Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 100 illiyi ilə əlaqədar hökumət və qeyri-hökumət təşkilatlarının, millət vəkillərinin, sosial tərəfdaşların, ayrı-ayrı beynəlxalq qurumların, elmi ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayıb.
Teleqraf.com xəbər verir ki, konfransda əvvəlcə nazirliyin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş film nümayişi etdirilib.
Filmdə 1918-ci il dekabrın 26-da də Azərbaycan Xalq Cümhuriyyəti hökumətində yaradılmış Poçt, Teleqraf və Əmək Nazirliyinin, daha sonra ayrıca qurum kimi formalaşan Əmək Nazirliyinin fəaliyyətindən söz açılır, ümummilli lider Heydər Əliyevin ölkəmizdə humanist dəyərlərə, sosial ədalət prinsipinə əsaslanan sosial siyasətin formalaşması və inkişafı istiqamətində mühüm tarixi xidmətləri diqqətə çatdırılır.
Həmçinin filmdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial sahəyə xüsusi qayğısından, bu qayğı nəticəsində ölkədə həyata keçirilən və ildən-ilə genişlənən mühüm sosial proqramlardan, aktiv sosial müdafiə və məşğulluq tədbirlərinin ildən-ilə güclənməsindən bəhs olunur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın yüksək humanizmin təcəssümü olan, sosial müdafiə və reabilitasiya sahələri də əhatə edən təşəbbüs və layihələri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın həssas qruplara qayğıkeş münasibəti qeyd edilir.
Daha sonra konfransı giriş sözü ilə açan Baş nazirin müavini Əli Əhmədov Azərbaycanda sosial inkişafın təmin edilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində ulu öndər Heydər Əliyevin xidmətlərini vurğulayıb. O, Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin əsas xəttini məhz sosial rifah amilinin təşkil etdiyini bildirib.
Əli Əhmədov son 15 ildə prezident İlham Əliyevin ölkəmizin bütün sahələrdə dianmik inkişafını, eyni zamanda, sosial sahədə mühüm irəliləyişləri uğurla təmin etdiyini vurğulayıb.