“Avropada yaşanan gərginliklər sosial problemlərlə bağlıdır. Fransada meydana çıxan “sarı jiletlilər” radikal qüvvələrdir və məqsədləri xaos yaratmaqdır. Onların arxasındakı və bu xaosda marağı olan qüvvələri axtarmaq lazımdır. Benzinin qiymətinin artırılmasına etiraz etmək məqsədilə “sarı jiletlilər”in peyda olması sadəcə bəhanədir”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə Fransada son günlər “sarı jiletlilər” hərəkatının keçirdiyi aksiyaları şərh edərkən deyib.
Onun sözlərinə görə, hazırda Avropa siyasətində qütbləşmə prosesi gedir, sağ və sol radikal siyasi qüvvələr güc əldə edib zorakılıqla müşahidə olunan aksiyalar həyata keçirirlər:
“Aksiya iştirakçıları Parisin mərkəzində muzeyə daxil olub əşyaları darmadağın etdilər. Bu, açıq zorakılıqdır. Polisin onlara qarşı güc nümayişi onu göstərir ki, böhran dərinləşib”.
Deputat Fransa hökumətinin moratorium qərarını belə izah edib:
“Ölkə daxilində digər səbəblərə görə etirazlar güclü olduğundan hakimiyyət öz zəifliyini hiss edərək geri çəkilir və belə manevrlə sabitliyi bərpa etməyə çalışır”.
Asim Mollazadə hesab edir ki, Avropa Birliyindəki son proseslər əsasən Almaniya və bəzi ölkələrin miqrantlarla bağlı yürütdüyü siyasətlə əlaqədardır:
“Enerji ilə bağlı etirazlar, Avropa daxilində bəzi siyasi qüvvələrin xaricdən maliyyələşməsi radikallaşmaya gətirib çıxarıb. Bu proses Avropa Birliyini zəiflədə bilər. Avropa Parlamentinə gələcək seçkilərdə radikal sağ və solun ciddi şəkildə təmsil olunacağı istisna deyil. Bu isə Avropada bəyan edilən dəyərlərlə real siyasət arasında problemlər yaradacaq. Ona görə də avropalılar düşünməlidir ki, bəyan olunan dəyərləri reallıqda həyata keçirmək üçün hansı addımlar atılmalıdır. Mövcud problemlər öz həllini tapmayana qədər xaricdən maliyyələşən qüvvələr Avropa Birliyinin daxilində öz fəaliyyətini davam etdirəcək və yerli seçkilərdə ciddi təmsil olunmağa çalışacaqlar. Bundan sonra Avropa siyasətində xoşagəlməz dəyişikliklər mövcud olacaq. Hələlik hakimiyyət polisin gücü ilə də olsa radikalların fəaliyyətinin qarşısını almağa çalışacaq”.