21 Dekabr 2018 11:51
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan tələbələrinin II qurultayının iştirakçılarına təbrik məktubu ünvanlayıb.

Teleqraf.com-un məlumatına görə, təbrik məktubunu qurultayda Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.

Məktubda deyilir: "Hörmətli qurultay iştirakçıları, əziz tələbələr. Sizi - Azərbaycan tələbələrinin II qurultayının iştirakçılarını səmimi qəlbdən salamlayır, sizin simanızda ölkəmizin bütün tələbə gənclərinə ən xoş arzularımı bildirir və qurultayın işinə uğurlar arzulayıram.

Bugünkü ali məclisinizin "Azərbaycan Xalq Cümhuriyyəti İli"nə təsadüf etməsi əlamətdar haldır. Ölkəmizdə ana dilində tədrisə başlanılması, ilk universitetin yaradılması və azərbaycanlı gənclərin xaricdə ali təhsil almağa göndərilməsinin təməli Xalq Cümhuriyyəti dövründə qoyulub. Bu ənənə xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən davam etdirilib".

Qeyd olunub ki, məhz ulu öndərin təşəbbüsü ilə azərbaycanlı gənclər keçmiş Sovet İttifaqının məşhur ali məktəblərində təhsil alaraq, vətənimizin yüksəlişi naminə cəmiyyət həyatının ən müxtəlif sahələrində əzmkarlıqla çalışıblar:

"Müstəqil Azərbaycanda milli təhsil quruculuğu sahəsində əhəmiyyətli addımlar atılıb, gəncliyin inkişafı və təhsili ilə bağlı bir sıra dövlət proqramları qəbul edilib. Ümidvaram ki, həmin proqramlar müvəffəqiyyətlə həyata keçiriləcək, gənclərimiz ən yeni bilik və texnologiyaları mənimsəyərək, yüksək hazırlıqlı kadrlar kimi ictimai-siyasi, iqtisadi və mədəni həyatda təqdirəlayiq fəaliyyətləri ilə ölkəmizin tərəqqisi naminə öz töhfələrini verəcəklər.

Əziz gənclər, siz çiçəklənən, gözəl bir ölkədə yaşayırsınız. Hamılıqla uğurlarınıza ürəkdən sevinirik. Zəngin bilikli və dərin mənəviyyatlı, vətənpərvər gənclik olaraq formalaşmağınız gələcəyə inamımızı artırır, qəlbimizi qürur hissi ilə doldurur. Sizinlə fəxr edirik! Azərbaycanın gələcəyi məhz sizlərin bilik səviyyəsindən və müasir innovativ texnologiyalara yiyələnmək bacarığınızdan asılı olacaq. Sizin dövlətimizin və xalqımızın etimadını layiqincə doğruldacağınıza inanıram".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər