Bu ilin 10 ayı ərzində Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda 641517 nəfər iştirak edib. 48 mindən çox müəllim imtahanların keçirilməsində bizə kömək edib.
Teleqraf.com-un məlumatına görə, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan müəllimlərinin XV qurultayında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, mərkəzləşdirilmiş imtahanlar təhsilin ümumi inkişafı ilə bağlı təsvir yaradır.
“Əldə edilən uğurlarda müəllimlərin imtahan prosesinə cəlb edilməsinin əhəmiyyəti var. Düzdür, imtahanın nəticələri ilə bağlı ictimaiyyətdən müəyyən şikayətlər alırıq. Cari ildə imtahanlar zamanı 2417 yazılı şikayət daxil olub ki, bu da ümumi iştirakçıların 0,3 faizini təşkil edir.
Təəssüf ki, müəllimlər bu neqativ halların yaradılmasında iştirak edir. Bütün bu məsələləri hüquqi müstəvidə həll edirik. Biz işimizdəki bugünkü uğuru şəffaflıq sayəsində qazanmışıq. Sosial şəbəkələr bizi diqqətli olmağa vadar edir”.
Məleykə Abbaszadə onu da vurgulayıb ki, imtahanların ildə iki dəfə müxtəlif regionlara aparılması çevik fəaliyyətin göstəricisidir: "Hər bir sahə üzrə qiymətləndirmə meyarı dəyişir. Müəllimlərin yüksək motivasiyası uşaqlarda öyrənmə istəyini artırır. Müəllim peşəsi gənclərin gələcəyini formalaşdırır".