türkiyəyə səfərlərinin bu yöndə ciddi önəm daşıdığını vurğulayıb.
Məlumat üçün bildirək ki, nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin informasiya və mətbuat orqanları ilə iş sektorunun müdiri Cəmaləddin Quliyev, “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı,“Kaspiy” qəzetinin baş redaktoru İlqar Hüseynov, "Teleqraf" Media Qrupunun rəhbəri Aynur Camal, “Mövqe” qəzetinin baş redaktoru Rasim Bayramov, “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı, Fondun aparıcı məsləhətçisi Babək Məmmədzadə, Fondun informasiya texnologiyaları üzrə mütəxəssisi Mirsəid Ağayev daxildir. Səfər proqramı dekabrın 1-dək davam edəcək.
KİVDF.gov.az