27 Fevral 2019 23:56
1 741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Gürcüstan Prezidenti Salome Zurabişvili fevralın 27-də Azərtac və Azərbaycan Televiziyasına məxsusi müsahibə verib. Teleqraf.com müsahibəni təqdim edir.

-Xanım Zurabişvili, ilk növbədə, Sizə minnətdarlığımızı ifadə etmək istəyirik. Bilirik ki, iş qrafikiniz gərgindir və bir daha təşəkkür edirik. İlk növbədə, ikitərəfli münasibətlərdən başlamaq istərdik. Siz Cənubi Qafqaz regionunun iki dost dövləti olan Azərbaycan və Gürcüstan arasındakı hazırkı ikitərəfli münasibətləri necə dəyərləndirirsiniz?

-Mükəmməl, mükəmməl, mükəmməl. Münasibətlərimiz tarixən mükəmməl olub. Çünki biz bu regionda olan və oxşar tarixi yaşayan iki ölkəyik. Eyni çətinliklərlə üzləşmişik, bir-birimizlə problemimiz olmadan eyni iğtişaşları və bəzən eyni faciələri yaşamışıq. Əksinə, bu çətin, lakin maraqlı vaxtlarda bir-birimizə dəstək olaraq bir-birimizdən güc almışıq. Münasibətlərimiz ona görə mükəmməldir ki, yaxın tariximiz çox maraqlı olub və bu müddətdə biz bütün region üçün mühüm olan, lakin, eyni zamanda, regionla məhdudlaşmayan bir sıra layihələrə imza atmışıq.

Energetika sahəsi əməkdaşlığımızda mühüm yer tutur. Bu, çox uğurlu əməkdaşlıq olub. Heç kəsin buna inanmadığı halda, biz Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəmərini və digər layihələri reallaşdıra bildik. Bu, böyük bir uğur hekayəsidir. Artıq bu layihənin tərəfimizdən tamamlanması əməkdaşlığımızın bitdiyi anlamına gəlmir. Münasibətlərimiz həm də ona görə mükəmməldir ki, biz bu gün iki ölkə arasında yeni perspektivləri də müzakirə etdik. Bu perspektivlər iki ölkə sərhədlərindən kənara da çıxır. Çünki biz elə bir regionda yerləşirik ki, bir çox nəqliyyat və ticarət xətləri buradan keçir. Regionda yeni mühüm bir layihəni ərsəyə gətirmək üçün bizim mövqelərimiz üst-üstə düşür. Mən həm Xəzər dənizini, həm Qara dənizi, həm də Şərq və Qərbi əhatə edən daha geniş coğrafiyanı nəzərdə tuturam. Bu, çox çətin, amma ümidverici bir layihədir. Düşünürəm ki, məhsuldar və dost münasibətlərimiz bizə bu kimi iddialı layihələrin öhdəsindən gəlmək imkanı verəcək. Hər iki ölkə çox iddialıdır.

- Azərbaycan və Gürcüstan müxtəlif beynəlxalq təşkilatlarda və regional formatlarda fəal əməkdaşlıq edir. İki ölkə arasındakı siyasi əlaqələrin indiki səviyyəsi beynəlxalq müstəvidə mövqelərimizin dəstəklənməsində hansı rolu oynayır?

-Biz beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birimizə dəstək olmuşuq, işğal edilmiş ərazilərlə, ərazi suverenliyi və bütövlüyü ilə bağlı qarşılıqlı mövqelərimizi dəstəkləmişik. Bir daha deyim ki, bu, bizim ortaq faciəmizdir. Lakin, eyni zamanda, ümid edirik ki, bir gün biz öz ərazi bütövlüyümüzü bərpa edə biləcəyik. Bu, bizim əhalimiz üçün, işğal olunmuş ərazilərin sərhədlərinin hər iki tərəfində yaşayan insanlar üçün çox ağrılı bir prosesdir. Lakin, bu, eyni zamanda, bizim ölkələr üçün çağırışdır.

Biz çağırışı adladıq, ona müqavimət göstərdik və bütün bunlara baxmayaraq, bir-birimizə dəstək olmaqla iqtisadiyyatlarımızın inkişafına nail ola bildik, güclü və müstəqil dövlət qura bildik. Hər kəsin bu hadisələrin ölkələrimizə mənfi təsir göstərdiyini düşündüyü bir halda, biz uğurlu transformasiyanı apara bilmişik. Bu, bizim nəzarət etmədiyimiz uğur deyil. Bizim ərazi bütövlüyümüz məsələsi həmişə böyük problem olaraq qalmaqdadır. Lakin, eyni zamanda, bizim dövlətlərimiz bütün planlaşdırdıqlarına nail ola bilmişdir. Bir daha qeyd edirəm ki, biz bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləməyə davam edəcəyik.

Lakin biz daha çoxunu edə bilərik. Biz nəinki bu iddiaları qarşılıqlı şəkildə dəstəkləyə bilərik, eyni zamanda, bu beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı şəkildə müsbət məsələləri də müdafiə edə bilərik. Bu məsələlərdən biri ətraf mühitin mühafizəsidir. Hər iki dövlət Qafqazın bir region kimi təqdim etdiyi sərvətləri qorumalıdır. Bu regionun florası və faunası bütün dünya üçün mühüm əhəmiyyət kəsb edir. Bu regionda biomüxtəlifliyin qorunması çox vacibdir. Hesab edirəm ki, beynəlxalq konfranslarda üzərimizə götürə biləcəyimiz bəzi mövqeləri paylaşmaqla biz daha çox iş görə bilərik və bu baxımdan eyni mövqeləri müdafiə etmək üçün daha güclü olmalıyıq.

-Cənubi Qafqaz regionu həll olunmamış münaqişələrdən əziyyət çəkir. Azərbaycan və Gürcüstan bir-birinin ərazi bütövlüyünü dəstəkləyir. Münaqişələrin beynəlxalq hüququn normaları çərçivəsində tənzimlənməsi üçün indiki imkanları necə qiymətləndirirsiniz?

-Bugünkü perspektivlərin necə olması bizim əsas problemimizdir. Düşünürəm ki, bu gün sizin perspektivləriniz bizimkindən daha yaxşıdır. Çünki sizin irəliləyiş əldə edə bilməyiniz üçün bəzi əlamətlər var. Gürcüstanın Qafqazda hər iki ölkə ilə münasibətləri var. Əgər Gürcüstan rol oynaya bilsə biz hər zaman yardım etməyə hazırıq, çünki regionumuzda sülh bizim hamımız üçün olduqca vacibdir. Siz, həmçinin bilirsiniz ki, Gürcüstanda Gürcüstan vətəndaşları kimi yaşayan hər iki ölkədən olan insanlar var.

Sülhün olması bizim üçün çox mühüm əhəmiyyət kəsb edir. Biz hər zaman öz ərazimizdə bu xalqlar arasında sülhün saxlanılmasına müvəffəq olmuşuq. Hər zaman heç bir münaqişənin ölkəyə daxil olmamasına müvəffəq olmuşuq. Düşünürəm ki, bu, Gürcüstan üçün böyük əhəmiyyət kəsb edir. İrəliləyişi görmək və ona yardım etmək Gürcüstan üçün çox vacibdir. Bizim tərəfdəki münaqişəyə, işğal olunmuş ərazilərə gəlincə, orada hələ ki, işğal siyasətinə yenidən nəzər salmaq və ya getdikcə çox ağırlaşan bu siyasəti yumşaltmaq istiqamətində heç bir əlamət nümayiş etdirməyən güclü bir ölkə var. Biz hər gün insanlarla birgə sərhədlərin çəkildiyini görürük. Bu, çox mürəkkəb bir vəziyyətdir.

Bizim əlimizdə çox imkan yoxdur, çünki diplomatik əlaqələrimiz mövcud deyil. Ona görə də, biz daha çox tərəfdaşlarımıza, Qərb tərəfdaşlarımıza arxalanırıq ki, bu məsələni rusların diqqətinə çatdırsınlar və onları öz öhdəliklərinə əməl etməyə çağırsınlar. Eyni ilə Azərbaycan da Rusiyaya belə bir mesaj verə bilər ki, qonşuları ilə sülh və qarşılıqlı hörmət münasibətlərinin olması Rusiyanın özü üçün daha yaxşı olar. Bütün region, bəlkə də Rusiya daha yaxşı yaşayar.

-Xanım Prezident, Azərbaycan və Gürcüstan Cənubi Qafqaz və Xəzər hövzəsi regionunda həyata keçirilən bir çox layihələrdə yaxından iştirak edir. Siz ölkələrimizin energetika və nəqliyyat sahələrində həyata keçirilən birgə layihələrdə iştirakını və həmin layihələrin perspektivlərini necə görürsünüz?

-Düşünürəm ki, qeyd etdiyim kimi perspektivlər mükəmməldir. Hazırda bu layihələrə bizim kənar qonşularımızın böyük marağı var. Bunlardan biri Avropa İttifaqıdır. İyulda Batumidə mühüm konfrans keçirəcəyik. Burada əsas diqqət Qara dənizin hər iki tərəfində böyük inkişafın imkanlarından biri kimi nəqliyyat məsələlərinə yönələcək. Bu mənada Xəzər dənizinin bir hissəsi çox mühümdür.

Çünki biz nəqliyyat barədə danışırıqsa, bu o deməkdir ki, biz bütün dəhlizləri - orta dəhlizi və Qara dəniz boyunca dəhlizləri birləşdirməliyik. Düşünürəm ki, bu, XX əsrdəki Bakı-Tbilisi-Ceyhanın XXI əsrdəki ekvivalentidir. Hər ikisi inqilab və çox böyük inkişafdır. Düşünürəm ki, perspektivlər mükəmməldir, bütün tərəfdaşlarımızda - Türkmənistanda, Qazaxıstanda buna böyük maraq var. Xəzər dənizi ilə bağlı razılaşmanın əldə olunması çox yaxşı əlamətdir. Öz tərəfimizdən limanlarımız inkişaf etdirilir, biz üçüncüsünü inşa edirik. Qonşu ölkələrin Qara dənizin digər tərəfinə olan marağı da çox yüksəkdir.

Beləliklə, perspektivlər yaxşıdır. Sözsüz ki, bunun üçün bizim regionda sabitliyə ehtiyacımız var. Ən vacibi budur. Bu gün sülh və sabitlik bizim əsas üstünlüyümüzdür, müsbət üstünlüyümüzdür. Biz bunu qoruyub saxlamalı və inkişaf etdirməliyik.

-Xanım Zurabişvili, bu gün iki qonşu və dost dövlətin qeyri-enerji, xüsusən də turizm sahəsində əlaqələrini dərinləşdirmək üçün böyük potensial var. Sizcə, qeyri-enerji sahəsində prioritetlərimiz hansılar olmalıdır və bu məsələdə ikitərəfli əməkdaşlığın gələcəyini necə görürsünüz?

-İkitərəfli əməkdaşlıq üçün imkanlar çox genişdir və hələ də kəşf etmədiyimiz sahələr çoxdur. Biz diqqəti əsasən enerji sahəsinə cəmləmişik. Lakin düşünürəm, mədəniyyət də bizim kimliyimizin, Qafqaz kimliyinin əsas tərkib hissəsidir. Hesab edirəm, cəmiyyətlər və mədəniyyətlər arasında mübadilə sahəsində hələ arzuolunan səviyyəyə çatmamışıq.

Bu il biz Batumidə “Azərbaycan günləri” keçirməyi planlaşdırırıq. Bu, çox vacib tədbir olacaq. Tədbiri Tbilisidə də keçirməyi nəzərdə tuturuq. Bu məsələləri biz Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə müzakirə etmişik. O, mənim təklif etdiyim bəzi təşəbbüsləri, o cümlədən mədəniyyətlərarası mübadilələrlə bağlı təşəbbüsləri çox böyük maraqla qarşıladı. Həmçinin UNESCO kimi təşkilatlar çərçivəsində Qafqazın təmsilçiləri olaraq birgə təşəbbüslərimiz olsa, fəaliyyətimizi daha səmərəli təşkil edə bilərik. Hətta Ermənistanı da buraya əlavə edə bilərik. Çünki mədəniyyət elə bir sahədir ki, orada hər şey mümkündür. Mədəni kimliyimizi birgə inkişaf etdirməklə bağlı maraqlı perspektivlər də çoxdur. Turizm isə xalqlararası əlaqəni gücləndirməyin digər bir vasitəsidir. Bilirsiniz ki, Gürcüstanda turizmlə bağlı güclü inkişaf olub. Biz müxtəlif vasitələrlə bu inkişafı qonşu ölkələrlə bölüşə və beləliklə, Qafqazı bütün gözəlliklərin vəhdətdə olduğu bir yerə çevirə bilərik.

-Ölkələrimiz arasında humanitar sahədə əlaqələrin daha da yüksək səviyyəyə çatdırılması üçün hər hansı layihələrin həyata keçirilməsi planlaşdırılırmı?

-Bu, elə mənim dediyim məsələdir. Birbaşa mədəni mübadilələr çox vacibdir. Hər iki tərəf xalqlararası anlaşmanı gücləndirmək istiqamətində sərgilər, konsertlər və müxtəlif mədəni tədbirlər təşkil etməlidir. Biz, həmçinin tələbə mübadiləsi istiqamətində çox çalışmalıyıq, çünki bu sahədə istənilən səviyyəyə çatmamışıq. Biz kiçik bir regionda yaşayırıq. Uzun müddətdir ki, biz çox yaxın qonşularıq və dövlətlərimiz arasında dostluq münasibətləri mövcuddur. Təbii ki, cəmiyyətlərimiz arasında da bu münasibətlərin inkişafına çalışmalıyıq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər