Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 46-cı sessiyası çərçivəsində İraqın xarici işlər nazirinin müavini Hazim Al-Yusifi ilə görüşüb.
Xarici İşlər Nazirliyindən Teleqraf.com-a verilən xəbərə görə, görüşdə İraqın xarici işlər naziri Mohamed Ali Alhakimin səmimi salamlarını çatdıran Hazim Al-Yusifi ölkələrimiz arasındakı münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsindən məmnunluq duyduğunu vurğuladı. İraqlı nazir müavini Azərbaycanda böyük inkişafın müşahidə olunduğunu, təhlükəsizliyin və sabitliyin yüksək səviyyədə təmin edildiyini, eləcə də mühüm infrastruktur layihələrinin həyata keçirildiyini bildirərək, tərəflər arasında qarşılıqlı səfərlərin vacibliyini diqqətə çatdırdı. O, nazir Elmar Məmmədyarovu İraqa səfərə dəvət etdi.
Xalqlarımız arasındakı tarixi dostluq əlaqələrindən danışan nazir Elmar Məmmədyarov bir sıra sahələrdə, o cümlədən turizm və təhsil sahələrində əməkdaşlığın inkişafında nailiyyətlərin əldə olunduğunu xüsusi vurğuladı.
Görüşdə tərəflər arasında ikitərəfli əməkdaşlıq perspektivləri, habelə regional məsələlər müzakirə olundu.